Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirlər Şurası Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsini təsdiqləyib.
Qərar bu gün Aİ XİN Şurasının iclasında qəbul edilib.
Regiondakı vəziyyətin monitorinqi, təhlili və hesabatının təqdim edilməsi məqsədi ilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a qədər Aİ-nin monitorinq eksperti yerləşdiriləcək.
Aİ-nin monitorinq potensialının sürətlə tətbiqini təmin etmək məqsədilə, monitorinq ekspertlərinin müvəqqəti olaraq Gürcüstandakı Avropa İttifaqının Monitorinq Missiyasından (EUMM Georgia) göndərilməsi qərara alınıb. EUMM onun Gürcüstandakı monitorinq imkanlarına təsir etməmək üçün əməliyyat tədbirləri görür.
Monitorinq missiyası müvəqqəti xarakter daşıyacaq və prinsipcə iki aydan çox olmayacaq.