Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İqtisad Fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" mövzusunda tədbir keçirilib. Türk Dünyası İqtisad Fakültəsinin müəllim və tələbə kollektivinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Daha sonra çıxış edən fakültənin müəllimi Nəriman Xanəhmədov Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, fenomenal şəxsiyyət və lider kimi səciyyəvi xüsusiyyətlərindən, idarəçilik keyfiyyətlərindən və dövlətçilik fəaliyyətindən danışıb. Nəriman Xanəhmədov Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə apardığı uzaqgörən daxili və xarici siyasətinin nəticəsi olaraq ölkəmizin nüfuzunun artdığını, hərtərəfli inkişafa nail olunduğunu diqqətə çatdırıb.
Çıxış edən Türk Dünyası İqtisad Fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Gəray Zeynallı Ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən danışıb, gənc nəslin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu öndərin böyük xidmətlərini xatırladıb.
Çıxışlardan sonra Ulu öndər Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib.