Küveyt Xəbərlər Agentliyi (KUNA) 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya sədrlik edəcək AZƏRTAC-la əlaqələrini yüksək qiymətləndirir.
Bu fikri Londonda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclası çərçivəsində AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovla görüşündə KUNA-nın Baş direktoru, Ərəb Ölkələri Xəbər Agentlikləri Federasiyasının (FANA) prezidenti Şeyx Mübarək əd-Dueyc əs-Sabah səsləndirib.
KUNA-nın və AZƏRTAC-ın rəhbərləri 2016-cı ilin noyabrında Bakıda keçiriləcək Dünya Xəbər Agentlikləri V Konqresinin təşkilati məsələləri və gündəliyi, agentliklər arasında əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Şeyx Mübarək əd-Dueyc əs-Sabah Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya sədrliyi dövründə AZƏRTAC-a uğurlar arzulayıb.
KUNA və AZƏRTAC-ın baş direktorlarının görüşü Küveyt Xəbərlər Agentliyinin internet portalında da işıqlandırılıb.