Azərbaycan–Vyetnam münasibətlərində humanitar əməkdaşlığın yüksələn dinamikası

Azərbaycan–Vyetnam münasibətlərində humanitar əməkdaşlığın yüksələn dinamikası



Prezident İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan ilə Vyetnam arasında mövcud olan dostluq münasibətlərinin, qarşılıqlı etimadın və çoxşaxəli əməkdaşlığın inkişaf perspektivlərinin təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı müsahibəsində siyasi və iqtisadi əlaqələrlə yanaşı, humanitar, xeyriyyəçilik, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinə də xüsusi diqqət yetirib. Bu istiqamətlər iki xalq arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinə, qarşılıqlı anlaşmanın və mənəvi yaxınlığın güclənməsinə xidmət edir.
Azərbaycan ilə Vyetnam arasında humanitar əlaqələrin inkişafında xeyriyyəçilik və sosial layihələr xüsusi yer tutur. Bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Fondun Vyetnamda həyata keçirdiyi təşəbbüslər iki ölkə arasında humanitar münasibətlərin möhkəmlənməsinə, insanların həyat şəraitinin yaxşılaşdırılmasına və təhsil imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.
Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, Fondun fəaliyyəti müxtəlif istiqamətləri əhatə edir. Ha Giang əyalətində ibtidai məktəbin tikilməsi, təhsil proqramlarına dəstək göstərilməsi bu əməkdaşlığın konkret nəticələrindəndir. Bu layihələr Azərbaycanın beynəlxalq humanitar təşəbbüslərə verdiyi önəmin və dost xalqlara göstərdiyi diqqətin bariz nümunəsidir.
2025-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri də humanitar əlaqələrin inkişafında mühüm hadisə olub. Səfər çərçivəsində Vyetnamın dövlət rəsmiləri, yaradıcı ictimaiyyətin nümayəndələri və Azərbaycanda ali təhsil almış vyetnamlı məzunlarla görüşlər keçirilib. Eyni zamanda, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə yardımının göstərilməsi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edib.
Xeyriyyəçilik təşəbbüsləri ilə yanaşı, elm və təhsil sahəsində əlaqələr də dinamik şəkildə inkişaf edir. Bu əməkdaşlığın möhkəm tarixi təməli vardır. Belə ki, sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb, burada əldə etdikləri bilik və təcrübəni sonradan öz ölkələrinin inkişafına yönəldiblər. Bu fakt Azərbaycan təhsilinin beynəlxalq nüfuzunun və iki xalq arasında formalaşmış intellektual əlaqələrin göstəricisidir.
Hazırda hər iki ölkənin aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq müqavilələri və anlaşma memorandumları imzalanır. Vyetnam vətəndaşlarının Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün yaradılmış təhsil qrantı proqramlarından yararlanmaq imkanları da bu sahədə əlaqələrin genişlənməsinə şərait yaradır.
2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması isə tarixi dostluğun və elmi əlaqələrin rəmzi hadisəsi kimi diqqət çəkir. Bu təşəbbüs iki xalqın ortaq tarixinə, qarşılıqlı hörmətinə və gələcək nəsillərə ötürülən dostluq ənənələrinə verilən dəyəri ifadə edir.
Azərbaycan-Vyetnam münasibətlərinin mühüm istiqamətlərindən biri də mədəni əməkdaşlıqdır. Çünki xalqlar arasında dostluq yalnız siyasi və iqtisadi münasibətlərlə məhdudlaşmır. Mədəniyyət, incəsənət, ədəbiyyat və yaradıcılıq əlaqələri xalqları bir-birinə daha da yaxınlaşdırır, onların milli-mənəvi dəyərlərinin qarşılıqlı tanıdılmasına imkan yaradır.
Prezident İlham Əliyev müsahibəsində mədəni əlaqələrin təhsil əməkdaşlığını ahəngdar şəkildə tamamladığını vurğulayıb. Azərbaycanda mütəmadi olaraq Vyetnam Günlərinin keçirilməsi bu istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdəndir. 2026-cı ildə festivalın ilk dəfə Bakı və Qəbələ şəhərlərində təşkil olunması mədəni əməkdaşlığın coğrafiyasının genişləndiyini və yeni mərhələyə yüksəldiyini göstərir.

Azərbaycan və Vyetnam arasında mədəni əməkdaşlığın tarixi kökləri də olduqca zəngindir. Hələ 1955-ci ildə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev sovet-vyetnam sənədli filmi üçün “Vyetnam süitası” əsərini yaradıb. Rejissor Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda fəaliyyəti isə ölkənin milli kino sənətinin formalaşmasına mühüm töhfə verib. Onun vyetnamlı rejissor və aktyorların hazırlanmasında iştirakı, Vyetnam haqqında yazdığı əsərlər iki xalq arasında mədəni körpünün möhkəmlənməsində xüsusi rol oynayıb. “Vyetnamda gördüklərim” kitabının 2026-cı ildə Hanoyda təqdim edilməsi bu tarixi əlaqələrin bu gün də yaşadıldığını nümayiş etdirir.
Azərbaycanın Vyetnamla münasibətlərində humanizm və qarşılıqlı dəstək prinsipləri də mühüm yer tutur. Ölkəmizin 2024-cü ildə “Yaqi” tayfununun, 2025-ci ildə isə güclü daşqınların yaratdığı fəsadların aradan qaldırılması üçün Vyetnama maliyyə yardımı göstərməsi dostluğun əməli ifadəsidir.
Beləliklə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə bir daha göstərir ki, Azərbaycan-Vyetnam münasibətləri yalnız siyasi və iqtisadi maraqlara deyil, həm də möhkəm humanitar dəyərlərə, tarixi dostluğa və qarşılıqlı hörmətə əsaslanır. Xeyriyyəçilik, elm, təhsil və mədəniyyət sahələrində həyata keçirilən təşəbbüslər iki xalqın yaxınlaşmasına, yeni əməkdaşlıq imkanlarının yaranmasına və dostluq münasibətlərinin gələcək nəsillərə ötürülməsinə xidmət edir. Bu əlaqələrin davamlı inkişafı Azərbaycan ilə Vyetnam arasında strateji tərəfdaşlığın daha da möhkəmlənəcəyinə əminlik yaradır.

 

Mələk Rzayeva

YAP Kəngərli rayon təşkilatının əməkdaşı