Zəngilanın Ağalı kəndində yaşayan sakinlərin gündəlik tələbat mallarına olan ehtiyacının ödənilməsi məqsədilə bazar fəaliyyətə başlayıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, KOBİA-nın, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) və Türkiyənin “Kolin” şirkətinin dəstəyi ilə açılan bazarda 40-a yaxın sahibkarın məhsullarının satışı həyata keçiriləcək.
Türkiyə-Azərbaycan Qardaşlıq küçəsində yerləşən bazarın ümumi sahəsi 240 m2-dir. Burada Ağalıda istehsal olunan məhsullarla yanaşı, ətraf rayonlarda yetişdirilən kənd təsərrüfatı məhsulları, gündəlik tələbat malları, suvenir, xalça, toxuculuq məmulatları, əl işləri və s. məhsullar satılacaq.