Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə bu ilin yanvarında Bakıda keçirilmiş Humanitar Forumdan sonrakı müddətdə iki ölkənin mövcud strukturları arasındakı əlaqələr müzakirə edilib, həmin Forumun gələcəkdə Beynəlxalq Humanitar Forum kimi mütəmadi surətdə təşkil olunması və keçirilməsi ilə bağlı iki ölkə prezidentlərinin təşəbbüsünə uyğun olaraq bəzi təşkilati məsələlər və onların həyata keçirilməsinin detalları haqqında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Forumun hər il sentyabr ayında Bakı şəhərində, “Bakı Beynəlxalq Humanitar Forumu” adı ilə yaxın və uzaq xarici ölkələrdən dəvət olunmuş nüfuzlu elm, təhsil, mədəniyyət, incəsənət, ictimai-siyasi və digər nümayəndələrin iştirakı ilə keçirilməsi qərara alınıb.
Administrasiya rəhbərlərinin görüşün
də Azərbaycan və Rusiya arasındakı ikitərəfli münasibətlərin digər aktual məsələləri də müzakirə olunub və qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı ümumi razılığa gəlinib. Xüsusən, iki ölkə arasında ictimai-siyasi, iqtisadi, mədəniyyət, informasiya və s. sahələrdə ikitərəfli və çoxtərəfli məsələlərlə bağlı birgə və ortaq maraqlardan çıxış edərək, səmərəli qarşılıqlı fəaliyyətin formalaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.
* * *
Azərbaycanda səfərdə olan Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstəsi qoyulub.
Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin avqustun 2-də Şəhidlər Xiyabanına da gələrək, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Rusiya Prezidenti Administrasiyasının rəhbərinə Şəhidlər Xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Sergey Narışkin Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.