Yeni Azərbaycan Partiyası – 34 illik tarixi yolun, siyasi iradənin və xalq etimadının ünvanı

Yeni Azərbaycan Partiyası – 34 illik tarixi yolun, siyasi iradənin və xalq etimadının ünvanı

 

1992-ci il noyabrın 21-də Azərbaycanın müasir siyasi tarixində mühüm hadisə baş verdi. Həmin gün xalqın tələbi və təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu tarixi hadisə ölkənin mürəkkəb ictimai-siyasi şəraitində milli dövlətçiliyin qorunması, müstəqilliyin möhkəmləndirilməsi və Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Beləliklə, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən xalqın inamına, siyasi iradəsinə və dövlətçilik maraqlarına söykənən qüdrətli siyasi təşkilat kimi formalaşmağa başladı. XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda hökm sürən siyasi böhran, idarəetmədə yaranmış boşluq, iqtisadi çətinliklər və ölkənin parçalanmaq təhlükəsi cəmiyyətdə ciddi narahatlıq doğururdu. Belə bir mürəkkəb dövrdə ziyalıların, vətənpərvər insanların və ölkənin taleyinə biganə qalmayan vətəndaşların müraciəti ilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaradılması zərurəti meydana çıxdı. Partiyanın təsis edilməsi sadəcə yeni siyasi təşkilatın yaranması deyil, Azərbaycanın gələcəyinə yönəlmiş məsuliyyətli addım və tarixi qərar idi. Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı qərar qəbul edildi, Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Bu hadisə Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. Partiyanın yaranması xalqın sabitlik, inkişaf, güclü dövlətçilik və milli həmrəylik istəyinin siyasi ifadəsinə çevrildi. Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyətli rəhbərliyi sayəsində Yeni Azərbaycan Partiyası qısa müddətdə ümumxalq partiyasına çevrildi. 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas etdi, ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasına, dövlət institutlarının möhkəmləndirilməsinə və müstəqil dövlət quruculuğunun əsaslarının yaradılmasına nail oldu. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın gələcək inkişafının möhkəm təməlini formalaşdırdı. Dövlətçiliyin qorunması, iqtisadiyyatın dirçəldilməsi, beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqelərinin gücləndirilməsi və milli maraqların müdafiəsi bu siyasətin əsas istiqamətlərini təşkil edirdi. Yeni Azərbaycan Partiyası da bu tarixi proseslərin fəal iştirakçısı və siyasi dayağı kimi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi. Bu gün Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə öz inkişafının yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirərək Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, iqtisadi qüdrətinin artmasına, milli maraqlarının etibarlı müdafiəsinə və tarixi Zəfərin əldə olunmasına nail olub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması dövlətçilik tariximizin ən möhtəşəm hadisələrindən biridir. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə, 2023-cü ildə suverenliyimizin tam bərpası Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, güclü dövlət siyasətinin və Azərbaycan xalqının birliyinin parlaq təcəssümüdür. Bu uğurlar həm də Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır” fikri partiyanın fəaliyyətinin əsas ideoloji istiqamətini aydın ifadə edir. Bu siyasi xətt müstəqil Azərbaycanın möhkəmlənməsinə, milli maraqların qorunmasına, xalq-iqtidar birliyinin gücləndirilməsinə və davamlı inkişafın təmin edilməsinə xidmət edir. Dövlət başçısının VIII Qurultaydakı çıxışında vurğuladığı kimi, “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var”. Bu fikir Yeni Azərbaycan Partiyasının cəmiyyət həyatındakı rolunu, partiya fəallarının dövlətçilik maraqlarının müdafiəsində və həyata keçirilən siyasi kursun təbliğindəki fəallığını bir daha təsdiqləyir. VIII Qurultay Azərbaycanın yeni ictimai-siyasi və geosiyasi reallıqları fonunda keçirilən mühüm siyasi hadisə kimi yadda qaldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.” Bu tarixi reallıq partiyanın qarşısında yeni vəzifələr, yeni hədəflər və daha böyük məsuliyyət müəyyənləşdirir. Qurultayda qəbul edilən qərarlar və partiyanın yenilənmiş Proqramı müasir dövrün çağırışlarını, ölkəmizin inkişaf prioritetlərini və regionda yaranmış yeni reallıqları nəzərə alan strateji sənəd kimi əhəmiyyət daşıyır. Bu sənəd Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirməklə yanaşı, Azərbaycanın davamlı inkişafına, milli həmrəyliyin möhkəmləndirilməsinə və dövlətçilik ənənələrinin qorunmasına xidmət edir. Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” fikri isə milli maraqların qorunmasında siyasi həmrəyliyin və vahid mövqenin nə qədər vacib olduğunu nümayiş etdirir. Bu yanaşma dövlətin taleyi, xalqın gələcəyi və Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı məsələlərdə birlik və məsuliyyət prinsipinin prioritet olduğunu göstərir. Bu gün 34 yaşını qeyd edən Yeni Azərbaycan Partiyası ölkənin ən böyük siyasi təşkilatlarından biri kimi cəmiyyətin müxtəlif təbəqələrini öz ətrafında birləşdirir. Partiyanın sıralarında birləşən minlərlə vətəndaş Azərbaycanın inkişafına, dövlətçilik ənənələrinin qorunmasına və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun uğurla davam etdirilməsinə öz töhfəsini verir. Xüsusilə gənclərin partiya həyatında fəal iştirakı, qadınların ictimai-siyasi proseslərdə təmsilçiliyinin genişlənməsi təşkilatın gələcəyə hesablanmış fəaliyyətinin mühüm göstəricilərindəndir.

Yeni Azərbaycan Partiyasının 34 illik tarixi məsuliyyətli siyasi qərarların, xalq etimadının, milli birliyin və dövlətçilik ideallarına sədaqətin tarixidir. Partiya yarandığı gündən bu günə qədər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin siyasi, iqtisadi və sosial inkişafı, beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində mühüm rol oynayıb. Bu gün Yeni Azərbaycan Partiyası dünənin zəngin tarixi təcrübəsinə, bu günün güclü siyasi mövqeyinə və gələcəyin aydın inkişaf hədəflərinə söykənərək fəaliyyətini uğurla davam etdirir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqlik, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nailiyyətlər və xalqla hakimiyyət arasında mövcud olan birlik partiyanın gələcək uğurlarının əsas təminatıdır.

 

Lalə Məmmədova

YAP Samux rayon təşkilatının əməkdaşı