Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib

Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib

Oktyabrın 11-də Aşqabadda məhdud tərkibdə iclas başa çatandan sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevə Türkmənistanın “Bitərəflik” ordenini təqdim edib.
Azərbaycanın Rusiyadakı səfiri, MDB-yə üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun idarə heyətinin sədri Polad Bülbüloğlu Fondun “Humanitar əməkdaşlığın inkişafında xidmətlərinə görə” medalını Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim edib.
İclasda bir sıra sənədlər, o cümlədən “Strateji iqtisadi əməkdaşlıq haqqında” bəyannamə imzalanıb.
* * *
Daha sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından nümayəndə heyətləri başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.
Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak edib.
* * *
Bununla da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb.