ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçməsi ilə bağlı bəyanat verib.
Səfir bildirib ki, Amerika Birləşmiş Ştatları yeni prezidentlik müddətində Prezident İlham Əliyevlə və Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyir. Diplomat diqqətə çatdırıb ki, istənilən tərəfdaşlar arasında olduğu kimi, bizim də çoxlu ortaq maraqlarımız var. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində bundan sonra da Azərbaycan Hökuməti ilə fəal əməkdaşlıq edəcəklərini vurğulayıb.
R.Morninqstar, həmçinin diqqətə çatdırıb ki, ABŞ-Azərbaycan ikitərəfli gündəliyi geniş və önəmlidir. Buraya regional təhlükəsizlik, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi və iqtisadi şaxələndirmə məsələləri daxildir. Səfir vurğulayıb ki, rəsmi Vaşinqton növbəti beş ildə Azərbaycan xalqı və Hökuməti ilə əlaqələri genişləndirməyə və dərinləşdirməyə ümid edir.