Tərtər rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə tədbir keçirilib

  20 noyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş  tədbir keçirilib.

   Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və təşkilatın əməkdaşları,ərazi partiya təşkilat sədrləri, şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
   Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
    Tədbir Tərtər rayon İcra Hakimiyyətinin akt zalında davam etdirilib.
   Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
   Müasir, müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
  Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası 34 illik şərəfli yolu ilə dövlətçiliyimizin dayağıdır”  adlı qısametrajlı film nümayiş olunub.
    YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycanın müasir inkişaf strategiyasının təməlində Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, uzaqgörən siyasəti və xalq-lider birliyi dayanır. O qeyd edib ki, müstəqilliyimizin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, xaos və dərin böhran dövlət müstəqilliyimizi ciddi təhlükə qarşısında qoymuşdu. Belə bir mürəkkəb tarixi şəraitdə 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə ünvanladığı müraciət xalqın gələcəyə ümidini və xilaskar liderə olan inamını əks etdirirdi. Bu müraciət, eyni zamanda, milli məsuliyyətin və dövlətçilik naminə birliyin parlaq nümunəsi idi. Ulu Öndər Heydər Əliyev ziyalıların çağırışını yüksək qiymətləndirərək xalqın dəstəyinə söykənən siyasi mübarizəyə başladı. Naxçıvanda keçirilən təsis konfransı isə Yeni Azərbaycan Partiyasının yaranması və müstəqil Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanması ilə əlamətdar oldu.

   Eldar Əsədov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə böhranın aradan qaldırılmasına, dövlət idarəçiliyinin möhkəmləndirilməsinə və davamlı inkişafın təmin olunmasına mühüm zəmin yaradıb. Həmin dövrdə əsası qoyulan siyasi kurs 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə, beynəlxalq müstəvidə söz sahibi olan nüfuzlu ölkəyə çevrilib. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı ordu quruculuğu və müdafiə sahəsində görülən işlər 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Qələbənin əldə olunmasını təmin edib. Bu möhtəşəm Zəfər Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və xalq-lider həmrəyliyinin təntənəsi kimi tarixə düşüb. 2023-cü ildə Azərbaycanın suverenliyinin tam bərpa edilməsi isə milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri olaraq ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyub.
   Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Azərbaycanın müstəqillik tarixində mühüm siyasi hadisələrdən biri olan 91-lərin Ulu Öndər Heydər Əliyevə müraciətinin əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradılması həmin müraciətin məntiqi davamı olmaqla, ölkəmizin dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoyub. Partiyanın təsis konfransı Azərbaycanın siyasi həyatında dönüş nöqtəsinə çevrilərək milli dövlətçilik ideyalarının möhkəmlənməsində mühüm rol oynayıb. Bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən milli maraqların müdafiəsini əsas fəaliyyət istiqaməti seçərək intellektual potensiala və güclü siyasi iradəyə malik nüfuzlu siyasi qüvvə kimi formalaşıb.

   Çıxışında Azərbaycanın qazandığı tarixi Zəfərə də toxunan Müstəqim Məmmədov bildirib ki, uzun illər işğal altında qalan torpaqlarımızın 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməsi xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbə, 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri və ölkəmizin ərazi bütövlüyü ilə yanaşı, dövlət suverenliyinin də tam bərpa olunması Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirib.

   Müstəqim Məmmədov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi və əldə edilən sosial-iqtisadi uğurlar Yeni Azərbaycan Partiyasının 33 illik fəaliyyətinin də mühüm nəticələrindəndir. Bu gün 700 mindən çox üzvü öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası xalqın etimadını qazanmış, ölkənin siyasi həyatında aparıcı mövqeyə malik siyasi qüvvə kimi fəaliyyətini uğurla davam etdirir.

   Tədbirdə Partiya veteranları Sahib Həsənov, Kərrar Bayramov, Tərtər Peşə Məktəbi PHŞ-də psixoloq Altunə Bayramova, Tərtər rayon Sarıcalı kənd tam orta məktəbinin müəllimi Esmira Qəhrəmanova və Qaraağacı ərazi partiya təşkilatının sədr müavini Rəşad Qarayev  də çıxış ediblər. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası haqqında dediyi sözlər qürur hissilə vurğulanıb : “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır”
  Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə və partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv olanlara üzvlük vəsiqələri və rayonun ictimai-siyası həyatında fəal iştirak edənlərə qiymətli hədiyyələr təqdim olunub.

  Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatmışdır.