Azərbaycan-Vyetnam münasibətləri yeni inkişaf mərhələsində: Prezident İlham Əliyev gələcək əməkdaşlığın prioritetlərini açıqlayıb

Azərbaycan-Vyetnam münasibətləri yeni inkişaf mərhələsində: Prezident İlham Əliyev gələcək əməkdaşlığın prioritetlərini açıqlayıb

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə iki ölkə arasında mövcud münasibətlərin mahiyyətini, əldə olunmuş nəticələri və gələcək əməkdaşlığın əsas istiqamətlərini əhatə etməsi baxımından diqqətəlayiqdir. Dövlət başçısı müsahibəsində Azərbaycan-Vyetnam əlaqələrinin tarixi inkişafına nəzər salıb, siyasi dialoqun hazırkı vəziyyətini dəyərləndirib, iqtisadi-ticari münasibətlərin genişləndirilməsi imkanlarından danışıb. Eyni zamanda, energetika, investisiya, nəqliyyat, humanitar, təhsil və mədəniyyət sahələrində həyata keçirilən təşəbbüsləri diqqətə çatdıraraq qarşıdakı dövr üçün əməkdaşlığın prioritetlərini müəyyənləşdirib.

Prezident İlham Əliyevin müsahibədə xüsusi vurğuladığı məsələlərdən biri Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin uzunmüddətli tarixi və bu əlaqələrin formalaşmasında mühüm xidmətləri olan dövlət xadimlərinin roludur. Dövlət başçısı bildirib ki, iki ölkə arasında münasibətlərin təxminən 70 illik tarixindən danışarkən, ilk növbədə, bu dostluğun əsasını qoymuş liderləri xatırlamaq lazımdır. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri münasibətlərin başlanğıc nöqtəsi kimi xüsusi qeyd olunub.

Müsahibədə 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə sovet nümayəndə heyətinin Vyetnama səfərinə də geniş yer ayrılıb. Prezident İlham Əliyev həmin səfərin əhəmiyyətini vurğulayaraq bildirib ki, Ulu Öndərin təşəbbüsü ilə səfərin müddəti səkkiz günə qədər uzadılıb və Vyetnamın əsas regionlarını əhatə edib. Səfər zamanı əldə olunan razılaşmalar ölkənin iqtisadi inkişafına güclü təkan verib və gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirib. Bu fakt Azərbaycan-Vyetnam münasibətlərinin formalaşmasında Heydər Əliyevin mühüm rolunu bir daha ön plana çıxarır.

Dövlət başçısı müstəqillik dövründə də iki ölkə arasında əlaqələrin ardıcıl şəkildə inkişaf etdirildiyini qeyd edib. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri, 2015-ci ilin mayında isə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri siyasi münasibətlərin genişlənməsində mühüm mərhələ olub. Bu qarşılıqlı təmaslar sonrakı illərdə əməkdaşlığın daha geniş sahələri əhatə etməsi üçün əlverişli zəmin yaradıb.

Prezident İlham Əliyevin müsahibəsində 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri xüsusi əhəmiyyət daşıyan hadisə kimi təqdim olunub. Dövlət başçısının sözlərinə görə, səfər zamanı keçirilən konstruktiv danışıqlar energetika və investisiyalardan müdafiə və kibertəhlükəsizliyə qədər geniş istiqamətləri əhatə edib. Nəticədə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul olunub. Bu sənəd Azərbaycan-Vyetnam əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsini rəsmiləşdirməklə yanaşı, qarşılıqlı əməkdaşlığın praktiki məzmununun genişləndirilməsinə də xidmət edir.

Müsahibədə diqqət çəkən digər məqam siyasi dialoqun yalnız dövlət başçıları səviyyəsində aparılmamasıdır. Prezident İlham Əliyev hökumətlərarası komissiyaların, müvafiq dövlət qurumlarının və parlamentlərarası dostluq qruplarının fəaliyyətinin münasibətlərin inkişafında əhəmiyyətini vurğulayıb. Bununla yanaşı, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlığın mövcudluğunu qeyd edib. Azərbaycan və Vyetnamın BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərməsi də siyasi münasibətlərin çoxtərəfli müstəvidə inkişaf etdiyini təsdiqləyir.

Dövlət başçısının müsahibəsində iqtisadi-ticari münasibətlərin mövcud vəziyyəti və inkişaf imkanları da ətraflı təhlil olunub. Prezident İlham Əliyev bildirib ki, 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstərici tərəflərin real iqtisadi imkanlarını tam əks etdirmir. Hər iki ölkənin qarşılıqlı ticarətin əhəmiyyətli dərəcədə artırılması üçün kifayət qədər potensialı var.

Energetika sahəsi Prezident İlham Əliyevin müsahibəsində xüsusi yer tutan istiqamətlərdəndir. Dövlət başçısı sovet dövründən etibarən neft sektorunun Azərbaycan-Vyetnam əməkdaşlığının əsasını təşkil etdiyini diqqətə çatdırıb. Bu baxımdan SOCAR ilə Vyetnam Milli Neft və Qaz Şirkəti – PetroVietnam arasında əlaqələrin dərinləşdirilməsi mühüm əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı kimi sahələrdə birgə fəaliyyət imkanlarını genişləndirir. Bu əməkdaşlıq iki ölkənin enerji sektorunda malik olduğu təcrübənin qarşılıqlı istifadəsi baxımından da perspektivlidir.

Prezident İlham Əliyev Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakını da müsbət qiymətləndirib. Müsahibədə “ROX Group” şirkətinin fəaliyyəti bu istiqamətdə konkret nümunə kimi göstərilib. Şirkət Azərbaycanda tikinti, infrastrukturun inkişafı, Günəş və külək enerjisi sahələrində layihələr həyata keçirməkdə maraqlıdır. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ROX Group” ilə müvafiq sənədlərin imzalanması investisiya əməkdaşlığının praktiki müstəvidə genişləndiyini göstərir.

Dövlət başçısının müsahibəsində Azərbaycanın tranzit və logistika imkanları da xüsusi diqqət mərkəzində olub. Prezident İlham Əliyev bildirib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Bu göstərici nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanları nümayiş etdirir.

Prezident Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya, eləcə də əks istiqamətdə yüklərin daşınmasında səmərəli istifadə edilə biləcəyini vurğulayıb. Dövlət başçısının bu fikirləri Azərbaycanın coğrafi mövqeyinin yalnız regional deyil, həm də qitələrarası iqtisadi əlaqələr baxımından əhəmiyyətini ortaya qoyur. Eyni zamanda, belə əməkdaşlıq əlavə iqtisadi dəyərin yaradılmasına, yeni bazarlara çıxış imkanlarının genişlənməsinə və ikitərəfli ticarət əlaqələrinin inkişafına şərait yarada bilər.

Prezident İlham Əliyev müsahibəsində iqtisadi əməkdaşlığın yalnız neft və nəqliyyat sahələri ilə məhdudlaşmadığını da diqqətə çatdırıb. Dövlət başçısının fikirlərinə əsasən, Azərbaycan və Vyetnam enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika və digər aparıcı sahələrdə genişmiqyaslı birgə təşəbbüsləri həyata keçirmək üçün kifayət qədər resurslara malikdir. Bu yanaşma qarşıdakı dövrdə iqtisadi münasibətlərin daha şaxəli xarakter alacağını göstərir.

Müsahibənin mühüm bölmələrindən biri humanitar, təhsil və mədəni əlaqələrə həsr olunub. Prezident İlham Əliyev bu əməkdaşlığı xalqları və dövlətləri birləşdirən möhkəm körpü kimi xarakterizə edib. Dövlət başçısı onilliklər ərzində təhsil təşəbbüsləri, xeyriyyə layihələri və mədəni mübadilə vasitəsilə bu əlaqələrin inkişaf etdirildiyini bildirib.

Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunub. Fondun Vyetnamın Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstəyi və müxtəlif təhsil proqramlarında iştirakı humanitar əməkdaşlığın konkret nümunələridir. Prezident İlham Əliyev Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfərinin də əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Səfər zamanı ölkə rəhbərliyi nümayəndələri, yaradıcı ziyalılar və Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə görüşlər keçirilib, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə dəstəyi göstərilib.

Təhsil sahəsində əlaqələrin tarixi kökləri də müsahibədə xüsusi diqqətə çatdırılıb. Prezident İlham Əliyev bildirib ki, sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb və sonradan burada qazandıqları bilik və təcrübəni öz ölkələrinin inkişafına yönəldiblər. Hazırda iki ölkənin aparıcı universitetləri arasında tərəfdaşlıq müqavilələri və memorandumlar imzalanır. Bundan başqa, Vyetnam nümayəndələrinin Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün yaradılmış təhsil qrant proqramlarında iştirak etmək imkanları mövcuddur.

2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması da Prezidentin diqqətə çatdırdığı mühüm hadisələrdəndir. Açılışın Ho Şi Minin anadan olmasının 135-ci ildönümünə təsadüf etməsi tədbirə xüsusi məna verib. Bu təşəbbüs iki xalqın ortaq tarixi yaddaşına ehtiramın və dostluq münasibətlərinin qorunmasının ifadəsidir.

Mədəniyyət sahəsində əməkdaşlıqdan danışan Prezident İlham Əliyev Azərbaycanda ənənəvi olaraq Vyetnam Günlərinin keçirildiyini bildirib. 2026-cı ildə bu tədbirin ilk dəfə Bakı və Qəbələ şəhərlərini əhatə etməsi mədəni mübadilənin yeni mərhələyə yüksəldiyini göstərir. Vyetnamın tanınmış şairi Mai Van Phanın “Gün doğarkən” adlı şeirlər toplusunun Azərbaycanda nəşri də ədəbi əlaqələrin inkişafına verilən töhfələrdəndir.

Dövlət başçısı xalqlarımız arasında mədəni münasibətlərin daha qədim ənənələrə söykəndiyini də xatırladıb. Hələ 1955-ci ildə görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev ilk Sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası” əsərini yaradıb. Rejissor Əjdər İbrahimov isə 1959–1962-ci illərdə Vyetnamda yaşayıb və çalışaraq ölkənin milli kino sənətinin inkişafına, rejissor və aktyorların yetişdirilməsinə töhfə verib. Onun “Vyetnamda gördüklərim” kitabının Vyetnam dilinə tərcümə edilməsi və 2026-cı ildə Hanoyda təqdim olunması da mədəni əlaqələrin davamlılığını göstərən hadisələrdəndir.

Müsahibədə humanitar həmrəyliyin digər təzahürü kimi Azərbaycanın Vyetnamda baş vermiş təbii fəlakətlər zamanı göstərdiyi yardım da qeyd olunub. 2024-cü ildə “Yaqi” fırtınasının törətdiyi dağıntıların aradan qaldırılması, eləcə də 2025-ci ildə genişmiqyaslı daşqınların vurduğu ziyanın nəticələrinin aradan qaldırılması üçün Azərbaycanın maliyyə dəstəyi göstərməsi iki ölkə arasında dostluğun çətin anlarda da öz təsdiqini tapdığını nümayiş etdirir.

Müsahibənin sonunda Prezident İlham Əliyev qarşıdakı Vyetnam səfəri ilə bağlı gözləntilərini bölüşərək bu səfərin qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində yeni mərhələ olacağına əminliyini ifadə edib. Dövlət başçısı Vyetnamı Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən ölkəsi, Azərbaycanı isə Cənubi Qafqazın əsas logistika və energetika mərkəzi kimi xarakterizə edib. Prezidentin sözlərinə görə, iki ölkənin qüvvələrini birləşdirməsi yeni bazarlara çıxış, birgə layihələrin həyata keçirilməsi, biznes və investisiya imkanlarının artırılması üçün əlverişli şərait yaradır.

Beləliklə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin hazırkı vəziyyətini və gələcək inkişaf istiqamətlərini konkret faktlar, əldə olunmuş nəticələr və yeni əməkdaşlıq imkanları əsasında təqdim edir. Dövlət başçısının açıqlamaları göstərir ki, tərəflər arasında mövcud olan tarixi dostluq bu gün strateji tərəfdaşlıq səviyyəsində yeni məzmun qazanır. Siyasi dialoqun genişlənməsi, iqtisadi-ticari dövriyyənin artırılması, enerji və nəqliyyat sahələrində birgə fəaliyyət, eləcə də humanitar və mədəni əlaqələrin inkişafı qarşıdakı dövrdə ikitərəfli münasibətlərin əsas istiqamətlərini təşkil edəcək. Prezidentin müsahibədə ifadə etdiyi mövqe və gözləntilər Azərbaycanla Vyetnam arasında əməkdaşlığın daha konkret layihələrlə zənginləşdirilməsinə və xalqlarımızın qarşılıqlı maraqlarına xidmət edən yeni nəticələrin əldə olunmasına yönəlib.

 

İlkin Bağırov

YAP Babək rayon təşkilatının əməkdaşı