Valideyn evindən ayrılmaq

Valideyn evindən ayrılmaq

Azadlıq, yoxsa ailə dəyərlərindən uzaqlaşmaq?

Eyni məsələyə iki fərqli baxış...

Bir evdə iki nəsil, iki fərqli həyat anlayışı... Bir tərəfdə övladının hər addımını düşünən valideyn, digər tərəfdə öz həyatını qurmaq, sərbəst qərarlar vermək istəyən gənc. Bəs insanın valideyn evindən ayrılmasının doğru zamanı nə vaxtdır? 18 yaşında, 25 yaşında, yoxsa yalnız ailə qurduqdan sonra?

Günümüzdə gənclərin valideynlərindən ayrı yaşamaq istəyi müzakirə olunan məsələlərdəndir. Xüsusilə, Avropa həyat tərzinin, fərdi azadlıq və şəxsi məkan anlayışının cəmiyyətimizə təsiri bu mövzunu daha da aktuallaşdırıb. Bir çox gənc müstəqil yaşamağı yetkinliyin, sərbəstliyin və şəxsi həyatına sahib çıxmağın göstəricisi hesab edir. Valideynlər isə bəzən bu istəyi ailə dəyərlərindən uzaqlaşmaq, doğmalarına qarşı laqeydlik, hətta ailə institutunun zəifləməsi kimi qəbul edirlər.

Əslində, məsələ yalnız bir evdən başqa evə köçməkdən ibarət deyil. Burada nəsillərin həyata baxışı, ailə münasibətləri, iqtisadi imkanlar, milli-mənəvi dəyərlər və fərdi azadlıq kimi bir-biri ilə sıx bağlı olan amillər var. Bəs valideyn evindən ayrılmaq müstəqilliyin zəruri şərtidirmi?

Avropa düşüncəsi və Azərbaycan ailəsinin reallıqları

Məlumdur ki, Avropa ölkələrinin bir çoxunda gənclərin müəyyən yaşdan sonra valideynlərindən ayrı yaşaması adi sosial təcrübədir. Onlar təhsil, iş və şəxsi inkişaf naminə başqa şəhərə, hətta başqa ölkəyə köçürlər. Valideynlər də bunu övladlarının həyatında təbii mərhələ kimi qəbul edirlər. Maraqlıdır, bu həyat modelini olduğu kimi Azərbaycan cəmiyyətinə köçürmək nə dərəcədə doğrudur?

Azərbaycan ailəsi tarixən kollektiv dəyərlər üzərində formalaşıb. Bir neçə nəslin eyni evdə yaşaması, ailə üzvlərinin bir-birinə maddi və mənəvi dəstək göstərməsi cəmiyyətimizdə mühüm yer tutur. Bu münasibətlər sadəcə birgə yaşayış deyil, həm də sosial təhlükəsizlik, qarşılıqlı məsuliyyət və mənəvi bağlılıq sistemidir. Amma ənənələrə bağlılıq gənclərin fərdi inkişafını məhdudlaşdırmamalıdır. Eyni zamanda, müasirlik naminə ailə münasibətlərini zəiflətmək də düzgün yanaşma deyil. Əsas məsələ başqa cəmiyyətlərin həyat tərzini təqlid etmək yox, öz ailə dəyərlərimizi qoruyaraq dəyişən zamanın tələblərinə uyğunlaşmaqdır.

18 yaş tamam oldu: Ayrılmaq vaxtıdır?

Bəzi yanaşmalara görə, insan yetkinlik yaşına çatdıqdan sonra müstəqil həyat qurmağa başlamalıdır. Ancaq 18 yaşın tamam olması insanın emosional, psixoloji və maddi baxımdan tam müstəqil olduğu demək deyil. Bu yaşda gənc hələ təhsil alır, peşə seçir, gələcəyini müəyyənləşdirir. Əksər hallarda onun sabit gəliri və yaşayışını təmin etmək imkanı olmur. Belə bir vəziyyətdə sırf yaş həddinə görə valideyn evindən ayrılmaq nə qədər məqsədəuyğundur?

Digər tərəfdən, 28-30 yaşlarında olduğu halda valideynlərinin hər qərarına müdaxilə etməsinə ehtiyac duyan, gündəlik məişət məsələlərində belə onların təsdiqini gözləyən insanlar da var. Deməli, müstəqillik yalnız yaşla ölçülmür. İnsan öz məsuliyyətini daşımağı, qərarlarının nəticələrini qəbul etməyi və həyatını idarə etməyi bacardıqda müstəqilliyə daha çox yaxınlaşır.

“Ayrı yaşamaq valideynlərdən uzaqlaşmaq demək deyil”

Psixoloq Elnur Rüstəmov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bu məsələyə yanaşarkən konkret yaş həddi müəyyənləşdirmək doğru olmazdı. Çünki insanların emosional yetkinliyi, həyat təcrübəsi, maddi imkanları və ailə şəraiti fərqlidir: “Fikrimcə, valideynlərdən ayrı yaşamağın ən sağlam zamanı insanın bu addımı düşünülmüş şəkildə atmağa hazır olduğu dövrdür. Bu hazırlıq üç əsas amillə bağlıdır: maddi məsuliyyəti daşımaq, gündəlik həyatını müstəqil idarə etmək və emosional baxımdan valideynlərindən sağlam şəkildə ayrılmaq.

Burada emosional ayrılma valideynlərlə münasibətləri kəsmək deyil. Bu, insanın artıq hər qərarında valideyn təsdiqinə ehtiyac duymaması, öz seçimlərinin məsuliyyətini qəbul etməsi və eyni zamanda doğmalarına bağlılığını qorumasıdır. Valideynlərə də bir məqamı xatırlatmaq istərdim: övladın müstəqillik istəyi sizdən uzaqlaşmaq arzusu kimi qəbul edilməməlidir. Onun öz həyatını qurmasına imkan vermək ailə bağlarını zəiflətmir. Əksinə, düzgün münasibət qurulduqda bu bağlar daha yetkin və sağlam formaya keçir. Gənclərə isə demək istərdim ki, müstəqillik yalnız valideyn evindən çıxmaq, öz açarına sahib olmaq və istədiyini etmək deyil. Müstəqillik həm də məsuliyyət, səbir, güzəşt və çətinliklərin öhdəsindən gəlmək bacarığıdır”.

“Ailə sevgisi məsafə tanımır”

Psixoloq hesab edir ki, nə bütün gənclər 18 yaşında valideynlərindən ayrılmalıdır, nə də övladın mütləq evlənənə qədər ata-ana evində qalması vacibdir: “Hər ailənin öz reallığı, hər insanın öz inkişaf tempi var. Əsas odur ki, nə valideyn övladının həyatını idarə etməyə çalışsın, nə də övlad azadlıq anlayışını ailəsindən uzaqlaşmaqla eyniləşdirsin. Unutmayaq ki, ailəni bir dam altında yaşamaq deyil, bir-birinə bağlılıq, hörmət və qayğı bir arada saxlayır. Bəzən ayrı evlərdə yaşayan insanlar bir-birinə eyni evdə yaşayanlardan daha yaxın ola bilirlər. Əsl ailə dəyəri də məhz məsafədən asılı olmayaraq qorunan bu mənəvi yaxınlıqdır”.

Qərbin fərdiyyətçilik modeli Azərbaycan ailəsini dəyişir?

Sosioloq Sahib Altayın sözlərinə görə, övladın valideyn evindən ayrılmaq məsələsini yalnız fərdi azadlıq və şəxsi seçim çərçivəsində qiymətləndirmək düzgün deyil. O, qeyd edib ki, ailə cəmiyyətin ən mühüm sosial institutlarından biridir və birgə yaşayış forması da müəyyən mənada cəmiyyətin sosial münasibətlər sistemini formalaşdırır: “Hesab edirəm ki, Avropa həyat tərzinin Azərbaycan cəmiyyətinə olduğu kimi transfer edilməsi heç də hər zaman müsbət nəticələr vermir. Qərb cəmiyyətlərində fərdiyyətçilik, şəxsi sərhədlər və erkən müstəqillik daha çox təşviq olunsa da, bu yanaşmanın Azərbaycan ailə modelinə uyğunlaşdırılmadan qəbul edilməsi ailədaxili münasibətlərə mənfi təsir göstərə bilər. Çünki cəmiyyətimizdə ailə yalnız valideyn və övlad münasibətlərindən ibarət deyil. Burada nəsillərarası bağlılıq, qarşılıqlı qayğı, böyüklərə hörmət, övladların valideynlərinə, valideynlərin isə övladlarına qarşı məsuliyyəti kimi köklü sosial dəyərlər mövcuddur”.

“Ayrı yaşamaq müstəqillik demək deyil”

Sosioloq bildirib ki, gənclərin müstəqil yaşamaq istəyini də tamamilə yanlış hesab etmək olmaz: “Lakin burada bir məqamı nəzərə almalıyıq, müstəqillik anlayışını mütləq şəkildə valideyn evindən fiziki olaraq ayrılmaqla eyniləşdirmək doğru deyil. İnsan eyni evdə yaşadığı halda da öz qərarlarını verə, şəxsi məsuliyyətini daşıya və müstəqil düşünə bilər. Əksinə, ayrıca evdə yaşayan bir gənc bütün maddi və məişət ehtiyaclarının təmin edilməsində yenə də valideynlərindən asılı qala bilər. Bu baxımdan, ayrı yaşamaq heç də həmişə müstəqilliyin göstəricisi deyil.

Son dövrlər fərdi azadlıq anlayışının bəzən həddindən artıq ön plana çəkilməsi ailə məsuliyyətinin ikinci plana keçməsinə səbəb olur. İnsanlar şəxsi rahatlıqlarını, sərbəstliklərini və fərdi maraqlarını əsas götürərək ailə daxilində güzəştə getmək, bir-birinin həyatına uyğunlaşmaq və qarşılıqlı məsuliyyət daşımaq kimi dəyərlərdən uzaqlaşa bilirlər. Halbuki ailə yalnız hər kəsin öz sərhədlərini qoruduğu deyil, eyni zamanda müəyyən ortaq məsuliyyətləri bölüşdüyü sosial birlikdir”.

Ailədə sərbəstlik və məsuliyyət balansı

Sosioloqun sözlərinə görə, valideynlərin övladlarının həyatına həddindən artıq müdaxilə etməsi də sağlam ailə münasibətlərinə xidmət etmir: “Ancaq bu problemin həlli mütləq ayrı yaşamaqda deyil, ailədaxili münasibətlərin düzgün qurulmasındadır. Düşünürəm ki, gəncləri müəyyən yaşa çatdıqdan sonra valideyn evindən ayrılmağa təşviq etməkdənsə, onlara eyni evdə yaşasalar belə, fərdi qərarvermə və məsuliyyət bacarıqlarını aşılamaq daha məqsədəuyğundur”.

Yeganə BAYRAMOVA