Təsdiq edilmiş tədbirlər planlarına uyğun olaraq paytaxtın bütün rayonlarında qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) AZƏRTAC-a bildirilib ki, ilk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri-yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb.
Görülən işlərə nəzarət məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq rayonlarda qarlı havalara hazırlıq tədbirlərin keçirilməsini təmin edir, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar.
Bu işlər çərçivəsində paytaxtın Nərimanov, Binəqədi və Nəsimi rayonlarında qışın qarlı havalarına hazırlıq tədbirlərinin müzakirəsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin, rayon rəhbərliyi, kommunal-təsərrüfat, idarə və təşkilatlarının, təhsil müəssisələrinin və digər aidiyyəti qurumların rəhbərlərinin, həmçinin özəl sektorun nümayəndələrinin iştirakı ilə operativ müşavirələr keçirilib. Müşavirələrdə hər bir sahənin rəhbərinin hesabatı dinlənilib.
Qeyd olunub ki, rayonlarda fəaliyyət göstərən hər bir qurum qış aylarında üzərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması üçün hazırlıqlı olmalıdır. Eyni zamanda, ərazilərdə kifayət qədər duz və zəruri inventar ehtiyatı yaradılmalıdır. Bildirilib ki, hər bir təşkilat mövsümə hazırlıq tədbirlərində fəal iştirak etməli, yağıntılar zamanı özünə bitişik ərazilərin qardan və buzdan təmizlənməsi üçün müvafiq tədbirlər görməlidir.
Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların mövcud texnikalarının da cəlb edilməsi qərara alınıb.
Müşavirələrdə rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü aparılıb, məsul şəxslərə müvafiq tapşırıqlar verilib. Eyni zamanda, ictimai iaşə müəssisələrinin və özəl qurumların rəhbərlərinə, eləcə də ictimaiyyət nümayəndələrinə qarlı günlərdə bir sıra xarici ölkələrdə tətbiq olunan təcrübəyə uyğun olaraq, özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etmələri ilə bağlı çağırış edilib.