YAP Kəlbəcər rayon təşkilatı “Yeni Azərbaycan Partiyası – Qalibiyyət salnaməsi” adlı tədbir keçirib

YAP Kəlbəcər rayon təşkilatının təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası – Qalibiyyət salnaməsi” adlı tədbir keçirilib.
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, YAP veteranları, partiya fəalları və gənclər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla da tanış olublar.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.   Yeni Azərbaycan Partiyasının yaranma tarixi və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurətindən, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və onun dövlətçilik siyasətindən bəhs edib. Bildirilib ki, 1993-cü ildə Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitliyin təmin olunması, dövlətçiliyin möhkəmləndirilməsi və Azərbaycanın inkişaf strategiyasının müəyyənləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Qeyd etdi  ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasi varislik nəticəsində Azərbaycan tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu gün ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələr Azərbaycanın yeni inkişaf mərhələsini nümayiş etdirir. Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri Böyük Qayıdış prosesinin uğurla həyata keçirilməsinə xidmət edir.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxışında Yeni Azərbaycan Partiyasının 21 noyabr 1992-ci ildə yaradılmasının tarixi əhəmiyyətindən, partiyanın keçdiyi inkişaf yolundan, qurultaylarından və ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası ötən 34 il ərzində mühüm inkişaf yolu keçib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın təşkilati strukturu daha da möhkəmlənir, ideoloji və siyasi fəaliyyəti genişlənir. YAP Cənubi Qafqazın aparıcı siyasi təşkilatlarından biri kimi ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir.
Sədr Həbib Misirov, həmçinin 2026-cı il oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin partiyanın inkişaf strategiyası və qarşıda duran vəzifələrlə bağlı proqram xarakterli çıxışının əhəmiyyətini vurğulayıb. Bildirib ki, həmin çıxışda partiyanın gələcək fəaliyyət istiqamətləri, müasir dövrün çağırışları və yeni hədəfləri ilə bağlı mühüm mesajlar səsləndirilib.
Tədbirdə YAP veteranı Əli Bağırov, Təhsil işçiləri Kəlbəcər rayon Həmkarlar Komitəsinin sədri Şəlalə Məmmədova, 55 saylı Kəlbəcər Yol İstismar İdarəsi  üzrə ərazi partiya təşkilatının sədri Firdovsi Qafarov, Qərbi Azərbaycan İcmasının Kəlbəcər rayon üzrə nümayəndəsi Akif Bayramov, Gəncə Dövlət Universitetinin tələbəsi Səbuhi Cəlilov, partiya fəalı  Estella Əmrahova və digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, tarixi Zəfərdən və dövlət suverenliyimizin bərpasından bəhs ediblər. Çıxışlarda, həmçinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri, doğma Kəlbəcərə qayıdış, Böyük Qayıdış proqramının əhəmiyyəti və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məsələlərinə toxunulub.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri təqdim edilib. Həmçinin partiyanın fəaliyyətində fəallığı ilə seçilən YAP veteranları və üzvləri YAP Kəlbəcər rayon təşkilatının Fəxri fərmanları ilə təltif olunublar.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.