“Sülh körpüsü” təşəbbüsü üzrə 5-ci görüş...

“Sülh körpüsü” təşəbbüsü üzrə 5-ci görüş...

 

Vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü etimadın möhkəmlənməsinə xidmət edir

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və dayanıqlı sülhün təmin olunması istiqamətində aparılan proseslər yalnız siyasi-diplomatik müstəvidəki təmaslarla məhdudlaşmır. Dövlətlərarası münasibətlərin yeni mərhələyə keçməsi, əldə olunmuş razılaşmaların ictimai müstəvidə dəstəklənməsi və gələcəkdə iki xalqın birgəyaşayış perspektivlərinin formalaşdırılması cəmiyyətlər arasında dialoqun genişləndirilməsini zəruri edir. Bu baxımdan, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrini bir araya gətirən “Sülh körpüsü” təşəbbüsü xüsusi əhəmiyyət daşıyır.

Noyabrın 26-27-də Ermənistanda keçirilən geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi bu istiqamətdə aparılan fəaliyyətin növbəti mərhələsidir. Sayca beşinci olan görüşdə hər iki ölkədən 60-dan çox vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edir. Müzakirələrin gündəliyinə 2025-ci il avqustun 8-də Vaşinqtonda razılaşdırılmış sülh gündəliyi, sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması, qarşılıqlı etimadın yaradılması, iqtisadi əməkdaşlıq, ticarət, nəqliyyat-kommunikasiya əlaqələri, humanitar məsələlər, gənclər və təhsil sahəsində əməkdaşlıq daxildir. Eyni zamanda, iki ölkənin vətəndaş cəmiyyəti təmsilçiləri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması məsələsi də diqqət mərkəzindədir.

Bu kimi görüşlər - onilliklər ərzində qarşıdurma şəraitində yaşamış iki cəmiyyətin nümayəndələrinin bir masa ətrafında toplaşması, bir-birinin mövqeyini dinləməsi və gələcək münasibətləri müzakirə etməsi sülhün ictimai əsaslarının formalaşmasına xidmət edir. Bu prosesin ardıcıl xarakter alması isə təsadüfi deyil. Ötən ilin payızından etibarən keçirilən dörd görüş artıq qarşılıqlı dialoqun müəyyən təcrübəsini yaradıb. Beşinci görüş həmin təcrübənin genişləndirilməsi və əldə olunan nəticələrin daha sistemli müstəviyə keçirilməsi baxımından diqqət çəkir.

Dialoq platforması...

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə yaradılan “Sülh körpüsü” təşəbbüsü qısa müddətdə ardıcıl dialoq platformasına çevrilib. Təşəbbüs çərçivəsində ilk görüş 2025-ci il oktyabrın 21-22-də İrəvanda keçirilib. Bu görüşün əsas məqsədi uzun illər qarşıdurma şəraitində olmuş iki ölkənin ictimaiyyət nümayəndələri arasında birbaşa ünsiyyət yaratmaq, gələcək müzakirələrin istiqamətlərini müəyyənləşdirmək idi. Növbəti görüş həmin il noyabrın 21-22-də Bakıda təşkil olunub. Burada birgə layihələr, media əməkdaşlığı və vətəndaş cəmiyyətinin sülh prosesində daha fəal iştirakı müzakirə edilib. 2026-cı il fevralın 13-14-də Ermənistanda, Tsaxkadzorda keçirilən üçüncü görüşdə iştirakçıların dairəsi genişləndirilib. Regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və etimad quruculuğu əsas müzakirə mövzuları olub. Aprelin 10-12-də isə dialoq platformasının dördüncü görüşünə Azərbaycanın Qəbələ şəhəri ev sahibliyi edib. Bu görüşdə sülh prosesinin perspektivləri, həssas məsələlərin açıq müzakirəsi və cəmiyyətlərin gələcək münasibətlərə hazırlanması diqqət mərkəzində saxlanılıb.

Göründüyü kimi, görüşlərin ardıcıllığı və qarşılıqlı səfərlər təşəbbüsün əsas xüsusiyyətlərindəndir. Tərəflər yalnız öz ölkələrində deyil, qarşı tərəfin ərazisində də müzakirələr aparmaqla dialoqun qarşılıqlı xarakter daşıdığını nümayiş etdirirlər. Bu, etimadın formalaşması baxımından mühüm amildir. Çünki qarşı tərəfi yalnız siyasi bəyanatlar və media materialları əsasında tanımaqla real ünsiyyət qurmaq arasında ciddi fərq var. İnsanların birbaşa təması stereotiplərin aradan qaldırılması, mövqelərin daha düzgün anlaşılması və qarşılıqlı münasibətlərdə praqmatik yanaşmanın güclənməsi üçün imkan yaradır.

Təbii ki, vətəndaş cəmiyyəti təmsilçilərinin görüşləri bütün problemləri birdən-birə həll edə bilməz. Lakin onlar siyasi razılaşmaların cəmiyyətlər tərəfindən qəbul olunmasına, sülh ideyasının ictimai şüurda möhkəmlənməsinə və gələcək əməkdaşlıq üçün sosial zəmin yaradılmasına əhəmiyyətli töhfə verə bilər.

Yeni konstitusiya layihəsinin təqdimatından 3 gün sonra...

Qeyd edək ki, Ermənistanın yeni konstitusiya layihəsinin ictimaiyyətə təqdim olunmasından üç gün sonra Azərbaycan-Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin növbəti görüşünün keçirilməsi diqqətçəkən məqamdır. Çünki yeni konstitusiya layihəsi və bu layihədə ölkəmizə qarşı ərazi iddialarının yer almaması iki ölkə arasında sülh müqaviləsinin imzalanması baxımından mühüm siyasi-hüquqi əhəmiyyət daşıyır. Bu baxımdan, konstitusiya layihəsinin açıqlanmasından sonra keçirilən beşinci görüşün siyasi və ictimai əhəmiyyəti daha da artır. Bir tərəfdən, Ermənistan cəmiyyətində sülhün hüquqi əsaslarının formalaşdırılması istiqamətində müzakirələr aparılır, digər tərəfdən, Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələri gələcək münasibətlərin konturlarını müzakirə edirlər. Bu iki prosesin paralel inkişafı sülh gündəliyinin yalnız hökumətlərin və siyasi rəhbərliyin məsuliyyəti olmadığını göstərir.

Açıqlandığı kimi, görüşün gündəliyində sülh prosesinin institusionallaşdırılması məsələsinin yer alması da təsadüfi deyil. Söhbət müvəqqəti siyasi razılaşmalardan daha çox, gələcəkdə münasibətlərin davamlı mexanizmlər əsasında qurulmasından gedir. İqtisadi əməkdaşlıq, ticarət, nəqliyyat bağlantıları, humanitar məsələlər və digər sahələr bu mexanizmlərin mühüm istiqamətləridir. Əgər cəmiyyətlər sülhün real faydalarını gündəlik həyatlarında hiss etməyə başlasalar, qarşıdurmaya qayıdış çağırışlarının ictimai dəstək qazanması da çətinləşəcək. Ona görə də “Sülh körpüsü” çərçivəsində keçirilən müzakirələr sülhün ictimai qəbulunu genişləndirmək, tərəflər arasında yaranmış imkanları möhkəmləndirmək və siyasi razılaşmaların uzunmüddətli nəticələrə çevrilməsinə dəstək vermək potensialına malikdir.

“Sülh körpüsü” təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək

Yeri gəlmişkən, “Sülh körpüsü” təşəbbüsünün əlaqələndiricisi, Cənubi Qafqaz Tədqiqatları Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib ki, “Sülh körpüsü” təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək. “Əlbəttə, əgər artıq beşinci görüş keçirilirsə və görüşlərimizin hər raundundan sonra iştirakçıların sayı artırsa, cəmiyyətlərimizin bu istiqamətə marağı çoxalırsa, bu, nailiyyətdir. Yəni dialoqun özünün aparılması, fikir mübadiləsi, bu prosesə cəlb olunan insanların sayının artması - bu, artıq nailiyyətdir”, - o qeyd edib. F.Məmmədovun sözlərinə görə, təşəbbüsün iştirakçıları artıq birgə iş və öz cəmiyyətlərində qarşılıqlı fəaliyyət təcrübəsinə malikdirlər. O vurğulayıb ki, Azərbaycan və Ermənistan cəmiyyətləri bir-birindən fərqlənir, fərqli gözləntilərə və dünya qavrayışına malikdirlər, buna görə də sülh gündəliyi kontekstində işləyərkən bu spesifikliyi nəzərə almaq lazımdır.

“Fikir ayrılığı yaradan mövzulara gəlincə, onlar, sözsüz ki var. Bu, çoxsaylı məsələləri əhatə edir. Lakin biz bütün bu mövzular üzrə dürüst və səmimi dialoq aparırıq. Cəmiyyətimizi nəyin narahat etdiyini, hansı mövzuların, səbəblərin olduğunu və nəyə nail ola biləcəyimizi göstərməyə çalışırıq. Bu problemlərin obyektiv və subyektiv səbəbləri var. Əgər, biz bütün problemləri qısa müddətdə həll edə bilmiriksə, istiqamətində konkret addımlar ata biləcəyimiz məsələlərə yönəlirik”, - o bildirib.

F.Məmmədov həmçinin qeyd edib ki, budəfəki görüşün fərqli cəhəti ümumi müzakirələrlə yanaşı, ekologiya, iqtisadiyyat, infrastruktur, humanitar əməkdaşlıq və media məsələlərini əhatə edən 6 tematik komitənin fəaliyyət göstərəcəyidir.

Dialoqun koordinatoru, Ermənistan Şurasının prezidenti Areq Koçinyan isə bildirib ki, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasındakı dialoq iki ölkənin xalqlarının sülh və həmrəylik şəraitində yaşaya biləcəyi yeni reallıqların yaradılmasına yönəlib.

Koçinyanın sözlərinə görə, iki ölkənin vətəndaş cəmiyyətləri arasındakı qarşılıqlı fəaliyyət danışıqlar yox, dialoq xarakteri daşıyır, buna görə də hazırkı mərhələdə konkret ölçülə bilən nəticələrdən danışmaq mümkün deyil. “Bu dialoq vasitəsilə biz onilliklər ərzində münaqişə, düşmənçilik və nifrət nəticəsində formalaşmış reallığı aradan qaldırmaqdan daha çox, keçmişlə yanaşı yeni normalıq, yeni reallıqlar və yeni tarix yaratmağa çalışırıq. Biz gələcəyə, cəmiyyətlərimizin sülh və qarşılıqlı anlaşma şəraitində qonşu kimi yaşaya biləcəyi reallıqların yaradılmasına yönəlmiş sülh gündəliyini müzakirə edirik”, - o bildirib.

Koçinyan həmçinin bildirib ki, növbəti işlər komitələr çərçivəsində həyata keçiriləcək və onların adları, eləcə də fəaliyyət istiqamətləri barədə məlumat sonrakı press-relizlərdə təqdim olunacaq.

Ermənistan üçün seçim...

Cənubi Qafqazın gələcək inkişafı baxımından Azərbaycan və Ermənistan arasında münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi bütün region üçün əhəmiyyətlidir. Münaqişə və qarşıdurma mühitinin iqtisadi, siyasi baxımdan yaratdığı məhdudiyyətlər artıq yeni regional reallıqlar qarşısında öz aktuallığını itirməlidir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra regionda yaranmış yeni geosiyasi şərait İrəvanı seçim qarşısında qoyur - ya keçmişin ziddiyyətləri üzərində revanşist marağın qaranlıq dalanında itəcək, ya da yeni əməkdaşlıq imkanlarından istifadə edəcək. Azərbaycanın yanaşması regionda təhlükəsizliyin, sabitliyin və iqtisadi inkişafın təmin olunmasına əsaslanır. Bu hədəflərə çatmaq üçün Ermənistanın da konstruktiv mövqe nümayiş etdirməsi, sülh gündəliyinə sadiqliyini konkret addımlarla təsdiqləməsi vacibdir.

P.İSMAYILOV