Fransanın bəzi şəhərlərinin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş şəhərləri ilə imzaladığı dostluq və əməkdaşlıq “xartiyalar”ının heç bir hüquqi əsası yoxdur. Fransanın Xarici və Daxili İşlər nazirlikləri ölkənin regionlarında olan merlərə təlimatlar göndərib, Dağlıq Qarabağdakı şəhərlərlə bütün əməkdaşlıq əlaqələri qadağan edilib.
Bu sözləri Horadiz şəhərində Fransanın Alzas-Şampan-Arden-Loran regionunun Altkirch şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı Jean-Luc Reitzer jurnalistlərə müsahibəsində deyib. Bildirib ki, Dağlıq Qarabağ və ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal edilib. Fransa ATƏT-in Minsk qrupunun üzvü, BMT-nin Təhlükəsizlik Şurasına daxil olan ölkə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır. Bu ərazilər tezliklə işğaldan azad edilməlidir.