Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı partiyanın yaradılmasının 23-cü ildönümü münasibətilə tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə geniş məruzə ilə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov partiyanın yaranma tarixindən, keçdiyi çətin və şərəfli yoldan ətraflı danışıb. Qeyd edib ki, 660 mindən artıq üzvü olan Yeni Azərbaycan Partiyası xalqımızın ən ağır günlərində yaradılmış siyasi təşkilatdır: “Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün regionun ən böyük siyasi təşkilatıdır. Partiyamız uzun illərdir ki, yorulmadan xalqa, dövlətçiliyimizin möhkəmləndirilməsi amallarına xidmət edir. Müstəqil Azərbaycan dövlətinin daha yüksək inkişafı istiqamətində bütün partiya üzvləri qüvvə və bacarıqlarını səfərbər ediblər”.
Daha sonra çıxış edən Qazax rayon İcra Hakimiyyətinin başçısının müavini Fərman Nağdalıyev, YAP Qazax rayon təşkilatının Şura üzvləri Abbas Göyüşov, Tərlan Bədəlova, rayon təşkilatı Qadınlar Şurasının sədri Asya Alhüseynova, YAP Qazax rayon təşkilatı AMİ Qazax filialı ərazi ilk partiya təşkilatının sədr müavini Məmməd Yusifov Yeni Azərbaycan Partiyasının ötən 23 il ərzində qazandığı uğurlardan danışıblar.