Azərbaycanın diaspor təşkilatları fevralın 22-də Almaniyanın Nürnberq şəhərindəki mərkəzi meydanda - Jakobsplazda Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar yürüş-mitinq keçiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildiriblər ki, Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycanın dövlət himninin oxunması ilə başlayan tədbir iki saat davam edib.
Azərbaycan diasporunun fəal üzvlərindən olan Yeganə Məmmədzadə mitinqdə ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı haqqında məlumat verib.
Sonra Azərbaycan və türk icmalarının nümayəndələri çıxış edərək Avropanı XX əsrin ən dəhşətli qətliamlarından birinə - Xocalı soyqırımına, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsinə, Azərbaycan torpaqlarının hələ də işğal altında olmasına biganə qalmamağa çağırıblar.
Mitinqdə şəhər sakinlərinə Xocalı faciəsini əks etdirən foto və məlumatlar olan broşürlər paylanıb.
Daha sonra aksiya yürüşlə davam edib. Əllərində qətliam qurbanlarının fotolarını, Azərbaycan, Türkiyə, Almaniya bayraqları və plakatlar tutan mitinq iştirakçıları Nürnberqin mərkəzi küçələri ilə yürüş edərək “Xocalıya ədalət!”, “Qarabağa azadlıq!” “Avropa, Qarabağın işğalına susma!” kimi şüarlar səsləndiriblər.