Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Ağdam Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə, özünəməxsus təbiətə və böyük iqtisadi potensiala malik olan məkanlarından biridir. Qarabağın mərkəzində yerləşən bu torpaq əsrlər boyu insanların yaşayış məskəni, əkinçilik və sənətkarlıq ənənələrinin formalaşdığı mühüm ərazilərdən biri olub. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər Ağdamın azadlığına, doğma sakinlərinin yurda qayıdışına, şəhər və kəndlərin yenidən qurulmasına yol açdı. Bu gün Ağdam müasir şəhərsalma, iqtisadi inkişaf və məskunlaşma proseslərinin geniş vüsət aldığı yeni mərhələyə qədəm qoyur.
1993-cü il iyulun 23-də 42 gün davam edən döyüşlərdən sonra Ağdam rayonunun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. 1094 kvadratkilometr ərazinin 882 kvadratkilometri, rayon mərkəzi və 90 kənd işğal altına düşdü. 128 min nəfər doğma yurdunu tərk edərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Ağdam uğrunda döyüşlərdə 6 mindən çox insan şəhid oldu, minlərlə soydaşımız yaralandı.
2020-ci ildə Vətən müharibəsində əldə edilən şanlı Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdamın işğal altında olan əraziləri Azərbaycana qaytarıldı. Bununla uzun illər davam edən işğala son qoyuldu, rayonun yenidən qurulması və sakinlərinin doğma torpaqlarına qayıtması üçün tarixi imkan yarandı.
Ağdamın azad edilməsi Azərbaycanın siyasi iradəsinin, hərbi qüdrətinin və diplomatik qətiyyətinin təntənəsi olmaqla yanaşı, beynəlxalq hüququn tələblərinin həyata keçirilməsi baxımından da mühüm hadisə idi. Bu tarixi günün əhəmiyyətini əbədiləşdirmək məqsədilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 5 790 hərbi qulluqçu bu medalla təltif olundu. Onların fədakarlığı, qəhrəmanlığı və Vətənə sədaqəti Ağdamın azadlığı tarixində xüsusi yer tutur.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilib. Sərəncama əsasən, 20 noyabr Ağdam şəhəri günü kimi müəyyənləşdirilib.
Ağdamın yenidən qurulması Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq strategiyasının mühüm istiqamətidir. “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” 2022-ci il avqustun 16-da təsdiq edilmişdir. Bu sənəd Ağdamın müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulmasını, yaşayış, sosial, iqtisadi və nəqliyyat infrastrukturunun kompleks inkişafını nəzərdə tutur. Baş plana əsasən, şəhərdə beş yaşayış məhəlləsinin yaradılması, müasir infrastrukturların qurulması, yaşıllıq zonalarının genişləndirilməsi, ictimai məkanların və sosial obyektlərin inşası planlaşdırılır. Ağdamın gələcəkdə 100 min nəfər əhalinin yaşayacağı müasir şəhərə çevrilməsi hədəflənir. Bu məqsədlə geniş tikinti işləri aparılır, yollar salınır, mühəndis-kommunikasiya xətləri çəkilir, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir.
Şəhərdə yaşayış məhəllələrinin inşası ilə yanaşı, Ağdamın kəndlərinin bərpası da diqqət mərkəzindədir. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində birinci mərhələ üzrə layihələr həyata keçirilərək sakinlərin məskunlaşması təmin edilmiş, digər kəndlərdə isə tikinti işləri davam etdirilir. Qiyaslı, Salahlı Kəngərli, Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şoltanlı və Eyvazxanbəyli kəndlərində bərpa layihələrinin icrasına başlanılması bölgənin yaşayış potensialının genişləndirilməsinə xidmət edir.
Ağdamın əvvəlki şöhrətinin qaytarılması yalnız yaşayış evlərinin inşası ilə məhdudlaşmır. Burada müasir təhsil, səhiyyə, xidmət, mədəniyyət və istirahət infrastrukturu formalaşdırılır, şəhərin iqtisadi həyatının canlandırılması üçün yeni imkanlar yaradılır. Xarabalıqlar üzərində yüksələn müasir Ağdam Azərbaycanın quruculuq iradəsinin və gələcəyə inamının təcəssümüdür.
Ağdamın iqtisadi inkişafında Sənaye Parkının xüsusi rolu vardır. Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanla yaradılan park 190 hektar ərazini əhatə edir. Burada əlverişli biznes mühitinin formalaşdırılması, yerli istehsalın təşviqi, sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması və Qarabağın sənaye potensialının reallaşdırılması əsas məqsədlər kimi müəyyənləşdirilib. Ağdam Sənaye Parkına investorların marağı artmaqdadır. Parkda çoxsaylı sahibkarlıq subyektlərinə rezidentlik və qeyri-rezidentlik statusu verilib, istehsal müəssisələri fəaliyyətə başlayıb, yeni layihələrin tikintisi davam etdirilir. Yatırılan investisiyalar, yaradılan iş yerləri və istehsal sahələrinin genişlənməsi Ağdamın iqtisadi həyatının canlanmasına, bölgədə məşğulluğun artırılmasına və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir.
Ağdamın bərpası Azərbaycanın postmüharibə dövründə qarşıya qoyduğu strateji hədəflərin, iqtisadi inkişaf və sosial rifah siyasətinin mühüm tərkib hissəsidir. Şəhərin yenidən qurulması, kəndlərin dirçəldilməsi, infrastrukturun inkişafı, sənaye müəssisələrinin yaradılması, turizm imkanlarının genişləndirilməsi və sakinlərin məskunlaşması bölgənin gələcək inkişafını müəyyən edən əsas istiqamətlərdir.
20 Noyabr – Ağdam şəhəri günü xalqımızın yaddaşında yalnız işğaldan azad olunma tarixi kimi deyil, həm də milli iradənin və quruculuq əzminin rəmzi olaraq yaşayır. Bir zamanlar düşmən tərəfindən dağıdılmış Ağdam bu gün yeni sima qazanır, müasir şəhərsalma layihələri ilə gələcəyə doğru inkişaf edir. Ağdamın dirçəlişi Azərbaycanın ərazi bütövlüyünün bərpasının, tarixi ədalətin təmin olunmasının və xalqımızın sarsılmaz iradəsinin parlaq təcəssümüdür.