Bəhreynin dövlət informasiya agentliyi Naxçıvanın “İslam mədəniyyətinin paytaxtı” seçilməsindən yazıb

Bəhreynin dövlət informasiya agentliyi Naxçıvanın “İslam mədəniyyətinin paytaxtı” seçilməsindən yazıb

Bəhreyn Krallığının “Bahrain News Agency” (BNA) dövlət informasiya agentliyinin internet səhifəsində “Azərbaycan Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilməsini qeyd edir” başlıqlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış mərasimində İSESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tuveycrinin, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin və Naxçıvan Muxtar Respublikasının digər rəsmi şəxslərinin iştirak etdikləri bildirilib.
Yazıda Naxçıvan Muxtar Respublikasının qədim tarixindən, mədəniyyətindən, Naxçıvanın muxtariyyət tarixinin 1921-ci ildə imzalanan 2 mühüm beynəlxalq sənəddə - Moskva və Qars müqavilələrində öz əksini tapmasından bəhs olunur. Moskva müqaviləsinin 3-cü, Qars müqaviləsinin isə 5-ci maddəsində muxtariyyətin əsasları, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının ərazisi təsdiq olunub. 1924-cü ildə yaradılan Naxçıvan Muxtar Respublikasının Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu vurğulanır.
Məqalədə, həmçinin Naxçıvanda İslam dəyərlərinin yaşadılması sahəsində görülən işlər, bu regionun inzibati ərazi bölgüsü, Naxçıvanın zəngin tarixi-mədəni irsinin qorunub saxlanması üçün elm, təhsil, mədəniyyət və digər sahələrdə atılan addımlar barədə məlumat öz əksini tapıb.
Qeyd edilib ki, mədəni-kütləvi tədbirlər çərçivəsində qonaqlar Naxçıvanın tarixi və mədəniyyət abidələri, muzeyləri və kitabxanaları ilə tanış olacaq, o cümlədən bədii festival, poeziya axşamları və incəsənət sərgilərində iştirak edəcəklər.