"31 mart soyqırımı hadisələri çərçivəsində 100 minlərlə insanımız qətlə yetirildi. Tariximizi bilmək, birgə və güclü olmaq həyat prinsipimizə çevrilməlidir, qisas üçün deyil, varlığımızı yaşatmaq və inkişaf etdirmək üçün".
"Yeni Azərbaycan" qəzetinin Ankara bürosunun məlumatına görə, bu gün Ankarada Qazi Universitetində 31 mart Azərbaycan Türklərinin soyqırımı ilə əlaqədar keçirilən tədbirdə Azərbaycanının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov bildirib.
O deyib ki, tarixi keçmişimizi bilmədən gələcəyi öyrənmək mümkün deyil: “Çünki biz, bizə qarşı aparılan siyasətə qarşı yalnız tariximizi bilməklə mübarizə apara bilər və bir daha təkrarlanmaması üçün tədbirlər görə bilərik".
Səfir eyni zamanda azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən 1905, 1907, 1918, 1937-ci illərdəki soyqırımlarla yanaşı 1992-ci ildə törədilən Xocalı soyqırımına da toxunub və qeyd edib ki, bu faciələr fərqli tarixlərdə olsa da eyni ssenarilər üzrə müsəlman türklərin soyqırımına yönəldilib. Səfir deyib ki, ona görə də türk dünyası tarixi faktları dəqiqliklə öyrənib, dəyərləndirib, birgə addımlar ata bilər.
Tədbirdə Türk Dünyası Tətbiqi və Araşdırma Mərkəzi müdiri Alev Çakmakoğlu Kuru, Qazi Universitetinin rektoru Prof.dr.Musa Yıldız, AKPartiya millət vəkili Şamil Ayrım, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri Aygün Attarın da çıxışları dinlənilib.
Çıxışçılar 1998-ci ildən Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin sərəncamı ilə rəsmi olaraq anılan "31 Mart Azərbaycanlıların soyqırımı" ilə bağlı dəhşətli tarixi faktları səsləndiriblər.
Tədbirdə Qazi Universitetinin müəllim və tələbə heyəti, Azərbaycan və Türkiyənin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, tədbirdə fevralın 26-da nümayiş olunması nəzərdə tutulmuş, Türkiyədə baş verən güclü zəlzələ ilə əlaqədar müvəqqəti olaraq təxirə salınmış "İşğaldan zəfərə Qazi Universitetində Qarabağ və Xocalı" sənədli filminin nümayişi də baş tutub.
Filmdə zəhməti olanlar mükafatlandırılıb
Sevil Hilalqlzı Ünal, Ankara