“Biz Ağdamı bərpa edəcəyik!” – Cənab Prezident İlham Əliyevin qətiyyətindən doğan Böyük Qayıdış

“Biz Ağdamı bərpa edəcəyik!” – Cənab Prezident İlham Əliyevin qətiyyətindən doğan Böyük Qayıdış

2020-ci il noyabrın 20-də Ağdam şəhərinin Ermənistan işğalından azad edilməsi Azərbaycan tarixində mühüm dönüş nöqtələrindən biri oldu. Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər nəticəsində imzalanan üçtərəfli Bəyanata əsasən, Ağdamın Azərbaycana qaytarılması hərbi-siyasi qələbəmizin mühüm nəticəsi idi. Bu hadisə yalnız ərazi bütövlüyümüzün bərpası istiqamətində atılan addım deyil, həm də onilliklər boyu doğma yurd həsrəti ilə yaşayan minlərlə insanın qayıdış ümidinin gerçəkləşməsi demək idi.Bu hadisənin arxasında dayanan əsas amillərdən biri Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin illər ərzində həyata keçirdiyi məqsədyönlü, düşünülmüş və uzaqgörən siyasət idi. Dövlət başçısı münaqişənin həlli istiqamətində bütün siyasi və diplomatik imkanlardan istifadə etməklə yanaşı, Azərbaycanın iqtisadi gücünün artırılması, ordunun müasirləşdirilməsi, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi və milli birliyin gücləndirilməsi istiqamətində ardıcıl strategiya həyata keçirdi. Məhz bu siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan həm döyüş meydanında tarixi Zəfər qazandı, həm də diplomatik müstəvidə öz milli maraqlarını təmin etdi. Ağdamın bir güllə atılmadan, şəhid vermədən Azərbaycana qaytarılması da həmin siyasi uzaqgörənliyin və hərbi-siyasi qələbənin mühüm nəticələrindən biri oldu. Bu, bir daha sübut etdi ki, cənab İlham Əliyevin siyasəti yalnız günün tələblərinə deyil, Azərbaycanın uzunmüddətli milli maraqlarına və gələcək inkişaf hədəflərinə hesablanıb. Cənab Prezident İlham Əliyevin Ağdamın azad edilməsindən sonra şəhərə səfəri və burada səsləndirdiyi fikirlər isə yeni quruculuq mərhələsinin əsas istiqamətini müəyyənləşdirdi. Dövlət başçısının “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın” bəyanatı Azərbaycan dövlətinin qətiyyətinin ifadəsi idi. Bu sözlər sadəcə siyasi vəd deyil, həyata keçirilməsi üçün konkret proqramlar, layihələr və dövlət iradəsi səfərbər olunan böyük bir quruculuq missiyasının başlanğıcı idi.Bu gün Ağdamda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri həmin vədin real nəticələrini nümayiş etdirir. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş planının təsdiq edilməsi, müasir yaşayış məhəllələrinin salınması, yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, sosial obyektlərin və istehsal müəssisələrinin yaradılması Ağdamın gələcək simasını formalaşdırır. Ağdam Sənaye Parkının fəaliyyəti, dəmir yolu və avtovağzal kompleksinin istifadəyə verilməsi, regional infrastruktur layihələrinin reallaşdırılması şəhərin iqtisadi potensialının gücləndirilməsinə xidmət edir. Burada əsas məqsəd yalnız dağıdılmış şəhəri əvvəlki vəziyyətinə qaytarmaq deyil, Ağdamı daha müasir, daha abad, iqtisadi baxımdan güclü və insanların rahat yaşayacağı bir məkana çevirməkdir.Ağdamın dirçəlişində Böyük Qayıdış proqramı xüsusi əhəmiyyət daşıyır. 2025-ci il martın 27-dən etibarən Ağdama keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması şəhərin həyatında yeni mərhələnin əsasını qoydu. İllərlə doğma torpaqlarına qovuşmaq arzusu ilə yaşayan insanlar artıq öz evlərinə, ata-baba yurdlarına dönür, burada yeni həyat qururlar. Bu qayıdış sadəcə insanların bir ünvandan digərinə köçməsi deyil, tarixi yaddaşın bərpası, ailə ocaqlarının yenidən tüstülənməsi, milli-mənəvi dəyərlərimizin öz doğma məkanına qayıtmasıdır. Ağdamda hər yeni ev, hər açılan məktəb, hər salınan küçə bu böyük qayıdışın növbəti uğurudur.

Ağdamın yenidən qurulması həm də tarixi-mədəni irsimizin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Pənahəli xanın İmarət Kompleksinin bərpası, Ağdam Cümə məscidinin qorunması, Muğam Mərkəzinin yaradılması və Qarabağın zəngin mədəniyyət ənənələrinin yaşadılması şəhərin tarixi kimliyinin gələcək nəsillərə ötürülməsinə xidmət edir. Çünki Ağdam yalnız coğrafi məkan deyil, Qarabağ tarixinin, mədəniyyətinin, musiqisinin və milli yaddaşımızın ayrılmaz parçasıdır. Onun dirçəlişi həm də bu dəyərlərin yenidən canlanması deməkdir.20 Noyabr – Ağdam Şəhəri Gününün təsis edilməsi də tarixi Zəfərimizin əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə noyabrın 20-nin Ağdam Şəhəri Günü kimi müəyyənləşdirilməsi bu əlamətdar tarixin dövlət səviyyəsində yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Bu gün biz Ağdamın azadlığını qeyd etməklə yanaşı, həmin Zəfəri mümkün edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizin fədakarlığını minnətdarlıqla xatırlayırıq.

Bu gün Ağdamın simasında Azərbaycanın bütövlükdə keçdiyi tarixi yolun mənzərəsini görmək mümkündür. Bir zamanlar işğalın və dağıntıların simvoluna çevrilmiş şəhər indi quruculuğun, inkişafın və Böyük Qayıdışın ünvanıdır. Bu dəyişiklik təsadüfi deyil. Bu, güclü dövlətin, xalq-iqtidar birliyinin, Müzəffər Ordunun və milli maraqları hər şeydən üstün tutan düşünülmüş dövlət siyasətinin nəticəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiya sübut edir ki, Azərbaycan yalnız öz ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmir, eyni zamanda, azad edilmiş torpaqlarda yeni inkişaf modeli formalaşdırır.Əminliklə demək olar ki, Ağdamın gələcəyi onun keçmiş şöhrətindən də parlaq olacaq. Çünki bu gün həmin torpaqlarda yalnız binalar deyil, ümidlər, arzular və yeni həyat qurulur. Ağdamın hər qarışında Zəfərimizin izi, dövlətimizin qüdrəti və xalqımızın yenilməz iradəsi yaşayır.

20 Noyabr – Ağdam Şəhəri Günü mübariz xalqımızın tarixi ədalətə qovuşmasının, dövlətçilik iradəsinin və milli qürurunun təntənəsidir. Ağdam yenidən qurulur, Qarabağ dirçəlir, Azərbaycan isə öz Zəfərini böyük quruculuq uğurları ilə daha da möhkəmləndirir!

 

David Həsənov

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşı