Azərbaycanda keçirilmiş prezident seçkiləri beynəlxalq standartlara tam cavab verir.
AzərTAc xəbər verir ki, bunu oktyabrın 10-da prezident seçkilərinin yekunlarına həsr olunmuş mətbuat konfransında Böyük Britaniya parlamentinin Lordlar Palatasının seçkiləri müşahidə etmiş üzvü Lord German Obe deyib.
Prezident seçkilərini izləməyə Milli Məclis tərəfindən dəvət olunduğunu deyən Lord German Obe iki rayonu əhatə edən seçki məntəqələrində müşahidələr apardığını bildirib və vurğulayıb ki, seçkilər qanunvericiliyin tələblərinə uyğun olaraq mütəşəkkil qaydada keçirilib və seçicilərin sərbəst şəkildə istədikləri namizədə səs vermələri təmin edilib. Müşahidələr zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb.
L.G.Obe seçki məntəqələrində veb-kameraların quraşdırılmasının səsvermədə şəffaflığın təmin olunması istiqamətində atılmış mühüm bir addım kimi qiymətləndirib, televiziyalarda namizədlər üçün təşkil olunmuş ödənişsiz debatların demokratiyanın təbliğatına xidmət etdiyini diqqətə çatdırıb.