Növbəti görüş...

Növbəti görüş...

Alen Simonyan Azərbaycana niyə gəlir?

Azərbaycanın 44 günlük Vətən müharibəsinin və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatının nəticələrinə uyğun olaraq yaratdığı reallıqlar onilliklər boyunca Ermənistanın işğalçılıq siyasətindən, müharibə təhdidlərindən əziyyət çəkən Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi, qarşıdurmaların əməkdaşlıqla əvəzlənməsi üçün münbit zəmin formalaşdırıb. Hazırda region heç vaxt olmadığı qədər sülhə yaxındır. Bu məqsədlə, xüsusilə ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə əldə olunan mühüm razılaşmalara uyğun olaraq hər iki ölkədə dövlətlər və hökumətlər tərəfindən ardıcıl tədbirlər görülür.

Etimad mühitinin formalaşdırılması üçün...

Bu gün regionda sülh quruculuğu prosesindən söhbət açılırsa, burada qalib Azərbaycanın həlledici rolunu xüsusi qeyd etmək lazımdır. Azərbaycan iki ölkə arasında uzun sürən münaqişənin əsas səbəbini kənardan dəstək almadan sırf öz gücünə aradan qaldırmağa nail oldu və dərhal da münasibətlərdə düşmənçiliyə son qoymaq istəyini - sülh təşəbbüsünü gündəmə gətirdi. Sonradan müxtəlif mərhələlərdən keçməklə, ayrı-ayrı platformalarda müzakirələri aparılmaqla Vaşinqton razılaşmalarınadək irəliləyən sülh prosesinin təməlində dayanan baza sənədi məhz Azərbaycanın müharibə başa çatandan sonra Ermənistana ünvanladığı beş bənddən ibarət sülh paketi olub. Qalib Azərbaycan özünün həqiqətlərini, regionda yaratdığı reallıqları dünyaya qəbul etdirməyə nail oldu. Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə liderlərin verdiyi birgə Bəyanat, sülh sazişinin paraflanması bunun de-yure təsdiqlənməsidir.

Artıq hər iki cəmiyyət sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Belə ki, Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir. Eyni zamanda, cəmiyyətləri sülhə hazırlamaq üçün vətəndaş cəmiyyətlərinin nümayəndələri qarşılıqlı olaraq səfərlər edirlər. Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə yaradılan “Sülh körpüsü” platforması etimad quruculuğu prosesində fəal rol almağa başlayıb. Artıq hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin bir neçə dəfə qarşılıqlı səfərləri baş tutub. Bu da təsadüfi deyil. Çünki sülh prosesi dövlətlər və liderlər tərəfindən irəli aparıldığı kimi, cəmiyyətlər də barışığa hazırlanır. Xalqlar arasında etimad quruculuğu davamlı sülh üçün vacib şərtdir. Dünyada uzanan müharibələr çox olub. Ancaq bu müharibələr nə qədər ağır fəsadlar versə də, zamanla yaraların üstü örtülüb və dövlətlər, cəmiyyətlər, xalqlar arasında əlaqələr qurulub. Azərbaycan və Ermənistan eyni coğrafiyanı bölüşürlər. Bu iki dövlətdən birinin qonşuluq coğrafiyasını dəyişmək imkanı sıfıra bərabərdir. Vurulan yaralardan sonra barışıq mühiti yaratmaq çətin görünsə də, əbədi düşmənçilik də istisnadır. Bu mənada, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin təmsilçilərinin görüşlərinin keçirilməsi nikbinlik doğurur.

Nələr müzakirə olunacaq?

Digər tərəfdən, vətəndaş cəmiyyəti ilə yanaşı, dövlət və hökumət nümayəndələrinin də qarşılıqlı səfərləri sülh prosesində vacib amildir. Xatırladaq ki, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan qarşılıqlı olaraq səfərlər ediblər. Bugünlərdə isə erməni mediası Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın yaxın vaxtlarda Azərbaycana səfər edəcəyi barədə məlumat yayıb. Alen Simonyan jurnalislərə açıqlamasında məlumatı təsdiqləyib və səfərin  dekabrın əvvəlində nəzərdə tutulduğunu deyib. Onun sözlərinə görə, səfər Bakıya olmayacaq: “Bu, ehtimal ki, ya Gəncə, ya da başqa bir şəhərdir, amma Bakı deyil”. Simonyan bildirib ki, Azərbaycana nəzərdə tutulan səfər zamanı ikitərəfli münasibətlərlə bağlı məsələlər müzakirə olunacaq. O qeyd edib ki, dekabr ayında Azərbaycana nəzərdə tutulan səfər zamanı müzakirə olunacaq məsələlərin gündəliyi əvvəlki görüşlərin gündəliyindən əhəmiyyətli dərəcədə fərqlənməyəcək: “Bunlar mütəmadi olaraq müzakirə etdiyimiz məsələlərdir, ona görə də gündəlik çox da fərqlənməyəcək. Həmkarımız Ermənistanda olub, indi isə növbə bizdədir. Mən ora gedəcəyəm və gələcək görüş üçün də hazırlıqlar görəcəyik. Belə görüşlər zamanı biz geniş mövzu dairəsini əhatə edirik”.

Göründüyü kimi, bu, A.Simonyanın ölkəmizə cavab səfəri kimi də dəyərləndirilə bilər. Xatırladaq ki, bu il iyunun 14-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistana səfər etmişdi. Səfər zamanı Hikmət Hacıyev Dilican şəhərində Ermənistan Təhlükəsizlik Şurasının o vaxtkı  katibi Armen Qriqoryanla işgüzar görüş keçirmişdi. Görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Regionda davamlı sülhün və sabitliyin təşviqinə yönəlmiş səylər çərçivəsində ikitərəfli dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər, həmçinin iki ölkənin vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirləri barədə fikir mübadiləsi aparıblar. Hikmət Hacıyev və Armen Qriqoryan işçi səviyyəsində təmasların davam etdirilməsi barədə qərar qəbul edərək növbəti görüşün Azərbaycanda keçiriləcəyini təsdiqləmişdilər. Bu baxımdan, Ermənistan Təhlükəsizlik Şurasının indiki katibi Simonyanın ölkəmizə gözlənilən səfəri cavab xarakteri daşıyır.

Ermənistanda konstitusiya dəyişiklikləri diqqət mərkəzində...

Lakin A.Simonyanın səfər zamanı aparılacaq müzakirələrin əvvəlkilərdən fərqlənməyəcəyini deməsi heç də əsaslı deyil. Çünki bir neçə gün əvvəl Ermənstanda yeni konstitusiya layihəsinin mətninin açıqlanması bu ölkədə siyasi gərginliyi artırıb. Faktiki olaraq, parlament müxalifətinin həmin layihənin referenduma çıxarılmaması üçün real təsir imkanı var. Referendumla bağlı qərarın verilməsi üçün parlamentdə ümumi deputat sayının üçdə ikisinin, yəni 105 deputatdan azı 70-nin dəstəyi tələb olunur. Halbuki hakim Vətəndaş Müqaviləsi Partiyasının parlamentdə 64 mandatı var. 6 səsə ehtiyac var, amma müxalifət bloku bu səsləri vermək fikrində deyil. Belə vəziyyət isə sülh prosesi ilə bağlı əlavə suallar yaradır.

Çünki Azərbaycan üçün Ermənistan konstitusiyasında dəyişiklik edilməsi, ölkəmizə qarşı ərazi iddialarının bu sənəddən çıxarılması prinsipial xarakter daşıyır. Əgər bu dəyişiklər baş verməsə, sülh sazişi imzalanmayacaq. Erməni tərəfi anlamalıdır ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrin suverenliyinin və ərazi bütövlüyünün tanınmasıdır. Rəsmi İrəvan həqiqətən sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir. Əks halda, gələcək proseslər məhz Ermənistanın ziyanına olacaq. Bu baxımdan, A.Simonyan ölkəmizə səfəri zamanı bu məsələrə aydın cavab verməlidir. Ona görə də, gözlənilən səfər əvvəlki görüşlərdən müəyyən qədər fərqlənə bilər.

Nardar BAYRAMLI