25 Noyabr – Kəlbəcər Şəhəri günü: şanlı zəfərimizin təntənəsindən böyük qayıdışın yeni üfüqlərinə

25 Noyabr – Kəlbəcər Şəhəri günü: şanlı zəfərimizin təntənəsindən böyük qayıdışın yeni üfüqlərinə

 

 

 

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə tarixə qovuşan Kəlbəcər bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti nəticəsində yenidən dirçəlir, doğma sakinlərini qoynuna alır və Şərqi Zəngəzurun mühüm inkişaf mərkəzlərindən birinə çevrilir.

Azərbaycan xalqının müasir tarixində elə günlər var ki, onlar yalnız təqvimdəki bir tarixi deyil, bütöv bir xalqın iradəsini, milli qürurunu, dövlətçilik əzmini və tarixi ədalətin bərpasını təcəssüm etdirir. 25 noyabr – Kəlbəcər Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin siyasi nəticələrindən birini, Azərbaycanın ərazi bütövlüyünün bərpasını və doğma torpaqlarımıza Böyük Qayıdışın davam edən prosesini özündə birləşdirir. 2020-ci il noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Bu il həmin tarixi hadisədən altı il ötür. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 25 noyabrın Kəlbəcər Şəhəri Günü kimi təsis edilməsi isə bu böyük tarixi hadisənin dövlət səviyyəsində əbədiləşdirilməsinə xidmət edir. Kəlbəcər bu gün yalnız azad edilmiş torpaq deyil, həm də Azərbaycanın gücünün, siyasi iradəsinin, milli birliyinin və quruculuq əzminin canlı təcəssümüdür.

Kəlbəcərin tarixi Azərbaycan xalqının qədim keçmişi, zəngin mədəni irsi və milli yaddaşı ilə sıx bağlıdır. Kiçik Qafqazın füsunkar təbiətə malik bu bölgəsi dağları, çayları, mineral su mənbələri, meşələri, yaylaqları və tarixi abidələri ilə Azərbaycanın ən qiymətli guşələrindən biridir. Xudavəng məbəd kompleksi, qayaüstü təsvirlər, qədim yaşayış məskənləri Kəlbəcərin zəngin tarixi-mədəni irsinin mühüm nümunələridir. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal etməsi rayon sakinlərinin həyatında ağır faciəyə çevrildi. Minlərlə insan doğma yurdunu tərk etməyə məcbur oldu, yaşayış məntəqələri dağıdıldı, tarixi və mədəni irsimizə ciddi ziyan vuruldu. Uzun illər kəlbəcərlilər doğma evlərinə, ata-baba yurdlarına qayıdacaqları günü səbirsizliklə gözlədilər. Bu həsrət 2020-ci ildə Azərbaycanın qazandığı tarixi Zəfər nəticəsində sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə Ermənistanı kapitulyasiyaya məcbur etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Kəlbəcər noyabrın 25-də Azərbaycana qaytarıldı. Kəlbəcərin döyüşsüz şəkildə azad edilməsi Azərbaycanın hərbi qələbəsinin yaratdığı siyasi reallığın və Prezident İlham Əliyevin qətiyyətli diplomatiyasının mühüm nəticəsi idi. Bu hadisə bir daha göstərdi ki, güclü ordu, düşünülmüş dövlət siyasəti və milli birlik Azərbaycanın qarşıya qoyduğu strateji məqsədlərə çatmasının əsas təminatıdır.

İşğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin əsas prioritetlərindəndir. Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən tədbirlər Kəlbəcərin də gələcək inkişafının fundamental əsaslarını formalaşdırır. Bu prosesin ən mühüm hadisələrindən biri 2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışının başlanması oldu. Uzun illər doğma yurd həsrəti ilə yaşayan sakinlərin öz evlərinə qayıtması yalnız sosial hadisə deyil, həm də tarixi ədalətin bərpasının mənəvi təntənəsidir. 2025-ci il avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə səfərləri çərçivəsində ilk yaşayış kompleksinin sakinləri ilə görüşərək onlara mənzillərin açarlarını təqdim etdilər. Bu mənzərə illərlə yurd həsrəti çəkən insanların arzularının reallığa çevrildiyini nümayiş etdirdi. 2026-cı il sentyabrın 12-də Kəlbəcər rayonunda Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyev şəhərdə artıq 162 ailənin yaşadığını bildirib. Bu ailələrin məşğulluğu, gündəlik ehtiyaclarının qarşılanması və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi qayıdış prosesinin yalnız mənzillərin təqdim edilməsi ilə məhdudlaşmadığını göstərir. Məqsəd insanların doğma torpaqlarında təhlükəsiz, rahat və davamlı həyat qurmasını təmin etməkdir. Kəlbəcər şəhərində ikinci, üçüncü və dördüncü yaşayış məhəllələrinin yaradılması istiqamətində də işlər planlaşdırılır. Səlahiyyətli nümayəndənin açıqlamasına əsasən, bu məhəllələr müvafiq olaraq 182, 476 və 807 mənzildən ibarət olacaq. Yeni yaşayış sahələrinin isti su, qaz, elektrik enerjisi və sürətli internetlə təmin edilməsi nəzərdə tutulur. Bu layihələr şəhərin əhalisinin mərhələli şəkildə artırılmasına və müasir yaşayış mühitinin formalaşdırılmasına xidmət edir. Beləliklə, Kəlbəcərə qayıdış təkcə insanların doğma evlərinə dönməsi deyil, həm də yeni sosial münasibətlərin, iqtisadi fəaliyyətin və şəhər həyatının yenidən qurulması deməkdir.

Kəlbəcərdə həyata keçirilən bərpa və quruculuq işlərinin ardıcıl xarakter daşıması Prezident İlham Əliyevin bu bölgənin inkişafına göstərdiyi xüsusi diqqətin nəticəsidir. Dövlət başçısının Kəlbəcərə səfərləri zamanı infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirakı, tikinti işlərinin gedişi ilə yerində tanış olması qarşıya qoyulan vəzifələrin icrasına verilən yüksək əhəmiyyətin göstəricisidir.

Prezidentin 27 may 2023-cü il, 25 avqust 2023-cü il, 2 sentyabr 2024-cü il və 21 avqust 2025-ci il tarixlərində Kəlbəcərə səfərləri rayonun bərpa salnaməsində mühüm mərhələlər kimi yadda qalıb. Bu səfərlər çərçivəsində kəndlərin və yaşayış komplekslərinin təməlləri qoyulub, enerji obyektləri istifadəyə verilib, “İstisu” mineral su zavodunun fəaliyyəti ilə bağlı mühüm addımlar atılıb, sakinlərin doğma yurdlarına qayıdışı təmin olunub.

Xüsusilə 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərində ilk yaşayış kompleksinin sakinlərinə mənzillərin açarlarının təqdim edilməsi Böyük Qayıdışın ən təsirli anlarından biri oldu. Çünki uzun illər həsrətlə gözlənilən doğma yurda qayıdış artıq real həyata çevrilmişdi.

Birinci vitse-prezident Mehriban Əliyevanın da Kəlbəcərə səfərlərdə Prezident İlham Əliyevlə birlikdə iştirakı, bölgədə görülən işlərlə tanış olması və sakinlərlə görüşləri dövlətin azad edilmiş ərazilərin inkişafına kompleks yanaşmasının tərkib hissəsidir.

 

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
Yeni Azərbaycan Partiyasının fəal üzvü