Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın genişləndirilməsi və İtaliya şirkətlərinin ölkəmizdəki layihələrdə iştirakı üçün böyük potensial var.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin (ABİF) sədri Ülvi Mansurov Azərbaycan-İtaliya biznes forumu çərçivəsində keçirilən "Strateji və etibarlı tərəfdaşlar arasında iqtisadi əməkdaşlıq və investisiyaların yeni dövrü” mövzusunda plenar sessiyada deyib.
O bildirib ki, birgə müəssisələrin yaradılması, istehsal müəssisələrinin qurulması, qabaqcıl texnologiyaların tətbiqi nəzərdə tutan innovativ və perspektivli təşəbbüsləri böyük maraqla qarşılayırıq: “Bu istiqamətdə Azərbaycan Biznesinin İnkişafı Fondu özəl sektorun inkişafı və investisiya təşəbbüslərinin reallaşdırılmasını dəstəkləyən mühüm maliyyə institutu kimi çıxış edir. İdarəetməsində təxminən 1 milyard dollar həcmində aktiv olan dövlət maliyyə institutu olaraq ABİF kapital investisiyaları, güzəştli kreditlər, dövlət zəmanətləri və faiz subsidiyaları kimi maliyyə alətləri təqdim edir. Fondun əsas məqsədi özəl sektorun maliyyə resurslarına çıxışını asanlaşdırmaq, investisiya risklərini bölüşdürmək, özəl kapitalın cəlb edilməsini təşviq etməkdir. Kapital investisiya mexanizmi çərçivəsində ABİF layihələrin nizamnamə kapitalının 30 faizədək hissəsini investisiya yatırmaqla layihələrdə minoritar səhmdar qismində iştirak edir”.
“Güzəştli kreditlər vasitəsilə maliyyələşdirmə fəaliyyətimizin digər əsas istiqamətlərindən biridir. Bu, mikro, kiçik və orta dövriyyə kapitalının maliyyələşdirilməsi, kapital xərcləri, yaşıl təşəbbüslər, strateji investisiya layihələri, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələr, eləcə də mikromaliyyələşdirmə də daxil olmaqla müxtəlif biznes ehtiyaclarını əhatə edir. Maliyyələşdirmənin istiqamətindən və layihənin xüsusiyyətlərindən asılı olaraq güzəştli kreditlərin məbləği 30 milyon manat - təxminən 18 milyon dollar təşkil edə bilər. Kreditin müddəti 10 ilədək, illik faiz dərəcələri 5 və 8 faiz arasında dəyişir. ABİF dövlət zəmanəti və faiz subsidiyası mexanizmlərini tətbiq etməklə sahibkarların maliyyələşdirmə imkanlarını genişləndirməsinə dəstək göstərir. Bu proqramlar çərçivəsində müvafiq meyarlara cavab verən layihələr maliyyə vəsaiti əldə edə bilərlər. Bu zəmanətlər layihənin yerləşdiyi ərazidən və müvafiq proqram tələblərindən asılı olaraq kredit məbləğinin 90 faizə qədər dövlət zəmanəti ilə təmin olunur. Eyni zamanda, verilən kreditin faiz dərəcəsinin yarısını 3 ilədək müddət ərzində subsidiya şəklində ödəyir”, - deyə Ü.Mansurov qeyd edib.
"Bundan əlavə, İtaliyanın SACE və CDP ilə əməkdaşlığımızın da xüsusi əhəmiyyətini vurğulamaq istəyərdim. Bu tərəfdaşlıq həm İtaliya, həm də Azərbaycan biznes dairələrinin təşəbbüslərinə hökumət səviyyəsində dəstəyin göstərilməsi üçün möhkəm zəmin yaradır. Eyni zamanda, əməkdaşlığımızın İtaliya şirkətlərinin Azərbaycana investisiya yatırmaq marağını artıracağına və yeni investisiya layihələrinin həyata keçirilməsinə təkan verəcəyinə inanıram", - deyə o bildirib.