Ana təbiətin qorunmasına davamlı qayğı

Ana təbiətin qorunmasına davamlı qayğı

Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində “agac.az” mobil tətbiqi istifadəyə verilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yaşıllıqların inventarlaşdırılması layihəsi çərçivəsində “agac.az” mobil tətbiqi istifadəyə verilib. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2022-ci ildən birgə həyata keçirilən layihə çərçivəsində hazırlanmış mobil tətbiq vətəndaşlara ağaclar haqqında məlumat əldə etmək və onların mühafizəsində birbaşa iştirak etmək imkanı verir.

Xoş mərama əsaslanan fəaliyyət...

Ekoloji risklərin artdığı indiki şəraitdə yaşıllıqların qorunması naminə hökumətlər və cəmiyyətlər səviyyəsində davamlı və kordinasiyalı fəaliyyətlər mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın ana təbiətə qayğının artırılmasını hədəfləyən təşəbbüsləri təqdirəlayiqdir.

Leyla Əliyevanın xoş mərama əsaslanan ekologiyanın və ətraf mühitin qorunması istiqamətindəki fəaliyyəti əsasən 2011-ci ildə təsis etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi çərçivəsində həyata keçirilir. Qısa müddətdə böyük populyarlıq qazanan təşkilat “Bir planet - bir gələcək” şüarı ilə fəaliyyət göstərir. Qurum  biomüxtəlifliyin qorunması, yaşıllaşdırma istiqamətlərində genişmiqyaslı layihələr həyata keçirir. O cümlədən gənclərin ekoloji maarifləndirilməsi də təşkilatın əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Bu çərçivədə indiyədək IDEA tərəfindən “Böyük beşlik”, reintroduksiya, heyvanların mühafizəsi və reabilitasiyası proqramları üzrə layihələrin reallaşdırılmasında böyük uğurlar qazanılıb. Leyla Əliyevanın təşəbbüsləri sayəsində meşələrimizdə Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşən Qafqaz bəbiri, ceyran, qonur ayı, boz canavar və imperator qartalı kimi nadir fauna növlərinin populasiyası davam edir. Ölkə ərazisində sahibsiz heyvanlar üçün sığınacaqlar yaradılıb. Eləcə də respublikamızda sayı azalmış və ya nəsli kəsilmiş növlərin təbiətə qaytarılması məqsədilə ceyranların və Qafqaz zubrlarının tarixi məskənlərinə (o cümlədən Şirvan, Korçay və Şahdağ milli parklarına) köçürülməsi və artırılması həyata keçirilir.

Həmçinin yaşıllaşdırma və şəhər ekologiyası Leyla Əliyevanın rəhbəri olduğu IDEA İctimai Birliyinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Leyla Əliyevanın iştirakı ilə təmizlik aksiyalarının, ağacəkmə kampaniyalarının keçirilməsi artıq ənənə halını alıb. İndiyədək IDEA-nın təşəbbüsü ilə paytaxtda və bölgələrdə milyonlarla ağac əkilib. “Hər kağızı bir yarpağa dəyişək” kampaniyası da böyük populyarlıq qazanıb. Bu, kağız tullantılarının toplanaraq təkrar emala yönəldilməsini və bunun müqabilində yeni ağacların əkilməsini təşviq edən sosial-ekoloji layihədir. Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda və regionlarda həyata keçirilən “Bizim həyət” layihəsi sakinləri təbiətin dostuna çevirib. Bu layihə çərçivəsində müxtəlif ünvanlarda  çoxmənzilli binaların həyətləri abadlaşdırılır, burada yaşlıların asudə vaxt keçirmələri, uşaqların əylənmələri üçün gözəl şərait yaradılır. Sevindirici haldır ki, abadlıq layihələrinin icrasına sakinlər də könüllü şəkildə dəstək veririrlər.

212 mindən çox ağacın hər birinə fərdi QR kodlu nişan vurulub

Hesablamalara görə, hər il dünya miqyasında insanlar tərəfindən kənd təsərrüfatı və digər məqsədlər üçün təxminən 15 milyard ağac kəsilir. Təəssüf ki, ölkəmizdə də yaşıllıqların qanunsuz məhv edilməsi halları baş verir. Bu problemin tam və birdəfəlik həlli üçün ardıcıl və daha ciddi mühafizə və nəzarət tədbirlərinin keçirilməsi zəruridir. IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə səyləri ilə ölkə ərazisində yaşıllıqların qorunması istiqamətində ardıcıl tədbirlər, o cümlədən ağacların qanunsuz kəsilməsi və məhv edilməsinin qarşısını almaq məqsədilə “Ağacların kəsilməsinə yox!” proqramı, yaşıllıqların bərpası və genişləndirilməsi istiqamətində “Yaşıl Marafon”, “Yanğından Yaşıllığa” və digər layihələr həyata keçirilir.

Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yaşıllıqların inventarlaşdırılması layihəsi çərçivəsində indiyədək ölkə üzrə 212 mindən çox ağacın hər birinə fərdi QR kodlu nişan vurulub. Nişanlama zamanı ağacların yeri, növü, ölçüləri və mövcud vəziyyəti barədə məlumatlar elektron sistemə daxil edilib.

İstifadəçilər ağacların yerini interaktiv xəritədə görə və QR kodu oxudaraq müvafiq ağacın rəqəmsal məlumat kartına baxa bilərlər.

Ağacın quruduğunu, zədələndiyini və ya qulluğa ehtiyacı olduğunu müşahidə edən vətəndaşlar tətbiq vasitəsilə fotoşəkil əlavə edərək nazirliyə məlumat göndərə bilərlər. Bu imkan qulluq tələb edən ağacların vaxtında müəyyənləşdirilməsinə, yaşıllıqların mühafizəsi üzrə görülən işlərin şəffaflığının artırılmasına və bu sahədə ictimai nəzarətin gücləndirilməsinə şərait yaradır.

Rəqəmsal uçotun interaktiv xəritə və ictimai iştirak imkanları ilə birləşdirilməsi şəhər yaşıllıqlarının idarə olunması üzrə qabaqcıl beynəlxalq təcrübəyə uyğundur. Sistemdə toplanan məlumatlar gələcəkdə süni intellektdən istifadə etməklə ağacların vəziyyətindəki dəyişiklikləri təhlil etmək, riskləri erkən müəyyənləşdirmək və qulluq tədbirlərini planlaşdırmaq üçün əsas yaradır.

Mübariz ABDULLAYEV