Bu gün İsmayıllı rayonu ərazisində İvanovka kəndi yaxınlığında yerləşən Aşıqbayramlı gölünə səyahət edəcəyik.
Adını yaxınlığındakı eyniadlı kənddən alan bu göl 1951-ci ildə istifadəyə verilib.
Bir qədər kənd haqda…
Aşıqbayramlı kəndi İsmayıllı-Qərəməryəm yolunun üstündə Burnovuldağ silsiləsinin ətəyində Dəvəbatan çayının sahilində yerləşir. Elə kəndin ilk adı da Dəvəbatan olub. XIX əsrin ikinci yarısında, 1859-1864- ci illərdə Bakı quberniyasının Şamaxı qəzasında yaşamış, mənşəcə indiki Quba rayonundakı Hapıt kəndindən çıxmış ailələrin Dəvəbatan kəndində məskunlaşması nəticəsində yaranıb. Aşıq Bayram adlı bir şəxsə mənsub olan ailələr onun adı ilə Aşıqbayramlılar adlanıb, sonralar bu ad kəndə verilib. 1886- cı ildə 41 ailə - 354 nəfər əhali yaşayırdısa, hazırda 885 nəfər olmaqla, 222 təsərrüfat mövcuddur.
Qeyd edək ki, Aşıqbayramlı su anbarı 3 il öncə təmir-tikintidən sonra yenidən istifadəyə verilib. Bərpa işlərinə qədər anbarın su tutumu 3.5 milyon kubmetr olub. Görülən işlər nəticəsində anbarda su tutumu artırılıb, anbarın görkəmi tamamilə dəyişdirilib.
Məftunedici mənzərə…
Şəhərin səs-küyündən və problemlərindən bir müddət uzaqlaşmaq, habelə təbiətlə baş-başa qalmaq üçün ən gözəl məkanlardan biri buradır. Bir sözlə, göl ətrafında kabab çəkmək, samovar qaynatmaq, katamaranda gəzmək üçün istənilən şərait var.
MÜŞFİQƏ