Bu gün - oktyabrın 20-si Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.
Şəhərin erməni işğalçılarından təmizlənməsindən iki il ötür.
2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan edib.
Həmin gün Zəngilan şəhəri ilə yanaşı Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndləri də işğaldan azad olunub.
20 oktyabr 2020-ci il tarixdə Prezident İlham Əliyev rəsmi tviter səhifəsində bununla bağlı paylaşım edib:
“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı, Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad edilib. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”