Xocavənd rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində noyabrın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov iştirakçıları salamlayaraq Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyət yolunun Azərbaycanın müasir siyasi tarixində mühüm yer tutduğunu bildirib. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ötən illər ərzində ölkəmizin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrilib, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, milli maraqların qorunmasında və Azərbaycanın davamlı inkişafında mühüm rol oynayıb.

Vüsal Hüseynov çıxışında Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlərdən, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsindən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından bəhs edib. Bildirib ki, bu gün qarşıda duran əsas vəzifələrdən biri əldə olunan uğurların davamlılığını təmin etmək, partiyanın sıralarını daha da gücləndirmək, üzvlərin ictimai-siyasi fəallığını artırmaq və dövlət başçısının müəyyən etdiyi hədəflərin həyata keçirilməsinə töhfə verməkdir.

Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Süleymanov Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyət yolundan, ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan və Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərdən bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, ölkəmizin hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, eləcə də regionların sosial-iqtisadi tərəqqisi həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Azər Süleymanov partiya üzvlərini yubiley münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra  YAP fəal üzvü Şaiq Aslanov, 44 günlük Vətən müharibəsinin qazisi, ehtiyatda olan zabit Hafiz Mirzəliyev və Xocavənd Rayon Mərkəzi Xəstəxana Publik Hüquqi Şəxsin Ərazi Partiya Təşkilatının sədri Təhminə Mirzəyeva Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyət yolundan, ölkəmizin ictimai-siyasi həyatında oynadığı mühüm roldan və əldə olunan tarixi nailiyyətlərdən danışıblar.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin siyasi irsinin əhəmiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar, Vətən müharibəsində əldə edilən tarixi Zəfər və ərazi bütövlüyümüzün tam bərpası xüsusi vurğulanıb. Natiqlər, həmçinin partiya üzvlərinin üzərinə düşən vəzifələrdən, gənclərin ictimai-siyasi fəallığının artırılmasından, YAP sıralarının genişləndirilməsindən və partiyanın gələcək fəaliyyət istiqamətlərindən bəhs ediblər.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına, partiyanın fəaliyyətində göstərdikləri xidmətlərə və təşkilati işlərdəki fəallıqlarına görə bir qrup partiya fəalı fəxri fərman və hədiyyələrlə təltif olunub. Həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və tədbir başa çatıb.