Siyasi meydanın lideri və cəmiyyətin aparıcı qüvvəsi

Siyasi meydanın lideri və cəmiyyətin aparıcı qüvvəsi

1992-ci il 21 noyabr tarixi Azərbaycanın siyasi tarixində mühüm hadisələrdən biri kimi qeyd olunur. Həmin gün Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı keçirilmişdir. Ölkənin mürəkkəb ictimai-siyasi proseslər yaşadığı, müstəqilliyin qorunması və dövlətçiliyin möhkəmləndirilməsi məsələlərinin gündəmdə olduğu bir dövrdə partiyanın yaradılması Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı kimi səciyyələndirilir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası öz fəaliyyətində dövlət müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin olunması və ölkənin gələcək inkişafı ilə bağlı məsələləri əsas istiqamətlər kimi müəyyənləşdirmişdir.

1992-ci il oktyabrın 16-da Azərbaycanın tanınmış ziyalılarından ibarət 91 nəfərlik təşəbbüs qrupu Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılmasını təklif etmişdi. Həmin müraciət ölkənin müxtəlif bölgələrində yaşayan insanların siyasi və ictimai proseslərdə iştirak etmək, öz mövqelərini ifadə etmək istəyini əks etdirirdi. Heydər Əliyev oktyabrın 24-də müraciətə müsbət cavab verərək Yeni Azərbaycan Partiyasının yaradılmasının zəruriliyini qeyd etmişdi. Partiyanın təsis edilməsi istiqamətində təşkilati işlərə başlanılmış, Azərbaycanın müxtəlif bölgələrini təmsil edən nümayəndələrin iştirakı ilə təsis konfransının keçirilməsi qərara alınmışdı. 

21 noyabr 1992-ci ildə keçirilən təsis konfransında Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçildi. Konfransda partiyanın Proqramı və Nizamnaməsi qəbul edildi, Siyasi Şura və İdarə Heyəti formalaşdırıldı. Bu qərarlar YAP-ın təşkilati və siyasi fəaliyyətinin əsaslarını müəyyənləşdirdi. Partiya müstəqil Azərbaycanın siyasi sistemində öz yerini tutaraq dövlət müstəqilliyinin qorunması, hüquqi və demokratik dövlət quruculuğu, milli maraqların müdafiəsi kimi məsələləri fəaliyyət istiqamətlərinə daxil etdi. 

Yeni Azərbaycan Partiyasının siyasi meydanda mövqeyinin formalaşması sonrakı illərdə ölkədə baş verən ictimai-siyasi proseslərlə sıx bağlı olmuşdur. 1993-cü ilin iyun ayında Heydər Əliyevin Bakıya qayıtması və Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Həmin ilin oktyabrında keçirilən prezident seçkilərində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu dövrdən etibarən YAP ölkənin hakim siyasi qüvvəsi kimi fəaliyyət göstərməyə başladı. Partiyanın siyasi fəaliyyəti dövlət idarəçiliyi, qanunvericilik və ictimai-siyasi proseslərdə iştirakla davam etdi. 

Bu gün 21 noyabr tarixi Yeni Azərbaycan Partiyasının yaranma günü olmaqla yanaşı, Azərbaycanın müasir siyasi tarixinin mühüm hadisələrindən biri kimi xatırlanır. Partiyanın fəaliyyəti illər ərzində təşkilati baxımdan genişlənmiş, müxtəlif sosial təbəqələri və yaş qruplarını təmsil edən üzvləri bir araya gətirmişdir. Siyasi meydanın lideri və cəmiyyətin aparıcı qüvvəsi anlayışları YAP-ın ölkənin ictimai-siyasi həyatında tutduğu mövqeyi ifadə edən əsas xarakteristikalar sırasında yer alır. 21 noyabr 1992-ci ildə əsası qoyulan bu siyasi təşkilatın tarixi Azərbaycanın müstəqillik dövrünün siyasi prosesləri ilə sıx bağlıdır. 

 

Pərviz Məcnunov

YAP Laçın rayon təşkilatının əməkdaşı