Qusar rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə faciə qurbanlarının, eləcə də torpaqlarımızın müdafiəsi zamanı şəhid olan bütün qəhrəman vətən övladlarının xatirəsi yad edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şuranın üzvü, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova, Balaqusar kənd tam orta məktəbinin müəllimi Ceyhun Ağabəyov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda və Azərbaycanın digər bölgələrində törətdiyi qırğınlardan danışıblar.
Vurğulanıb ki, həmin gecə dinc və günahsız insanların sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib.
Tədbirdə məktəblilərin ifasında vətənpərvərlik ruhunda şeirlər səslənib və 20 Yanvar hadisələrindən bəhs edən video-təqdimat nümayiş olunub.