Zəngəzur dəhlizinin (TRİPP) texniki parametrlərinin Azərbaycanla razılaşdırılması zəruridir
Azərbaycanın regionda yaratdığı yeni reallıqlar artıq özünün məntiqi nəticələrini verməkdədir. Vətən müharibəsində qazanılan tarixi qələbə yalnız ərazi bütövlüyümüzün bərpası ilə məhdudlaşmadı, eyni zamanda Cənubi Qafqazda tamamilə yeni siyasi, təhlükəsizlik və iqtisadi konfiqurasiyanın formalaşmasına yol açdı. Uzun illər münaqişə və qarşıdurma məkanı kimi tanınan region bu gün mərhələli şəkildə əməkdaşlıq və inkişaf platformasına çevrilməkdədir. Bu dəyişikliklərin mərkəzində isə məhz Azərbaycanın düşünülmüş və uzaqgörən siyasəti dayanır.
Müharibədən sonra formalaşan yeni təhlükəsizlik arxitekturası region dövlətləri üçün dayanıqlı sülh imkanları ilə yanaşı, geniş iqtisadi perspektivlər də yaradıb. Azərbaycan öz qətiyyətli mövqeyi ilə sübut etdi ki, güclü dövlətçilik yalnız hərbi potensialla deyil, eyni zamanda iqtisadi və diplomatik imkanların düzgün uzlaşdırılması ilə mümkündür. Bu yanaşma Cənubi Qafqazın qlobal iqtisadi transformasiyalarda iştirakını qaçılmaz edir, regionu beynəlxalq ticarət və logistika zəncirlərinin mühüm həlqəsinə çevirir. Yeni reallıqlar fonunda Cənubi Qafqaz artıq qapalı geosiyasi məkan deyil, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji körpü kimi çıxış edir. Azərbaycanın təşəbbüskarı olduğu nəqliyyat və enerji layihələri regionun iqtisadi xəritəsini yenidən formalaşdırır, ölkəmizin rolunu əsas aparıcı qüvvə kimi möhkəmləndirir. Bu kontekstdə Zəngəzur dəhlizi (TRİPP) ideyası təkcə regional layihə deyil, qlobal əhəmiyyət daşıyan meqalayihə kimi dəyərləndirilir.
Vurğulandığı kimi, müharibədən sonra bu dəhlizin açılması istiqamətində aparılan ardıcıl siyasi xətt artıq konkret nəticələr verməkdədir. Ötən ilin avqustunda Vaşinqtonda siyasi təsdiqini əldə edən Zəngəzur dəhlizi təşəbbüsü yeni dövrdə Cənubi Qafqaz üçün tamamilə fərqli inkişaf perspektivləri vəd edir. Bu layihə regionun tranzit imkanlarını genişləndirir, iqtisadi inteqrasiyanı sürətləndirir və uzunmüddətli sabitliyin əsas dayaqlarından birinə çevrilir. Azərbaycanın yaratdığı yeni reallıqlar isə bir daha göstərir ki, ölkəmizin apardığı siyasət yalnız milli maraqlara deyil, bütövlükdə regionun inkişafına xidmət edir. Artıq Ermənistan da bu reallığı anlayıb.
Paşinyandan Zəngəzur dəhlizi (TRİPP) açıqlaması...
Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi layihəsinin praktiki icra mərhələsinə keçildiyini bildirib. Paşinyan bu barədə Ermənistan parlamentində hökumətlə sual-cavab sessiyası zamanı danışıb. Baş nazirin sözlərinə görə, əsas addımlardan biri Ermənistanın dövlət sərhədinin cənub hissəsində delimitasiya və demarkasiya işlərinin aparılması olacaq. Həmin sərhəd hissəsinin uzunluğu dəmir yolu, avtomobil yolu, boru kəmərləri və digər nəqliyyat-enerji kommunikasiyalarının çəkilməsi üçün texniki tələblər nəzərə alınmaqla müəyyən ediləcək. Paşinyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Zəngəzur dəhlizinin texniki parametrlərinin Azərbaycanla razılaşdırılmasının zəruriliyi barədə açıqlamasına da münasibət bildirib.
“Burada bir məqam var: dəmir yolu tikilir və başqa bir dəmir yoluna birləşməlidir. Başa düşürəm ki, biz Mehri ətrafında dövrə vuracaq və heç bir yerə bağlanmayacaq öz suveren dəmir yolumuzu tikmək istəyirik, amma bu, sizin ideyanızdır”, - deyə Paşinyan bildirib.
Baş nazir vurğulayıb ki, Ermənistan dəmir yolunun Azərbaycan dəmir yolu ilə birləşdirilməsinin tərəfdarıdır və bunun üçün texniki parametrlər fəal şəkildə razılaşdırılmalıdır. “Məhz buna görə üçtərəfli işçi qrupu yaradılıb”, - o əlavə edib.
Qlobal və regional perspektivlər...
Qeyd edək ki, Zəngəzur dəhlizinin (TRİPP) fəaliyətə başlaması həm qlolbal, həm də regional baxımdan böyük üstünlüklər vəd edir. Yeni və daha təhlükəsiz logistika marşrutu olaraq Zəngəzur dəhlizi Avrasiyanın mərkəzində yerləşməklə həm inkişaf etmiş nəqliyyat infrastrukturu, həm də siyasi sabitlik baxımıdan diqqəti cəlb edir. Zəngəzur dəhlizi bütövlükdə Avrasiya məkanında ticarət xəritəsini dəyişdirə biləcək strateji təşəbbüsdür. Azərbaycanın əldə etdiyi qələbə Mərkəzi Asiyadan keçən və Çin iqtisadi məkanını Qərb bazarları ilə birləşdirən ticarət xəttinin məhz bu regiondan keçməsini zəruri etdi. Bu marşrut Çin - Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya - Avropa istiqamətində formalaşan geniş logistika sisteminin əsas komponentlərindən biri ekimi çıxış edir. Azərbaycan isə bu sistemin əsas koordinasiya mərkəzidir - Bakı həm siyasi təşəbbüsləri, həm də həyata keçirdiyi iri infrastruktur layihələri vasitəsilə regionun tranzit potensialını reallaşdırmağa nail olub. Zəngəzur dəhlizi isə bu logistika sisteminin tamamlayıcı elementi kimi xüsusi əhəmiyyət daşıyır. Paralel olaraq Zəngəzur dəhlizi siyasi və geosiyasi baxımdan olduğu qədər iqtisadi cəhətdən də yüksək səmərəlilik indesinə malikdir. Müasir qlobal iqtisadi sistemdə logistika xərclərinin azaldılması və ticarət marşrutlarının optimallaşdırılması dövlətlərin iqtisadi strategiyalarında əsas prioritetlərdən biri hesab olunur. Bu baxımdan, Zəngəzur dəhlizi digər alternativ marşrutlarla müqayisədə bir sıra mühüm üstünlüklərə malikdir.
Yeni enerji marşrutlarının dəstəkçisi...
Zəngəzur dəhlizinin (TRİPP) öz analogiyalarından əsas fərqli genişspektli olmasıdır. Dəhliz yalnız nəqliyyat və logistika layihəsi kimi deyil, həm də enerji əməkdaşlığının genişləndirilməsi baxımından mühüm platforma kimi çıxış edə bilər. təsadüfi deyil ki, Azərbaycan artıq uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Xəzər hövzəsinin enerji ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması üçün həyata keçirilən layihələr ölkəni regionun əsas enerji mərkəzlərindən birinə çevirib. Bu baxımdan yeni nəqliyyat və kommunikasiya marşrutlarının yaradılması enerji layihələrinin də genişlənməsinə əlavə imkanlar yaradır. Müasir dövrdə rejgional konfrantasiyalar zamanı ənənəvi enerji marşurutlarının bağlanmasının təsirləri açıq şəkildə hiss olunur.
Zəngəzur dəhlizi (TRİPP) vasitəsilə yalnız ənənəvi enerji resurslarının deyil, həm də “yaşıl enerji”nin Avropa bazarlarına çatdırılması perspektivləri də mövcuddur. Azərbaycan son illərdə bərpa olunan enerji sahəsində böyük layihələr həyata keçirir və bu istiqamətdə
beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin “yaşıl enerji zonası” elan edilməsi də bu strategiyanın mühüm elementlərindən biridir. Bu baxımdan Zəngəzur dəhlizi (TRİPP) yeni enerji xətlərinin çəkilməsi üçün əlverişli marşrut hesab olunur. Elektrik enerjisi ötürmə xətləri, enerji infrastrukturu və digər texniki layihələr bu dəhliz boyunca inkişaf etdirilə bilər.
Geostrateji imkanlar, perspektivlər...
Qeyd edək ki, Zəngəzur dəhlizinin (TRİPP) reallaşması birinci növbədə mühüm geocoğrafi situasiya yaradacaq. Yeni iqtisadi nizamda Şərq-Qərb tranzitini birləşdirəcək dəhliz digər region ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir. Çünki dəhlizin Şimal-Cənub xətti ilə perpendikulyar şəkildə kəsişməsi ikinci xətt üzərində olan dövlətlərin də maraq dairəsini buraya istiqamətləndirir. Başqa sözlə, dəhliz ətraf dövlətlərin də iqtisadi maraqlarına cavab verən amil kimi çıxış edir. Eyni zamanda, Zəngəzur dəhlizi (TRİPP) təhlükəsiz marşurut sayılır. İnfrastruktur baxımından da Zəngəzur dəhilizi (TRİPP) olduqca əlverişlidir. Zəngəzur dəhlizinin (TRİPP) ən mühüm üstünlüklərindən biri isə Avropa ilə Asiyanı birləşdirməklə yanaşı, Yaxın Şərq regionuna da yaxınlığıdır. Türkiyə vasitəsilə təkcə Avropaya deyil, eləcə də Yaxın Şərqə çıxış imkanı qazanacaq layihə tərəfdaşları bu üstünlükdən də yararlanmış olacaqlar.
Paralel olaraq bu dəhliz Ermənistanın yeni inkişaf mərhələsinə qədəm qoymasını şərtləndircək. Qeyd edək ki, Zəngəzur dəhlizinin (TRİPP) açılması Ermənistan üçün həm siyasi, həm də iqtisadi dividendlər vəd edir. Belə ki, Zəngəzur dəhlizi Ermənistanın regional ticarət yollarına çıxışını bərpa etməyə və daha böyük iqtisadi məkana inteqrasiya etməyə imkan verəcək. Dəhliz vasitəsilə Ermənistan daha böyük xarici bazarlara çıxış imkanı qazanacaq.
P.İSMAYILOV