Balkanlar Avropa İttifaqına necə daxil olacaq?
Avropanın siyasi xəritəsində yeni geosiyasi rəqabət mərhələsi başlayıb. Bu dəfə söhbət müharibələrdən, sərhədlərin dəyişdirilməsindən və ya ərazi mübahisələrindən yox, Avropa İttifaqının gələcək siyasi və iqtisadi sərhədlərinin hansı istiqamətdə genişlənəcəyindən gedir. Bir tərəfdə vaxtilə Avropa inteqrasiyasının aparıcı iştirakçılarından biri olmuş, lakin sonradan İttifaqı tərk etmiş Böyük Britaniya, digər tərəfdə isə Avropanın siyasi və iqtisadi sisteminə qoşulmağa çalışan Qərbi Balkan ölkələri dayanır. Bu iki fərqli istiqamət müasir Avropanın qarşısında duran mühüm sualı gündəmə gətirir: Avropa İttifaqı gələcəkdə daha geniş siyasi birlik kimi formalaşacaq, yoxsa mövcud üzvlərin maraqları və daxili ziddiyyətləri onun genişlənmə imkanlarını məhdudlaşdıracaq?
Hazırda Avropa İttifaqının 27 üzvü var. Lakin bu birlik yarandığı gündən indiki siyasi və iqtisadi quruluşa malik olmayıb. Avropa inteqrasiyasının əsası İkinci Dünya müharibəsindən sonra, Avropa dövlətlərinin yeni hərbi qarşıdurmaların qarşısını almaq, iqtisadi bərpanı sürətləndirmək və qarşılıqlı asılılıq yaratmaq məqsədilə əməkdaşlığa başlamasıyla qoyulub. 1951-ci ildə Fransa, Almaniya Federativ Respublikası, İtaliya, Belçika, Niderland və Lüksemburq Avropa Kömür və Polad Birliyini yaratdı. 1957-ci ildə imzalanmış Roma müqavilələri isə Avropa İqtisadi Birliyinin formalaşmasına yol açdı. Sonrakı onilliklər ərzində bu inteqrasiya modeli genişlənərək vahid bazarı, ümumi institutları və ortaq hüquqi məkanı əhatə edən müasir Avropa İttifaqına çevrildi. 1973-cü ildə Böyük Britaniya, İrlandiya və Danimarkanın, 1981-ci ildə Yunanıstanın, 1986-cı ildə İspaniya və Portuqaliyanın, 1995-ci ildə Avstriya, Finlandiya və İsveçin üzvlüyü genişlənmənin ardıcıl mərhələləri oldu. 2004-cü ildə Mərkəzi və Şərqi Avropanın on dövlətinin eyni vaxtda İttifaqa qəbul edilməsi isə onun tarixində ən böyük genişlənmə kimi yadda qaldı. 2007-ci ildə Bolqarıstan və Rumıniya, 2013-cü ildə Xorvatiya Avropa İttifaqının üzvünə çevrildi.
Lakin Avropa inteqrasiyası tarixində bütün proseslər genişlənmə istiqamətində inkişaf etmədi. Bu tendensiyanın ən mühüm nümunəsi Böyük Britaniyanın Avropa İttifaqından çıxması oldu. 23 iyun 2016-cı ildə keçirilmiş referendumda iştirakçıların 51,9 faizi ölkənin İttifaqı tərk etməsinə səs verdi. Referendumun nəticəsi yalnız Avropa institutlarına münasibətin ifadəsi deyildi, Britaniya cəmiyyətində milli suverenlik, miqrasiya, iqtisadi müstəqillik, dövlət büdcəsi və siyasi qərarvermə mexanizmləriylə bağlı uzun müddət yığılıb qalmış narazılıqların siyasi ifadəsi idi. Brexit tərəfdarları hesab edirdilər ki, ölkənin gələcəyi ilə bağlı əsas qərarlar Brüsseldə yox, Londonun özündə qəbul edilməlidir. Onların fikrincə, Avropa İttifaqının ümumi qaydaları Britaniyanın iqtisadi və siyasi imkanlarını məhdudlaşdırır, milli hökumətin müstəqil qərarvermə səlahiyyətlərini zəiflədir.
Böyük Britaniya 31 yanvar 2020-ci ildə hüquqi baxımdan Avropa İttifaqını tərk etdi. Həmin ilin sonunadək davam edən keçid dövründən sonra - 1 yanvar 2021-ci ildən ölkə artıq Aİ-nin vahid bazarının və gömrük ittifaqının üzvü deyildi. Bununla belə Brexit Britaniyanın Avropadan coğrafi, iqtisadi və siyasi baxımdan ayrılması demək olmadı. London Avropa dövlətləriylə ticarət, təhlükəsizlik, müdafiə və diplomatik münasibətlərini yeni hüquqi mexanizmlər əsasında davam etdirdi. Bu təcrübə göstərdi ki, Avropa İttifaqına üzvlük dövlətlərin dəyişməz və geridönməz siyasi seçimi deyil, dövlətlər müəyyən tarixi şəraitdə inteqrasiyanı dərinləşdirmək, yaxud mövcud münasibətlərin formasını dəyişdirmək qərarı verə bilər.
Maraqlıdır ki, Böyük Britaniya Avropa İttifaqından çıxarkən Qərbi Balkanın altı dövləti tam əks istiqamətdə hərəkət edir. Albaniya, Bosniya və Herseqovina, Kosovo, Monteneqro, Şimali Makedoniya və Serbiya Avropa inteqrasiyasını özlərinin uzunmüddətli siyasi və iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biri hesab edir. İlk baxışda bu, müəyyən paradoks təsiri bağışlayır: bir dövlət onilliklər ərzində iştirak etdiyi siyasi-iqtisadi birlikdən ayrılır, digər dövlətlər isə həmin birliyə daxil olmaq üçün uzun illər islahat aparır. Lakin bu fərq təzadlı deyil, çünki hər bir dövlətin inteqrasiyaya münasibəti onun milli maraqları, iqtisadi imkanları, tarixi təcrübəsi və geosiyasi mövqeyilə müəyyənləşir.
Qərbi Balkanın Avropa İttifaqı üçün əhəmiyyəti ilk növbədə coğrafi mövqeyinə bağlıdır. Region Mərkəzi Avropa ilə Aralıq dənizi hövzəsi arasında mühüm nəqliyyat və iqtisadi əlaqə məkanıdır. Eyni zamanda, Balkanlarda sabitliyin qorunması Avropanın cənub-şərq sərhədlərinin təhlükəsizliyi, enerji təchizatı, nəqliyyat marşrutlarının fasiləsiz fəaliyyəti və regional iqtisadi əlaqələrin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Avropa İttifaqı regionun ən böyük ticarət tərəfdaşı, əsas investorlarından biri və mühüm maliyyə donorudur. 2024-cü ildə Aİ ilə Qərbi Balkan arasında mal ticarətinin həcminin 83 milyard avronu keçməsi onların qarşılıqlı iqtisadi asılılığının miqyasını göstərir. Bu rəqəm həm də onu təsdiqləyir ki, Qərbi Balkanın Avropa iqtisadiyyatından kənarda qalması real iqtisadi baxımdan mümkün olmayan ssenaridir.
Lakin regionun strateji əhəmiyyəti yalnız ticarət və investisiyalarla məhdudlaşmır. Qərbi Balkan Avropa İttifaqı, Rusiya, Çin və Türkiyənin maraqlarının müəyyən mənada kəsişdiyi geosiyasi məkandır. Çin regionda infrastruktur, liman, avtomobil və dəmir yolları, enerji və sənaye layihələrinə investisiya qoymaqla iqtisadi mövqelərini genişləndirir. Rusiya isə xüsusilə Serbiya ilə tarixi, siyasi, mədəni və enerji əlaqələri vasitəsilə təsir imkanlarını qorumağa çalışır. Türkiyə regionda iqtisadi əməkdaşlıq, investisiyalar, humanitar əlaqələr və diplomatik münasibətlər əsasında fəallığını davam etdirir. Bu dövlətlərin məqsədləri və regiondakı fəaliyyət mexanizmləri fərqli olsa da, onların mövcudluğu Avropa İttifaqının Qərbi Balkana münasibətində geosiyasi amilin əhəmiyyətini artırır.
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra Avropa İttifaqının genişlənmə siyasətində də ciddi dəyişiklik baş verdi. Əvvəllər əsasən demokratikləşmə, iqtisadi inkişaf və hüquqi uyğunlaşma vasitəsi kimi nəzərdən keçirilən genişlənmə artıq Avropanın təhlükəsizlik arxitekturasının mühüm elementinə çevrildi. Brüssel anladı ki, Avropanın qonşuluğunda siyasi qeyri-sabitlik, institusional zəiflik və geosiyasi boşluq yalnız həmin regionun yox, bütövlükdə Avropa qitəsinin təhlükəsizliyi üçün risk yaradır. Bu səbəbdən Qərbi Balkanın inteqrasiyası Avropa İttifaqının strateji maraqları baxımından daha aktual xarakter aldı.
Bu siyasətin iqtisadi əsaslarından biri 2023-cü ildə təqdim edilmiş Qərbi Balkan üçün Artım Planıdır. 2024-2027-ci illəri əhatə edən proqram çərçivəsində region ölkələri üçün 6 milyard avro həcmində maliyyə dəstəyi nəzərdə tutulub. Bunun 2 milyard avrosu qrantlardan, 4 milyard avrosu isə güzəştli kreditlərdən ibarətdir. Proqramın əsas məqsədi Qərbi Balkan dövlətlərinin Avropa İttifaqının vahid bazarına mərhələli şəkildə yaxınlaşmasını, regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsini və institusional islahatların sürətləndirilməsini təmin etməkdir. Burada mühüm məqam maliyyə vəsaitlərinin avtomatik ayrılmamasıdır: ölkələr müəyyən edilmiş islahat gündəliklərini yerinə yetirməli, iqtisadi və hüquqi dəyişiklikləri həyata keçirməli, korrupsiyaya qarşı mübarizə, məhkəmə müstəqilliyi, dövlət idarəçiliyi və demokratik institutların fəaliyyəti sahəsində konkret nəticələr nümayiş etdirməlidir.
Beləliklə, Avropa İttifaqı namizəd ölkələrə yalnız gələcək üzvlük vədi verməklə kifayətlənmir, həmin üzvlüyün iqtisadi üstünlüklərinin bir hissəsini əvvəlcədən təqdim etməyə çalışır. Bu, xüsusilə vacibdir, çünki onilliklər ərzində davam edən danışıqlar namizəd dövlətlərdə Avropaya inteqrasiyanın ictimai dəstəyini zəiflədə bilər. Vətəndaşlar üzvlüyün yalnız gələcəkdə qazanılacaq siyasi status yox, gündəlik həyatda hiss edilən iqtisadi və sosial üstünlüklər yaratmasını gözləyirlər. Mobil rabitə, nəqliyyat, enerji, rəqəmsal xidmətlər, təhsil və əmək bazarına çıxış imkanlarının genişləndirilməsi bu baxımdan əhəmiyyətlidir.
2026-cı ilin noyabr ayının 4-də Avropa Komissiyasının açıqladığı yeni Genişlənmə Paketi isə bu siyasətin daha konkret mərhələyə keçdiyini göstərdi. Avropa Komissiyasının illik hesabatında namizəd ölkələrin son bir il ərzində göstərdiyi nəticələr qiymətləndirildi, gələcək islahatların prioritetləri müəyyənləşdirildi və ilk dəfə ən irəlidə olan dörd ölkə - Monteneqro, Albaniya, Moldova və Ukrayna üçün üzvlük danışıqlarının növbəti mərhələlərini əhatə edən konkret yol xəritələri təqdim olundu. Bu, genişlənmə siyasətində mühüm yenilikdir, çünki Brüssel artıq yalnız ümumi siyasi məqsədlər və tövsiyələr irəli sürmür, eyni zamanda namizəd ölkələrin qarşısında konkret mərhələlər, vaxt hədəfləri və ölçülə bilən nəticələr müəyyənləşdirir.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen yeni sənədi təqdim edərkən genişlənmə vədinin real nəticələrə çevrilməsinin mümkün olduğunu bildirdi. Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas isə genişlənmənin Avropanın təhlükəsizliyi, geosiyasi çəkisi və iqtisadi imkanları baxımından əhəmiyyətini vurğuladı. Onun fikrincə, daha böyük Avropa İttifaqı yalnız daha geniş bazar deyil, həm də beynəlxalq münasibətlərdə daha güclü siyasi aktor deməkdir. Yeni hesabatda ilk dəfə təhlükəsizlik və müdafiə məsələlərinə ayrıca diqqət yetirilməsi də təsadüfi deyil. Müasir geosiyasi şəraitdə namizəd ölkələrin Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinə uyğunlaşması, müdafiə əməkdaşlığında iştirakı və hibrid təhdidlərə qarşı mübarizə imkanları üzvlük prosesinin mühüm elementlərinə çevrilib.
Bu baxımdan Monteneqro hazırda Avropa İttifaqına üzvlük istiqamətində ən irəlidə olan ölkədir. Ölkə 2008-ci ilin dekabrında üzvlük üçün müraciət edib, 2010-cu ildə namizəd statusu alıb, 2012-ci ilin iyununda isə üzvlük danışıqlarına başlayıb. Monteneqronun üstünlüklərindən biri Avropa və Avro-Atlantik inteqrasiyasını ardıcıl şəkildə dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirməsidir. Ölkə 2017-ci ildə NATO-ya üzv olub, bununla da müdafiə və təhlükəsizlik sahəsində Qərb strukturlarına inteqrasiyasını gücləndirib. Avropa İttifaqına üzvlük isə onun növbəti strateji məqsədidir.
Noyabrın 4-də açıqlanmış Avropa Komissiyası hesabatına əsasən, Monteneqro 33 danışıqlar fəslinin hamısını açıb və onlardan 21-ni müvəqqəti bağlayıb. Bu göstərici ölkəni digər Qərbi Balkan namizədlərindən xeyli irəli çıxarır. Daha əhəmiyyətlisi budur ki, Avropa Komissiyası Monteneqronun üzvlük müqaviləsinin hazırlanması istiqamətində işlərin artıq ciddi mərhələyə çatdığını və ölkənin maliyyə paketiylə bağlı təkliflərin təqdim edildiyini bildirib. Komissiyanın qiymətləndirməsinə görə, üzv dövlətlərin razılığı və islahatların davam etdirilməsi şərtilə qalan danışıqlar fəsillərinin 2026-cı ilin sonunadək müvəqqəti bağlanması realdır. Reuters agentliyinin 4 noyabr 2026-cı il tarixli məlumatına əsasən, Monteneqro ilə üzvlük müqaviləsinin 2027-ci ilin iyununda imzalanması perspektivi nəzərdən keçirilir. Ölkənin 2028-ci ildə Avropa İttifaqının 28-ci üzvü olmaq məqsədi də məhz bu siyasi və hüquqi hazırlıq üzərində qurulub.
Lakin Monteneqronun qarşısında hələ də ciddi vəzifələr dayanır. Məhkəmə sisteminin müstəqilliyinin möhkəmləndirilməsi, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə, dövlət institutlarının effektivliyinin artırılması və siyasi qüvvələr arasında davamlı razılaşmanın təmin edilməsi üzvlük prosesinin son mərhələsində xüsusi əhəmiyyət daşıyır, çünki Avropa İttifaqına üzvlük yalnız danışıq fəsillərinin bağlanmasıyla tamamlanmır, üzvlük müqaviləsinin imzalanmasından sonra onun bütün mövcud üzv dövlətlər tərəfindən ratifikasiyası tələb olunur. Buna görə 2028-ci il Monteneqro üçün real siyasi hədəf olsa da, əvvəlcədən təmin edilmiş üzvlük tarixi kimi qiymətləndirilməməlidir.
Albaniya da son illər Avropaya inteqrasiya istiqamətində sürətli irəliləyiş əldə edən ölkələr sırasındadır. Ölkə 2009-cu ildə üzvlük üçün müraciət edib, 2014-cü ildə namizəd statusu alıb, 2022-ci ildə isə üzvlük danışıqlarına başlayıb. Albaniyanın üstünlüklərindən biri xarici siyasət istiqamətinin Avropa İttifaqının ümumi mövqeyilə yüksək səviyyədə uzlaşmasıdır. Ölkə 2009-cu ildən NATO üzvüdür və Avropaya inteqrasiyanı iqtisadi modernləşmə, siyasi sabitlik və beynəlxalq mövqelərin gücləndirilməsi vasitəsi hesab edir.
Noyabrın 4-də təqdim olunmuş hesabat Albaniyanın danışıqlarda mühüm mərhələyə çatdığını təsdiqlədi. Ölkə bütün danışıq klasterlərini açıb, hüququn aliliyi ilə bağlı əsas aralıq meyarları yerinə yetirib və dörd danışıqlar fəslinin müvəqqəti bağlanmasına imkan yaradan mərhələyə çatıb. Avropa Komissiyası Albaniyanın 2027-ci ilin sonunadək üzvlük danışıqlarını yekunlaşdırmaq məqsədini iddialı, lakin real hesab edir. Bunun üçün islahatların sürətinin qorunması, parlamentdə siyasi dialoqun genişləndirilməsi, məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi və korrupsiyaya qarşı mübarizənin davam etdirilməsi vacibdir.
Bununla belə, Albaniyanın qarşısında yalnız texniki və hüquqi məsələlər dayanmır. Ölkədə siyasi qütbləşmə, hökumət və müxalifət arasında qarşıdurma, vətəndaş cəmiyyətinin narahatlıqları və korrupsiya ilə bağlı problemlər Avropa Komissiyasının diqqət mərkəzindədir. 2026-cı il hesabatında Albaniyada demokratik keçid dövründən bəri ən böyük vətəndaş səfərbərliyinin qeydə alındığı da vurğulanıb. Bu fakt göstərir ki, Avropaya inteqrasiyanın uğuru yalnız hökumətin Brüssel qarşısında götürdüyü öhdəliklərdən yox, cəmiyyətin islahatlara inamından və siyasi institutların ictimai etimad qazanmasından da asılıdır.
Serbiyanın vəziyyəti isə tam fərqlidir. Ölkə 2009-cu ildə Avropa İttifaqına üzvlük üçün müraciət edib, 2012-ci ildə namizəd statusu alıb, 2014-cü ildə isə danışıqlara başlayıb. Lakin Serbiyanın Avropa inteqrasiyası uzun müddətdir ki, xarici siyasətdəki geosiyasi seçimlər və Kosovo ilə münasibətlər səbəbindən mürəkkəb xarakter daşıyır. Belqrad bir tərəfdən Avropa İttifaqı ilə iqtisadi əlaqələri genişləndirir, digər tərəfdən Rusiya ilə tarixi, siyasi və enerji münasibətlərini qorumağa çalışır. Bu ikitərəfli yanaşma Serbiyanın Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinə uyğunlaşma səviyyəsinə mənfi təsir göstərir.
Avropa Komissiyasının 2026-cı il hesabatında Serbiyanın üzvlük danışıqlarında əhəmiyyətli irəliləyiş əldə etmədiyi açıq şəkildə qeyd olunub. Ölkənin Aİ qanunvericiliyinə və texniki standartlara uyğunlaşması istiqamətində müəyyən fəaliyyət göstərilsə də, demokratik institutların vəziyyəti, məhkəmə hakimiyyətinin müstəqilliyi, fundamental hüquqlar və siyasi qütbləşmə ilə bağlı narahatlıqlar davam edir. Hesabatda Serbiyanın Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinə uyğunlaşma səviyyəsinin aşağı olduğu da vurğulanıb. Beləliklə, Serbiyanın üzvlük perspektivini yalnız açılmış danışıqlar fəsillərinin sayı ilə qiymətləndirmək düzgün olmaz; əsas məsələ ölkənin siyasi davranışının Avropa İttifaqının fundamental prinsiplərinə nə dərəcədə uyğunlaşmasıdır.
Serbiyanın qarşısında duran digər mühüm məsələ Kosovo ilə münasibətlərin normallaşdırılmasıdır. Kosovo 2008-ci ilin fevral ayının 17-də müstəqilliyini elan edib, lakin Serbiya onun müstəqilliyini tanımır. Bundan əlavə, Avropa İttifaqının beş üzvü - İspaniya, Yunanıstan, Kipr, Rumıniya və Slovakiya da Kosovonu müstəqil dövlət kimi tanımayıb. Bu vəziyyət Kosovo məsələsini iki tərəf arasında siyasi mübahisə olmaqdan çıxararaq Avropa İttifaqının öz daxilində də hüquqi və diplomatik problemə çevirir.
Brüssel Serbiya və Kosovo arasında münasibətlərin normallaşdırılmasını hər iki tərəfin Avropa perspektivinin əsas şərtlərindən biri hesab edir. 2023-cü ildə Avropa İttifaqının vasitəçiliyilə əldə edilmiş razılaşma və onun icrasına dair öhdəliklər bu prosesin mühüm hüquqi-siyasi çərçivəsini təşkil edir. Lakin tərəflər arasında etimadın zəif olması, Kosovo serblərinin siyasi təmsilçiliyi, şimal bölgələrində təhlükəsizlik və yerli idarəetmə ilə bağlı problemlər razılaşmaların icrasını çətinləşdirir. Bu səbəbdən Serbiyanın Avropa İttifaqına üzvlüyü həm demokratik və institusional islahatlardan, həm də regionda davamlı siyasi sabitliyin təmin edilməsindən asılıdır.
Kosovonun özünün Avropa İttifaqına inteqrasiyası da mürəkkəb prosesdir. Ölkə 2022-ci ilin dekabrında üzvlük üçün rəsmi müraciət edib, lakin hələ namizəd statusu almayıb. Kosovo ilə bağlı hesabatında Avropa Komissiyası mühüm bir məqamı açıqlayıb: Avropa İttifaqı Şurası tələb edəcəyi təqdirdə Komissiya Kosovonun üzvlük müraciəti haqqında rəsmi rəy hazırlamağa hazırdır. Bu, Kosovonun üzvlük prosesinin avtomatik olaraq növbəti mərhələyə keçdiyi anlamına gəlmir, lakin onun müraciətinin gələcəkdə institusional qiymətləndirilməsinə imkan yaradır.
Kosovonun qarşısında dövlət institutlarının gücləndirilməsi, məhkəmə hakimiyyətinin müstəqilliyi, insan hüquqlarının qorunması, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi məsələlər dayanır. Avropa Komissiyasının son hesabatında ölkədə uzunmüddətli institusional böhranın islahat prosesini ləngitdiyi, lakin siyasi razılaşma nəticəsində prezidentin seçilməsiylə böhranın müəyyən dərəcədə aradan qaldırıldığı bildirilir. Hesabatda Kosovonun Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinə tam uyğunlaşması müsbət qiymətləndirilib. Bununla yanaşı, Serbiya ilə münasibətlərin normallaşdırılması üzrə bütün öhdəliklərin yerinə yetirilməsi vacib hesab olunur. Avropa İttifaqının Kosovo üzrə EULEX missiyası da hüququn aliliyi və təhlükəsizlik institutlarının inkişafına dəstək verməkdə davam edir. Beləliklə, Kosovo üçün Avropaya inteqrasiya yalnız iqtisadi modernləşmə deyil, həm də beynəlxalq legitimliyin və dövlət institutlarının möhkəmləndirilməsi məsələsidir.
Bosniya və Herseqovinanın vəziyyəti isə Qərbi Balkanda institusional mürəkkəbliyin ən bariz nümunəsidir. 1995-ci ildə imzalanmış Deyton Sülh Sazişi ölkədə müharibəni dayandırsa da, mürəkkəb dövlət idarəçiliyi sistemi formalaşdırıb. Bosniya və Herseqovina - Bosniya və Herseqovina Federasiyası və Serb Respublikası adlı iki əsas entitetdən, eləcə də xüsusi statusa malik Brçko dairəsindən ibarətdir. Dövlət səviyyəsində qərarların qəbulunda müxtəlif etnik və siyasi qüvvələrin iştirakı müəyyən tarazlıq yaratsa da, bir çox halda siyasi razılaşmaların əldə olunmasını çətinləşdirir. Bu isə Avropa İttifaqının tələb etdiyi qanunvericilik və institusional islahatların ləngiməsinə səbəb olur.
Bosniya və Herseqovina 2016-cı ildə Aİ-yə üzvlük üçün müraciət edib, 2022-ci ilin dekabrında namizəd statusu alıb. 2024-cü ilin martında Avropa İttifaqı Şurası üzvlük danışıqlarının açılması barədə siyasi qərar qəbul edib, lakin bu qərar danışıqların bütün praktiki mərhələlərinin avtomatik başladılması demək deyil. Ölkə qarşısında zəruri hüquqi və institusional şərtlərin yerinə yetirilməsi və Avropa standartlarına uyğun islahatların həyata keçirilməsi vəzifəsi qalır.
Noyabr hesabatında Bosniya və Herseqovinanın Avropaya inteqrasiyanı strateji məqsəd kimi bəyan etməsinə baxmayaraq bu istiqamətdən faktiki uzaqlaşdığı qeyd olunub. Siyasi ritorikanın sərtləşməsi, bölücü bəyanatlar və Avropa İttifaqına qarşı yönəlmiş narrativlər islahatların həyata keçirilməsinə mənfi təsir göstərib. Bu vəziyyət göstərir ki, ölkənin Avropaya inteqrasiyası üçün siyasi bəyanatlar yetmir, mərkəzi dövlət institutlarının səlahiyyətləri və fəaliyyəti, siyasi qüvvələr arasında əməkdaşlıq, hüquqi sabitlik və Deyton sisteminin yaratdığı institusional problemlərin həlli vacibdir.
Şimali Makedoniyanın Avropa İttifaqına üzvlük tarixi isə başqa bir mühüm problemi - ikitərəfli siyasi və tarixi mübahisələrin genişlənmə prosesinə təsirini nümayiş etdirir. Ölkə 2004-cü ildə üzvlük üçün müraciət edib, 2005-ci ildə namizəd statusu alıb. Lakin əvvəlcə Yunanıstanla dövlətin adı ətrafında yaranan mübahisə danışıqların başlanmasını uzun illər gecikdirdi. 2018-ci ildə imzalanmış Prespa Sazişi və ölkənin adının Şimali Makedoniya olaraq dəyişdirilməsi bu problemin aradan qaldırılmasına imkan verdi. Fəqət bundan sonra Bolqarıstanla tarixi, dil və milli kimlik məsələləriylə bağlı fikir ayrılıqları yeni maneəyə çevrildi.
2022-ci ildə üzvlük danışıqlarının başlanması üçün siyasi mərhələ açıldı. Ancaq prosesin növbəti mərhələyə keçməsi üçün Şimali Makedoniya Konstitusiyasında dəyişiklik etməli və bolqar icmasının konstitusion çərçivədə tanınmasıyla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Avropa Komissiyasının 2026-cı il hesabatında bu dəyişikliklərin hələ qəbul edilmədiyi xüsusi vurğulanıb. Bununla belə Şimali Makedoniyanın Artım Planı çərçivəsində islahatların həyata keçirilməsində fəallıq göstərdiyi və müəyyən nəticələr əldə etdiyi də qeyd olunur. Bu ölkənin təcrübəsi göstərir ki, Avropa inteqrasiyası təkcə iqtisadi və hüquqi uyğunlaşma prosesi deyil; namizəd dövlətin qonşularla münasibətləri, tarixi mübahisələri və üzv dövlətlərlə əldə etdiyi siyasi razılaşmalar da üzvlük perspektivinə ciddi təsir göstərə bilər.
Beləliklə, Qərbi Balkanın altı ölkəsi eyni strateji məqsədə doğru hərəkət etsə də, onların Avropa İttifaqına gedən yolları bir-birindən xeyli fərqlənir. Monteneqro üzvlük müqaviləsinin hazırlanması mərhələsinə yaxınlaşıb; Albaniya danışıqların yekunlaşdırılması üçün 2027-ci ili hədəfləyir; Serbiya xarici siyasət istiqaməti, demokratik institutlar və Kosovo ilə münasibətlər məsələsində ciddi çətinliklərlə üzləşir; Kosovo beynəlxalq tanınma və dövlət institutlarının möhkəmləndirilməsi problemlərini həll etməlidir; Bosniya və Herseqovinada siyasi parçalanma və mürəkkəb idarəetmə sistemi islahatları ləngidir; Şimali Makedoniya isə konstitusiya dəyişiklikləri ilə bağlı siyasi maneələri aradan qaldırmalıdır.
Noyabrın 4-də təqdim edilmiş Genişlənmə Paketinin ən mühüm nəticələrindən biri də Avropa İttifaqının artıq bütün namizəd dövlətlərə eyni yanaşma sərgiləməməsidir. Brüssel hər bir ölkənin əldə etdiyi real nəticələrə uyğun fərqli inteqrasiya tempi müəyyənləşdirir. Bu yanaşma üzvlük prosesinin ləyaqət və nəticə prinsipinə əsaslandığını göstərir. Daha sürətli islahat aparan və siyasi öhdəliklərini yerinə yetirən ölkə daha tez irəliləyə bilər. Bununla belə Aİ-nin bu siyasətinin uğuru yalnız namizəd dövlətlərin fəaliyyətindən asılı deyil. Üzv dövlətlərin öz aralarındakı siyasi razılaşmalar, milli maraqlar və genişlənmə ilə bağlı qərarları da prosesin sürətinə təsir göstərir. Bu məsələdə Avropa İttifaqının özünün institusional hazırlığı xüsusi əhəmiyyət daşıyır. Yeni üzvlərin qəbul edilməsi ümumi büdcənin yenidən bölüşdürülməsini, Avropa Parlamentində təmsilçilik məsələlərinin həllini, Avropa Şurası və Aİ Şurasında qərarvermə mexanizmlərinin təkmilləşdirilməsini, kənd təsərrüfatı və regional inkişaf siyasətinin yenidən nəzərdən keçirilməsini tələb edə bilər. Hazırda 27 üzv dövlət arasında xarici siyasət, təhlükəsizlik, iqtisadi prioritetlər və büdcə məsələlərində mövcud olan fikir ayrılıqları daha böyük İttifaqda qərar qəbul edilməsini çətinləşdirə bilər. Buna görə Avropa Komissiyasının 2026-cı il genişlənmə sənədlərində yalnız namizəd dövlətlərin yox, İttifaqın özünün də gələcək üzvlüyə hazırlanması məsələsi ön plana çıxır.
Bu prosesdə Ukrayna və Moldovanın Avropaya inteqrasiyası da ayrıca əhəmiyyət daşıyır. Hər iki ölkə 2022-ci ildə Aİ-yə üzvlük üçün müraciət edib və sonrakı dövrdə namizəd statusu əldə edib. Ukrayna müharibə şəraitində dövlət institutlarını və iqtisadiyyatını Avropa standartlarına uyğunlaşdırmağa çalışır. Moldova isə xarici təzyiqlərə və təhlükəsizlik risklərinə baxmayaraq Avropaya inteqrasiyanı əsas strateji istiqamət kimi davam etdirir. Noyabr hesabatında hər iki ölkənin üzvlük danışıqlarında irəliləyiş əldə etdiyi və yeni yol xəritələrinə salındığı təsdiqlənib. Bu isə göstərir ki, Avropa İttifaqının genişlənməsi gələcəkdə yalnız Balkanlarla məhdudlaşmayacaq, Şərqi Avropada da yeni siyasi reallıq yaradacaq. Bütün bu proseslərin fonunda Brexit-in Avropa İttifaqının gələcəyi üçün hansı nəticələr doğurduğu sualı yenidən aktuallaşır. Böyük Britaniya İttifaqdan ayrılmaqla milli qərarvermə imkanlarını artırmağa çalışdı, lakin Brexit-dən sonra ticarət münasibətlərində yaranan yeni maneələr, iqtisadi əlaqələrin hüquqi baxımdan mürəkkəbləşməsi və əmək bazarında meydana çıxan dəyişikliklər üzvlükdən kənarda qalmağın da müəyyən iqtisadi və siyasi xərcləri olduğunu göstərdi. Qərbi Balkan ölkələri isə bu təcrübəni nəzərə alaraq Avropa İttifaqına daxil olmağın iqtisadi, siyasi və təhlükəsizlik baxımından daha əlverişli olduğuna inanır. Bu, Avropa modelinin bütün problemlərdən azad olduğu demək deyil; sadəcə, həmin ölkələr üçün inteqrasiyanın potensial üstünlükləri onun tələb etdiyi siyasi və hüquqi öhdəliklərdən daha əhəmiyyətli görünür.
Beləliklə, Qərbi Balkan artıq Avropanın kənarında gözləyən region kimi qiymətləndirilə bilməz. Bu ərazi Avropa İttifaqının gələcək geosiyasi arxitekturasının formalaşmasında mühüm rol oynayan siyasi məkana çevrilib. Monteneqronun 2028-ci ildə Aİ-nin 28-ci üzvü olmaq perspektivi reallaşarsa, bu, 2013-cü ildə Xorvatiyanın qəbulundan sonra İttifaqın ilk genişlənməsi olacaq. Eyni zamanda Albaniyanın 2027-ci il hədəfinə çatması Avropa inteqrasiyasının Balkanlarda yeni mərhələyə keçdiyini göstərə bilər. Lakin bu perspektivlərin reallaşması yalnız siyasi bəyanatlardan yox, konkret islahatların davamlılığından, üzv dövlətlərin razılığından və Avropa institutlarının hazırlığından asılıdır. Avropa İttifaqının qarşısında indi mühüm seçim dayanır: ya Qərbi Balkanı daha sürətlə öz siyasi, iqtisadi və təhlükəsizlik sisteminə inteqrasiya etmək, ya da üzvlük prosesinin ləngiməsi nəticəsində regionda geosiyasi rəqabətin daha da güclənməsi riskini qəbul etmək. Brüssel üçün genişlənmə artıq Avropanın beynəlxalq münasibətlərdəki mövqeyini, iqtisadi rəqabət qabiliyyətini, enerji və nəqliyyat təhlükəsizliyini, eləcə də gələcək nəsillər üçün siyasi sabitliyini müəyyənləşdirən strateji qərardır. Brexit Avropaya inteqrasiyanın alternativsiz olmadığını göstərdisə, Qərbi Balkanın bugünkü seçimi Avropa İttifaqının hələ də mühüm siyasi və iqtisadi cazibə mərkəzi olduğunu təsdiqləyir. Avropanın gələcək siyasi xəritəsi qarşıdakı illərdə məhz bu iki fərqli təcrübənin yaratdığı nəticələr əsasında formalaşacaq.
Kəramət QƏNBƏROV,
Beynəlxalq hüquq üzrə ekspert