İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb. Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişafına toxunulub, sənaye və istehsal sahəsində birgə layihələrin, enerji əməkdaşlığın, o cümlədən yaşıl enerji təşəbbüslərinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika imkanlarının əhəmiyyəti vurğulanıb. Müzakirədə ortaq iqtisadi maraqların reallaşdırılması və regional təşəbbüslərin irəlilədilməsi istiqamətində birgə fəaliyyətin önəmi qeyd olunub.
Bildirilib ki, Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin inkişafında dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri, XİN-lərarası siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrupu mühüm rol oynamaqdadır.
Ticarət dövriyyəsi 1,2 milyard dolları ötüb
Azərbaycan və Gürcüstan arasında iqtisadi münasibətlər iki ölkənin strateji tərəfdaşlığının əsas istiqamətlərindən biri kimi daim diqqətdə saxlanılır. Birgə icra olunan layihələr həm bu ölkənin regional mövqeyinin artmasına, həm də iqtisadi təhlükəsizliyinin möhkəmlənməsinə və inkişafına töhfə verməkdədir. Enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır.
Mariam Kvrivişvili bildirib ki, regionda baş verən geosiyasi dəyişikliklər fonunda Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsi, dinc yaşayış və dialoqun davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Regionda sülh təşəbbüslərinin davam etdirilməsi iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. Bu, bölgədə strateji nəqliyyat və kommunikasiya bağlantılarının, Şərq və Qərb arasında etibarlı körpüyə çevrilən Orta Dəhlizin Azərbaycan və Gürcüstan üçün əhəmiyyətini daha da artırır, iqtisadi münasibətləri möhkəmləndirir.
Tərəflər arasında iqtisadi-ticari-investisiya əlaqələrinin möhkəmlənməsində Hökumətlərarası Komissiyanın fəaliyyəti də müstəsna rol oynayır. Yüksəksəviyyəli görüşlər və komissiyanın iclasında xüsusi önəm verilən məsələlər, daim inkişaf etdirilən dialoqlar tərəflər arasında əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfələr verir. Əldə olunmuş razılaşmalar münasibətlərin strateji mahiyyətini bir daha təsdiqləyir və bütün sahələrdə müsbət dinamika müşahidə olunur. Bu, ticarət-iqtisadi sahələrdə də özünü bariz şəkildə əks etdirir. Hazırda Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, cari ilin ötən 10 ayı ərzində (yanvar-oktyabr) qarşılıqlı ticarət dövriyyəsi illik müqayisədə 14,6 faiz artaraq 1 milyard 254 milyon dollar təşkil edib. İki ölkə arasında illik ticarət dövriyyəsinin yaxın perspektivdə 2 milyard dolları aşması gözlənilir.
Əməkdaşlığın digər mühüm istiqaməti kənd təsərrüfatıdır. Qida Təhlükəsizliyi Agentliyi ilə Gürcüstanın Milli Qida Agentliyi arasında bitki karantini, bitki mühafizəsi və baytarlıq sahələrində imzalanan Anlaşma memorandumları aqrar ticarətin inkişafına əlavə imkanlar açır. Bu sənədlər fitosanitar və baytarlıq nəzarəti sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə, məhsulların təhlükəsizliyinin təmin olunmasına, ixrac prosedurlarının asanlaşdırılmasına və sahibkarların üzləşdiyi inzibati maneələrin azaldılmasına xidmət edə bilər. Nəticədə, hər iki ölkənin kənd təsərrüfatı istehsalçıları üçün qarşılıqlı bazarlara çıxış imkanları genişlənə bilər.
Gürcüstanın ən güclü investisiya partnyoru
İnvestisiya sahəsində əməkdaşlıqda da yüksək dinamika nümayiş etdirilir. Bu sahədə davamlı olaraq kapital dövriyyəsi böyüyür və Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkə kimi mövqeyini qoruyub saxlayır. Gürcüstanda müsbət sərmayə iqliminin mövcud olması Azərbaycanın iri şirkətlərinin, özəl investorlarının sərmayə təşəbbüskarlığını artırır. Ölkəmiz indiyə qədər Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırılıb ki, bu, dost ölkənin iqtisadi inkişafına öz mühüm töhfələrini verib. Hər iki ölkə yeni investisiya layihələri haqqında fikir mübadiləsi apararaq investisiya proqramını şaxələndirmək və üçüncü ölkələrə də birgə sərmayə qoyuluşunu icra etməyi nəzərdə tutur.
Yeri gəlmişkən, SOCAR bu ölkədə ən iri investor kimi fəal mövqeyini gücləndirməkdədir. Şirkət korporativ investisiya proqramı ilə Gürcüstandakı “Kulevi” terminalına sahib olub, 2008-ci ildə təsis olunmuş “SOCAR Energy Georgia” şirkəti Gürcüstanda ilk yanacaqdoldurma stansiyasını açaraq bu şəbəkəni genişləndirib. Hazırda Gürcüstan ərazisində “SOCAR” brendi altında 50-dən çox stansiya fəaliyyət göstərir. Gürcüstanda pərakəndə neft məhsulları satışı bazarının 75 faizi Azərbaycanın nəzarətindədir. Son illərdə bu ölkənin nəqliyyat, infrastruktur, enerji sektorlarının əsaslı şəkildə yenidən qurulmasında da ölkəmiz əsas maliyyə təchizatçısı kimi çıxış edir.
E.CƏFƏRLİ