“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov avqustun 25-də Türkiyə Respublikasının ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun ilə görüşüb.
“Azərbaycan Dəmir Yolları”dan AZƏRTAC-a bildirilib ki, görüşdə QSC-nin sədri C.Qurbanov Azərbaycanın dəmir yolunda reallaşdırılan layihələr və qarşıda duran perspektiv vəzifələr barədə qonağa ətraflı məlumat verib.
Həmçinin, Türkiyə və Azərbaycanın dəmir yollarının gələcək planları və bu əməkdaşlığın perspektivləri müzakirə olunub.
İsmayıl Alper Coşkun “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldığını bildirib.
Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və bununla bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.