Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti türkiyəli həmkarı İsmət Yılmazın dəvəti ilə Ankarada səfərdədir.
Azərbaycan nümayəndə heyəti Ankarada Ulu öndər Heydər Əliyevin abidəsini və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edib.
Azərbaycanın və Türkiyənin müdafiə nazirləri Zakir Həsənov və İsmət Yılmazın görüşündə iki qardaş ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Zakir Həsənov Türkiyə Milli Müdafiə Nazirliyinin Fəxri qonaqlar kitabını imzalayıb.
Azərbaycan nümayəndə heyətini Türkiyə Prezidenti Abdullah Gül də qəbul edib. Zakir Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkiyə Prezidentinə çatdırıb. Prezident Abdullah Gül də onun salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.
Görüşdə Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən müdafiə sahəsində əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub.
Görüşlərdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov da iştirak edib.
Səfər çərçivəsində Zakir Həsənovun Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özəllə də görüşü olacaq.
Nümayəndə heyəti, həmçinin Türk Aviasiya və Kosmik Sənayesi şirkəti və ASELSAN şirkəti ilə tanış olacaq.