Azərbaycanın müasir siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, sonrakı onilliklərin ictimai-siyasi inkişafına da ciddi təsir göstərir. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilən təsis konfransı ilə Yeni Azərbaycan Partiyasının yaradılması məhz belə tarixi hadisələrdən biridir. Ölkənin mürəkkəb siyasi, iqtisadi və hərbi böhranla üzləşdiyi bir dövrdə bu siyasi təşkilatın meydana gəlməsi Azərbaycanın dövlət müstəqilliyinin qorunması, milli dövlətçiliyin möhkəmləndirilməsi və sabit inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm mərhələ olmuşdur.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanın qarşısında müstəqilliyin qorunması və möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, milli dövlətçilik institutlarının formalaşdırılması və iqtisadi müstəqilliyin yaradılması kimi mühüm vəzifələr dayanırdı. Lakin 1990-cı illərin əvvəllərində dərinləşən siyasi idarəçilik böhranı, sosial-iqtisadi çətinliklər və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bu vəzifələrin həyata keçirilməsini son dərəcə çətinləşdirirdi. Torpaqlarımızın bir hissəsi işğal olunmuş, minlərlə insan həyatını itirmiş, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşmüşdü.
Belə bir şəraitdə ölkənin gələcəyi ilə bağlı narahatlıq keçirən Azərbaycan ziyalıları, tanınmış şəxslər və ictimaiyyət nümayəndələri yaranmış böhrandan çıxış yolları axtarırdılar. Onlar xalqın etimadını qazanmış, zəngin dövlətçilik təcrübəsinə malik və cəmiyyəti vahid məqsəd ətrafında birləşdirməyə qadir liderin rəhbərliyi ilə yeni siyasi təşkilatın yaradılmasını zəruri hesab edirdilər.
Bu istiqamətdə atılan ilk mühüm addımlardan biri 1992-ci il oktyabrın 16-da 91 nəfər Azərbaycan ziyalısının “Səs” qəzetində “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətlə çıxış etməsi oldu. Müraciətdə ölkənin müxtəlif bölgələrində keçirilən ictimai rəy sorğularının nəticələrinə və vətəndaşlardan daxil olan çoxsaylı təkliflərə əsaslanaraq, yaradılması nəzərdə tutulan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə yeganə mütləq liderin Heydər Əliyev olduğu vurğulanırdı. Onun yüksək diplomatik məharəti, dövlət idarəçiliyindəki zəngin təcrübəsi, siyasi uzaqgörənliyi və mürəkkəb şəraitdə düzgün qərarlar qəbul etmək bacarığı, eləcə də siyasi, iqtisadi, hərbi və mənəvi blokadada olan Naxçıvan Muxtar Respublikasında qısa müddət ərzində həyata keçirdiyi mühüm tədbirlər Azərbaycanın dərin siyasi böhrandan çıxarılması üçün əsas amillər kimi qiymətləndirilirdi. Məhz bu mülahizələrdən çıxış edən ziyalılar yaradılmaqda olan “Yeni Azərbaycan” adlı siyasi partiyaya Ulu Öndərin rəhbərlik etməsini təklif edirdilər.
Azərbaycan ziyalılarının bu tarixi çağırışına Ulu Öndərin cavabı gecikmədi. O, oktyabrın 24-də müraciətə münasibətini bildirərək ölkədəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyətin son dərəcə ağır olduğunu, ziyalıların narahatlığının haqlı və təqdirəlayiq olduğunu qeyd etdi. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli-demokratik dövlət quruculuğunun və hüquqi cəmiyyətin formalaşdırılması istiqamətində genişmiqyaslı işlərin həyata keçirilməsinin vacibliyini vurğulayaraq bildirirdi: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət olur”.
Dahi şəxsiyyət müharibə vəziyyətindən çıxmağı, Qarabağ probleminin tezliklə həllini, sosial-iqtisadi böhranın aradan qaldırılmasını, kadr siyasətində peşəkarlığın və qanunun aliliyinin təmin olunmasını, siyasi plüralizmin və demokratik azadlıqların inkişafını müstəqil dövlət quruculuğunun qarşıda duran mühüm vəzifələri kimi müəyyənləşdirirdi. Bu vəzifələrin həyata keçirilməsi baxımından yeni siyasi partiyanın yaradılmasını obyektiv zərurət hesab edən Ulu Öndər belə bir təşkilatın Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynaya biləcəyini vurğulayaraq ziyalıların müraciətinə münasibətini bu sözlərlə ifadə edirdi: “Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”.
Beləliklə, Azərbaycan ziyalılarının müraciəti ilə başlayan proses mühüm mərhələyə qədəm qoydu. 1992-ci il noyabrın 21-də Azərbaycanın siyasi tarixində əlamətdar hadisə baş verdi. Həmin gün Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Təsis konfransında YAP-ın Proqramı və Nizamnaməsi müzakirə edilərək qəbul olundu. Heydər Əlirza oğlu Əliyev açıq səsvermə yolu ilə partiyanın sədri seçildi, partiyanın rəhbər orqanları formalaşdırıldı. Partiya həmin il dekabrın 18-də dövlət qeydiyyatına alındı.
Ümummilli Lider illər sonra YAP-ın I Qurultayındakı çıxışında təsis konfransının keçirildiyi dövrün mürəkkəb şəraitini və iştirakçıların üzləşdiyi çətinlikləri xatırlayaraq demişdi:
“Biz 1992-ci ilin şaxtalı bir günündə, elektrik enerjisinin olmadığı bir halda, Naxçıvan Dövlət Teatrının binasında paltoda və çoxları papaqda oturaraq ilk konfransımızı keçirdik. Doğrudur, mən papaqda deyildim. Təbiətim belədir ki, mən hər bir soyuq havada papaqdan istifadə etmirəm. Amma burada oturanların əksəriyyəti papaqda idilər. Üşüyürdük, əlimizi-əlimizə sürtürdük. Amma iradəmiz yüksək idi, iradəmiz güclü idi və gələcəyə çox nikbinliklə baxırdıq”.
Yeni Azərbaycan Partiyasının təsis konfransında müəyyənləşdirilən siyasi prinsiplər və partiyanın qarşısında duran vəzifələr 1992-ci il noyabrın 21-də qəbul edilmiş Bəyanatda daha konkret ifadəsini tapdı. Sənəddə xüsusi yer tutan “Bizim şüarımız: müxalifət naminə müxalifət ola bilməz. Bizim prinsipimiz – konstruktivlikdir” fikri partiyanın siyasi fəaliyyət fəlsəfəsini ifadə edirdi. Bu yanaşma siyasi rəqabətin qarşıdurma üzərində deyil, ölkənin ümumi maraqları, sağlam siyasi dialoq və konstruktiv əməkdaşlıq prinsipləri əsasında qurulmasını nəzərdə tuturdu.
Partiyanın təsisindən sonra Naxçıvan Muxtar Respublikasında onun təşkilati strukturlarının formalaşdırılması istiqamətində fəaliyyət davam etdirildi. Şərur, Babək, Culfa və Şahbuz rayonlarında təsis konfranslarının keçirilməsi, şəhər və kəndlərdə, müəssisə və təşkilatlarda partiya özəklərinin yaradılması YAP-ın muxtar respublikada təşkilati baxımdan genişlənməsinə zəmin yaratdı. Müxtəlif sosial təbəqələrin bu prosesə qoşulması nəticəsində Naxçıvanda başlanan təşkilatlanma qısa müddətdə bütün respublikanı əhatə etdi. Partiyanın yaradılmasından cəmi üç ay sonra üzvlərinin və tərəfdarlarının sayının 100 mini keçməsi onun ölkə miqyasında sürətlə genişlənən siyasi təşkilata çevrildiyini göstərirdi.
Naxçıvanda təsis olunmuş Yeni Azərbaycan Partiyası sonrakı dövrdə ölkənin ictimai-siyasi həyatında mühüm yer tutdu. 1993-cü ildə Heydər Əliyevin ölkənin siyasi rəhbərliyinə qayıdışı Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Onun rəhbərliyi ilə dövlət müstəqilliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və dövlət institutlarının formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu proseslər yeni mərhələdə davam etdirildi. Azərbaycanın iqtisadi və hərbi potensialının güclənməsi, beynəlxalq mövqelərinin möhkəmlənməsi, 2020-ci ildə işğal altında olan ərazilərimizin böyük hissəsinin azad edilməsi və 2023-cü ildə dövlət suverenliyimizin tam bərpası ölkənin müasir tarixində mühüm hadisələr kimi yadda qaldı. Hazırda azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də Böyük Qayıdış proqramının icrası Azərbaycanın inkişafının növbəti mərhələsinin əsas istiqamətlərini təşkil edir.
Beləliklə, Naxçıvanın şaxtalı bir günündə, işıqsız bir zalda böyük inam və qətiyyətlə başlanan Yeni Azərbaycan yolu zamanın sınaqlarından keçərək Azərbaycanın müasir tarixinin mühüm səhifəsinə çevrildi. Həmin gün qaranlığı yaran ümid işığı illər keçdikcə daha da parladı, ölkənin inkişafına, dövlət müstəqilliyinin möhkəmlənməsinə və tarixi Zəfərinə gedən yola işıq saldı. Naxçıvanda yandırılan həmin işıq artıq yalnız bir siyasi təşəbbüsün deyil, bütöv bir xalqın gələcəyə inamının və milli iradəsinin ifadəsi kimi tarixə düşdü.
Əliheydər Qurbanlı
YAP Naxçıvan şəhər təşkilatı “Heydər Əliyev prospekti 50” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri