Milli Məclisin iclasında...

Milli Məclisin iclasında...

Millət vəkilləri 10 qanun layihəsini qəbul ediblər

Noyabrın 27-də Milli Məclisin növbəti iclası keçirilib. Spiker Sahibə Qafarova iclasın gündəliyi barədə məlumat verib. Gündəliyə 10 məsələ daxil edilib.

Əvvəlcə “Azərbaycan Respublikasının Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Exxon Mobil Exploration & Production Azerbaijan Limited” şirkəti və “Middle Kura” MMC arasında Saziş”in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi qəbul olunub. Saziş bir tərəfdən Azərbaycan Respublikasını təmsil edən SOCAR, digər tərəfdən Podratçı tərəflər qismində “Exxon Mobil Exploration & Production Azerbaijan Limited” (Exxon Mobil) və “Middle Kura” MMC arasında bağlanıb. Saziş Orta Kür Kontrakt Sahəsində Qeyri-ənənəvi Ehtiyatların kəşfiyyatı və işlənməsi üçün hüquqi və kommersiya şərtlərini müəyyən edir.

Kontrakt sahəsi Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Gəncə-Daşkəsən iqtisadi rayonlarının bəzi hissələrini əhatə edən quru ərazisidir. Ətraf mühitin mühafizəsi Sazişin şərtləri nəzərə alınmaqla qanunvericiliyə, beynəlxalq neft-qaz sənayesində qəbul edilmiş müsbət təcrübəyə və müəyyən edilmiş ekoloji standartlara uyğun təmin edilir. Layihənin idarəedilməsi üçün podratçının nümayəndələrindən ibarət İdarəetmə Komitəsi yaradılacaq. Podratçı və Operator əməliyyat tələbləri və peşə uyğunluğu nəzərə alınmaqla Azərbaycan vətəndaşlarının işə götürülməsinə və yerli şirkətlərə üstünlük verirlər.

Sonra Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər qəbul olunub. Qanun layihəsi 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli Qanunun icrası məqsədilə hazırlanıb. Belə ki, sözügedən qanunla “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna dəyişiklik edilib və istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlərin, könüllü fəaliyyətin iştirakçısı olan könüllülərin həmin qanunla müəyyən edilmiş qaydada icbari sığorta olunması nəzərdə tutulub. Eyni zamanda, Dövlət Əməyin Mühafizəsi Fondunun maliyyə mənbələri siyahısına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanı həyata keçirən sığortaçıların könüllü ödəmələri də daxil edilib. Həmin Qanundan irəli gələrək Əmək Məcəlləsinin 208-ci və 221-ci maddələrinə uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklər edilir.

Millət vəkilləri Mülki Məcəllədə, Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihəni isə birinci oxunuşda qəbul ediblər. Qanun layihəsi hüquqi şəxsin ləğv zamanı müvafiq elektron informasiya sistemində işəgötürənlə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin tənzimlənməsi məqsədilə hazırlanıb. Belə ki, hüquqi şəxs ləğv edildiyi üçün həmin hüquqi şəxsin adından elektron informasiya sistemində əməliyyatların aparılması mümkün olmur. Eyni hal fiziki şəxs olan işəgötürən vergi uçotundan çıxarıldığı hallarda da baş verir. Beləliklə, hüquqi şəxslərin (o cümlədən xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən daimi nümayəndəlik yaratmayan bölməsi, idarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs) ləğvi və vergi uçotundan çıxarılması yalnız onların işçiləri ilə əmək müqaviləsinə xitam verildikdə mümkün hesab ediləcək. Həmçinin fiziki şəxs olan vergi ödəyicisinin vergi uçotundan çıxarılması da yalnız işçiləri ilə əmək müqaviləsinə xitam verildikdən sonra mümkün hesab olunacaq.

Qanun qüvvəyə minənədək qeyd olunan subyektlərlə (fiziki şəxs olan işəgötürənlər istisna olmaqla) işçi arasında elektron informasiya sistemində xitam verilməmiş əmək müqaviləsi işçinin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən baxılaraq qüvvədən düşmüş hesab ediləcək.

“Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq vətəndaşlara verilmiş, lakin onların mülkiyyət hüququnun rəsmiləşdirilmədiyi həyətyanı torpaq sahələri ilə bağlı məsələlər tənzimlənəcək. Bu məsələ Mülki Məcəllədə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihədə əksini tapıb. Bildirilib ki, “Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq vətəndaşlara verilmiş həyətyanı torpaqlara ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr tərtib edilirdi. Bu proses 2006-cı ilin iyulun 6-dək davam edib. Lakin həmin vaxtdan etibarən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəd kimi dövlət reyestrindən çıxarışların verilməsinə başlanıldığı üçün şəhadətnamələrin verilməsi prosesi dayandırılıb, bunun əvəzinə Komitə tərəfindən vətəndaşlara torpaq sahəsinin planı və ölçüsü sənədi (plan-ölçü) verilməyə başlanılıb. Nəticədə, vətəndaşların bir qismi 2006-cı il iyulun 6-dək şəhadətnamə aldığı halda, digər qismi həmin müddətədək müraciət etmədiyindən onlara mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə əvəzinə yalnız texniki xarakterli plan-ölçü verilib.

Plan-ölçü hüquqmüəyyənedici sənəd olmadığından, onun əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi mümkün olmur. Halbuki hər iki halda torpaq sahələri vətəndaşlara torpaq islahatı çərçivəsində verilib. Beləliklə, eyni hüquqi əsasla torpaq sahəsi əldə etmiş vətəndaşlardan bir qismi mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə, digər qismi isə yalnız texniki xarakterli plan-ölçü əldə edib. Eyni problem bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmaqla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2006-2015-ci illərdə plan-ölçü tərtib edilmiş həyətyanı torpaq sahələrinə münasibətdə də mövcud olub.

Qanun layihəsinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edildiyi 2015-ci il fevralın 6-dək olan dövrdə “Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədi həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas kimi müəyyən edilir. Bununla da, eyni hüquqi əsaslarla torpaq sahələri əldə etmiş, lakin müxtəlif sənədlərlə təmin olunmuş vətəndaşlar arasında hüquqi vəziyyətin eyniləşdirilməsi və mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün hüquqi əsasın yaradılması təmin edilir.

İclasda, həmçinin “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Texniki tənzimləmə haqqında” qanunlara dəyişikliklər (birinci oxunuş) edilib. Layihəyə əsasən, hər bir malın insanların həyat və sağlamlığına yarada biləcəyi təhlükənin dərəcəsi müəyyən ediləcək.  Texniki reqlament üzrə məcburi tələblər malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının təhlükəsizliyinin təmin edilməsi ilə məhdudlaşdırılır. Bu baxımdan, texniki reqlamentlərdə insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinə yarana biləcək risk nəzərə alınmalıdır. Bu cür risklərin qiymətləndirilməsi əldə edilə bilən elmi və texniki məlumatlara, emal texnologiyalarına və ya reqlamentlərin şamil edildiyi malların son istifadəsinə dair məlumatlara əsaslanmalıdır.

Layihəyə əsasən, təklif olunur ki, həmin risklərin qiymətləndirilməsinin nəticələri nəzərə alınmaqla hər bir malın insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına yarada biləcəyi təhlükənin dərəcəsi müəyyən edilsin və bundan irəli gələrək təhlükəsizlik tələbləri reqlamentdə əks etdirilsin. Eyni zamanda, mala uyğunluq sertifikatının və ya uyğunluq bəyannaməsinin tələb olunması zərurəti də texniki reqlamentdə öz əksini tapacaq. Hazırkı qaydaya əsasən isə uyğunluq sertifikatı (yüksək riskli mallara münasibətdə) və ya uyğunluq bəyannaməsi (orta və aşağı riskli mallara münasibətdə) malların risk qrupuna uyğun olaraq tələb olunur. Malların risk qrupları üzrə təsnifatı ayrıca sənəd olaraq nəzərdə tutulmadığından, mala dair uyğunluq sertifikatının və ya uyğunluq bəyannaməsinin tələb olunması həmin malın təhlükəlilik dərəcəsi nəzərə alınmaqla reqlamentlə müəyyən ediləcək.

Qeyd olunanlardan irəli gələrək, “Texniki tənzimləmə haqqında” qanunun müddəalarında “risk səviyyəsi” ifadəsi “təhlükəlilik dərəcəsi” ifadəsi ilə əvəz edilir. Uyğunlaşdırma çərçivəsində “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunda isə “orta riskli mallar” ifadəsinin çıxarılması təklif olunur.

İclasda “Dövlət rüsumu haqqında” qanuna da dəyişikliklər (birinci oxunuş) edilib. Dəyişikliyə əsasən, məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manatdan 25 manata endirilir. Eləcə də, qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsinə görə müəyyən edilən dövlət rüsumunun iddianın yalnız mübahisələndirilən hissəsi ilə məhdudlaşdırılması təklif olunur.

Qiymətləndirilən və qiymətləndirilməyən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsinə görə dövlət rüsumu müvafiq iddialar üçün müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında müəyyən edilir. Təklif olunur ki, bu rüsum (dövlət rüsumunun 50 faizi) qiymətləndirilən iddialara münasibətdə ilkin iddianın bütövlükdə məbləğinin 50 faizinə deyil, yalnız mübahisələndirilən hissəsinə şamil edilsin. Bu, şikayət verən şəxsin rüsum yükünün azalmasına və rüsumun yalnız mübahisələndirilən hissəyə uyğun hesablanmasına səbəb olacaq.

Qeyd edək ki, deputatlar iclasın gündəliyində olan digər qanun layihələrini də qəbul ediblər. Sonda spiker Sahibə Qafarova parlamentin növbəti iclasının dekabrın 1-də keçiriləcəyini bildirib.

Nardar BAYRAMLI