Milli dövlətçilik ideyalarından qüdrətli Azərbaycan hədəfinə uzanan yol

Milli dövlətçilik ideyalarından qüdrətli Azərbaycan hədəfinə uzanan yol

 

 

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

 

21 noyabr 1992-ci il Azərbaycan tarixində yalnız bir siyasi partiyanın yaradıldığı gün deyil. Bu tarix ölkənin gələcəyinə inamın, milli birliyin və dövlətçilik məsuliyyətinin təşkilatlanmış siyasi ifadəsinin meydana gəldiyi gündür. Bu gün həmin tarixi hadisəyə nəzər salarkən, 1992-ci ilin mürəkkəb siyasi reallıqları ilə müasir Azərbaycanın inkişaf mənzərəsi arasında böyük bir tarixi yolun keçildiyini görürük. Bu yolun əsasını dövlət müstəqilliyinin qorunması, milli maraqların üstün tutulması və Azərbaycanın qüdrətli dövlətə çevrilməsi ideyası təşkil edir. Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə bu tarixi hadisənin əhəmiyyətini bir daha xatırlamaq, onun əsasını qoyan insanları ehtiramla yad etmək və ölkəmizin gələcəyi naminə qarşıda duran vəzifələri dərk etmək xüsusi əhəmiyyət daşıyır.

1992-ci il noyabrın 21-i Azərbaycan dövlətçiliyinin qorunması, milli birliyin möhkəmləndirilməsi və ölkənin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin dövrdə Azərbaycan mürəkkəb və ziddiyyətli siyasi proseslərlə üz-üzə idi. Dövlət müstəqilliyinin yenidən bərpa olunmasından qısa müddət keçməsinə baxmayaraq, ölkədə siyasi qeyri-sabitlik, idarəetmədəki problemlər, iqtisadi çətinliklər, Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı xalqın gələcəyə olan ümidlərini ciddi sınağa çəkirdi. Cəmiyyətdə milli maraqları müdafiə edə biləcək, xalqı vahid məqsəd ətrafında birləşdirəcək siyasi qüvvəyə böyük ehtiyac duyulurdu. Belə bir tarixi şəraitdə Azərbaycanın tanınmış ziyalıları, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılmasını və ona rəhbərlik etməsini xahiş etdilər. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciət Azərbaycan siyasi tarixində “91-lərin müraciəti” kimi yadda qaldı.

Ulu Öndər Heydər Əliyev oktyabrın 24-də ziyalıların müraciətinə cavabında yeni partiyanın yaradılması təşəbbüsünü dəstəklədiyini bildirdi. Bu cavab ölkənin taleyinə biganə qalmayan insanların gözləntilərinə verilən mühüm siyasi mesaj idi. Beləliklə, Yeni Azərbaycan Partiyasının yaradılması istiqamətində konkret təşkilati işlərə başlanıldı.

Yeni Azərbaycan Partiyasının tarixindən danışarkən, ilk növbədə, onun yaradıcısı və banisi, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etmək lazımdır. Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və xalqın gələcək inkişaf yolunun müəyyənləşdirilməsi ilə sıx bağlıdır. Onun zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və mürəkkəb şəraitdə düzgün qərarlar qəbul etmək bacarığı Yeni Azərbaycan Partiyasının ideoloji və təşkilati əsaslarının formalaşmasında mühüm rol oynadı.

1993-cü ildə ölkədə yaranmış ağır siyasi böhran, vətəndaş qarşıdurması təhlükəsi və dövlət müstəqilliyinin itirilməsi ehtimalı Azərbaycanı ciddi sınaq qarşısında qoymuşdu. Xalqın tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkənin gələcək taleyində mühüm dönüş nöqtəsi oldu.

15 iyun 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcını qoydu. Həmin ilin oktyabrında isə xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da ölkədə sabitliyin təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadiyyatın bərpası və müstəqil dövlət quruculuğunun sürətləndirilməsi istiqamətində genişmiqyaslı fəaliyyətə başlanıldı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi və beynəlxalq iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Bu tarixi proseslər Yeni Azərbaycan Partiyasının yaranmasının hansı siyasi və ictimai zərurətdən qaynaqlandığını bir daha göstərdi.

Yeni Azərbaycan Partiyası ötən illər ərzində təşkilati baxımdan inkişaf edərək ölkənin siyasi həyatında mühüm yer tutan genişmiqyaslı siyasi təşkilata çevrilib. Yarandığı gündən etibarən partiyanın fəaliyyətində dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi, ölkənin inkişafı və vətəndaş həmrəyliyinin gücləndirilməsi əsas istiqamətlər olub.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun davam etdirilməsi partiyanın fəaliyyətində əsas xətt təşkil edir. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu, həyata keçirilən islahatlar və əldə olunan tarixi nəticələr xüsusi qeyd edilməlidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi, siyasi və sosial sahələrdə mühüm nailiyyətlər əldə edib. Ölkənin beynəlxalq nüfuzu yüksəlib, müdafiə qüdrəti güclənib, müasir infrastruktur yaradılıb, regionların sosial-iqtisadi inkişafı istiqamətində genişmiqyaslı layihələr həyata keçirilib. Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası isə müasir tariximizin ən mühüm hadisələrindən biri kimi yadda qalıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, 2023-cü ildə ölkəmizin bütün ərazisində suverenliyin tam bərpa olunması Azərbaycan xalqının uzun illər davam edən arzularının gerçəkləşməsi ilə nəticələndi. Bu tarixi nailiyyətlər dövlətimizin gücünü, xalqımızın birliyini və milli iradəsini nümayiş etdirdi. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyasının davamlılığını göstərdi.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli siyasi hadisə oldu. Qurultayda Prezident İlham Əliyevin çıxışında qarşıya qoyulan vəzifələr, yeni dövrün çağırışları, milli maraqların qorunması və ölkənin davamlı inkişafı məsələləri xüsusi yer tutdu. Bu gün partiyanın qarşısında duran əsas vəzifələrdən biri əldə edilmiş nailiyyətlərin qorunması, yeni inkişaf hədəflərinin reallaşdırılmasında fəal iştirak etmək, cəmiyyətlə əlaqələri daha da gücləndirmək və gənc nəslin dövlətçilik ruhunda yetişməsinə töhfə verməkdir.

Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası özünün tarixi inkişaf yolu ilə ölkənin siyasi həyatında mühüm yer tutan təşkilata çevrilib. Bu gün partiyanın qarşısında duran məsuliyyət də məhz həmin tarixi irsin qorunması, müasir dövrün çağırışlarına uyğun fəaliyyətin davam etdirilməsi və Azərbaycanın gələcək inkişafına töhfə verməkdən ibarətdir.