Bakı-Hanoy münasibətləri: etimad, dialoq və qarşılıqlı maraqlar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə ölkəmizin xarici siyasətinin prioritetlərini, beynəlxalq əməkdaşlığa yanaşmasını və Azərbaycan–Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivlərini əks etdirən mühüm siyasi məzmunlu açıqlamadır. Müsahibə Azərbaycan ilə Vyetnam arasında uzun illər ərzində formalaşmış dostluq münasibətlərinin bugünkü vəziyyətini dəyərləndirməklə yanaşı, qarşılıqlı faydalı tərəfdaşlığın daha geniş miqyasda inkişaf etdirilməsi üçün mövcud imkanları da diqqətə çatdırır.
Azərbaycan və Vyetnam münasibətlərinin özünəməxsusluğu ondadır ki, bu əlaqələr yalnız diplomatik münasibətlərin çərçivəsi ilə məhdudlaşmır. Onların təməlində tarixi yaddaş, qarşılıqlı hörmət, etimad və xalqlar arasında formalaşmış səmimi münasibətlər dayanır. Prezident İlham Əliyevin müsahibəsində bu məqamların xüsusi vurğulanması iki ölkə arasındakı əməkdaşlığın təsadüfi siyasi yaxınlaşma deyil, uzun illər ərzində qorunub saxlanılan dostluğun məntiqi davamı olduğunu göstərir.
Azərbaycan–Vyetnam dostluğunun tarixində 1959-cu il xüsusi əhəmiyyət daşıyır. Həmin il Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri iki xalq arasında münasibətlərin möhkəm təməlinin formalaşmasında mühüm rol oynayıb. Bu səfər Azərbaycanın Vyetnamla əlaqələrinin tarixində əlamətdar hadisə olmaqla yanaşı, ölkəmizin beynəlxalq dostluq münasibətlərinin inkişafına verdiyi töhfənin də göstəricisidir. Sonrakı illərdə Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri isə əməkdaşlığın inkişafında yeni mərhələnin əsasını qoyub. Həmin səfər çərçivəsində əldə olunan razılaşmalar Vyetnamın iqtisadi inkişafına dəstək vermiş, qarşılıqlı əlaqələrin gələcək istiqamətlərini müəyyənləşdirmişdir.
Bu tarixi məqamların Prezident İlham Əliyev tərəfindən xatırladılması mühüm siyasi mesaj daşıyır. Belə ki, dövlətlər arasında möhkəm münasibətlərin qurulması üçün tarixi təcrübənin qorunması və əvvəlki nəsillərin yaratdığı etimad mühitinin davam etdirilməsi vacib şərtdir. Azərbaycan bu gün Vyetnamla münasibətlərini məhz həmin möhkəm təməl üzərində inkişaf etdirir.
2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə isə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri ikitərəfli münasibətlərin siyasi baxımdan daha da fəallaşmasına şərait yaradıb. Bu qarşılıqlı səfərlər dövlətlərarası dialoqun davamlılığını təmin etməklə yanaşı, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıb.
Müsahibənin əsas məqamlarından biri də Azərbaycan ilə Vyetnam arasında strateji tərəfdaşlığın yeni mərhələyə yüksəlməsidir. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətlərin gələcək inkişafı baxımından mühüm siyasi hadisədir. Bu sənəd iki ölkənin qarşılıqlı maraqlarını, ortaq məqsədlərini və əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirən əhəmiyyətli yol xəritəsi kimi dəyərləndirilə bilər. Onun əhəmiyyəti yalnız mövcud əlaqələrin hüquqi-siyasi çərçivəsinin möhkəmləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda gələcək birgə təşəbbüslərin həyata keçirilməsi üçün etibarlı zəmin yaradır.
Siyasi münasibətlərin inkişafında diqqət çəkən digər məqam əməkdaşlığın müxtəlif institusional mexanizmlər vasitəsilə davam etdirilməsidir. Hökumətlərarası komissiyaların fəaliyyəti, parlamentlərarası əlaqələr, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq iki ölkənin siyasi münasibətlərinin daha sistemli xarakter almasına xidmət edir. Eyni zamanda, Azərbaycanın və Vyetnamın BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) kimi beynəlxalq platformalarda qarşılıqlı fəaliyyəti dövlətlərimizin ortaq məsələlərə münasibətdə konstruktiv mövqeyini nümayiş etdirir. Bu əməkdaşlıq beynəlxalq münasibətlərdə qarşılıqlı maraqların qorunması və dövlətlərin suverenliyinə hörmət prinsiplərinin əhəmiyyətini bir daha təsdiqləyir.
İqtisadi-ticari əlaqələr müsahibədə geniş yer tutan əsas istiqamətlərdəndir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bu göstərici müsbət dinamikanın nəticəsi olsa da, mövcud iqtisadi potensialın tam reallaşdırılması üçün hələ geniş imkanların olduğunu göstərir. Azərbaycan və Vyetnamın iqtisadi imkanları, istehsal potensialı və əlverişli coğrafi mövqeyi qarşılıqlı ticarətin daha da artırılması üçün əlverişli şərait yaradır.
Energetika sahəsi iki ölkənin iqtisadi əməkdaşlığında xüsusi yer tutur. Azərbaycan uzun illərdir enerji sektorunda qazandığı təcrübə, müasir infrastrukturu və beynəlxalq enerji bazarındakı mövqeyi ilə etibarlı tərəfdaş kimi tanınır. Vyetnamla bu sahədə əlaqələrin inkişafı isə qarşılıqlı təcrübə mübadiləsi və yeni layihələrin reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnamın Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri diqqətəlayiqdir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, eləcə də mütəxəssislərin hazırlanması kimi istiqamətləri əhatə edir.
Bununla yanaşı, əməkdaşlığın yalnız ənənəvi enerji sahəsi ilə məhdudlaşmaması xüsusi əhəmiyyət kəsb edir. Bərpaolunan enerji mənbələrindən istifadə, Günəş və külək enerjisi layihələri, sənaye və infrastruktur sahələrində birgə fəaliyyət üçün yeni perspektivlər mövcuddur. Vyetnamın “ROX Group” şirkətinin Azərbaycanda tikinti, infrastruktur və alternativ enerji layihələrinə maraq göstərməsi bu baxımdan konkret iqtisadi təşəbbüs kimi qiymətləndirilə bilər. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlərin imzalanması qarşılıqlı investisiya münasibətlərinin inkişafına verilən önəmi göstərir. Bu cür təşəbbüslər iqtisadi əlaqələri sadəcə ticarət mübadiləsi səviyyəsindən çıxararaq birgə istehsal, investisiya və uzunmüddətli biznes tərəfdaşlığı mərhələsinə yüksəldə bilər.
Müsahibədə Azərbaycanın tranzit və logistika imkanlarına da xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Bu gün ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm nəqliyyat qovşağı kimi çıxış edir. Orta Dəhliz və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsində strateji əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin açıqladığı məlumatlara əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan üzərindən Vyetnama aid tranzit daşımalarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Bu rəqəm nəqliyyat sahəsində əməkdaşlığın real nəticələrini əks etdirir. Azərbaycanın müasir liman, dəmir yolu, avtomobil yolu və logistika infrastrukturu Vyetnam yüklərinin Avropa bazarlarına çatdırılması, eləcə də əks istiqamətdə daşımaların təşkili üçün əlverişli imkanlar yaradır. Beləliklə, coğrafi baxımdan bir-birindən uzaqda yerləşən iki ölkə nəqliyyat əlaqələri vasitəsilə daha sıx iqtisadi münasibətlər qura bilər.
Müsahibənin mühüm istiqamətlərindən biri də humanitar, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıqdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, humanitar münasibətlər xalqları və dövlətləri birləşdirən möhkəm körpü rolunu oynayır. Çünki dövlətlərarası əlaqələrin davamlılığı yalnız siyasi qərarlar və iqtisadi göstəricilərlə deyil, həm də xalqların bir-birini tanıması, mədəni dəyərlərinə hörmət etməsi və ortaq humanitar təşəbbüslərdə iştirakı ilə təmin olunur.
Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Fondun Vyetnamda həyata keçirdiyi xeyriyyəçilik və təhsil təşəbbüsləri Azərbaycan xalqının humanist dəyərlərini beynəlxalq miqyasda nümayiş etdirir. Ha Giang əyalətində ibtidai məktəbin tikintisi, təhsil proqramlarına dəstək və digər sosial layihələr bu əməkdaşlığın əməli nəticələridir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri də humanitar əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisə olub. Səfər çərçivəsində keçirilən görüşlər, o cümlədən Hanoy Ticarət və Turizm Kollecinə göstərilən maliyyə dəstəyi iki ölkə arasında sosial və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinə xidmət edib.
Elm və təhsil sahəsindəki əlaqələr də uzunmüddətli dostluğun mühüm dayaqlarındandır. Tarixi məlumatlara görə, sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb. Onların əldə etdikləri bilik və peşə təcrübəsi sonradan Vyetnamın inkişafına töhfə verib. Bu ənənənin bu gün də davam etdirilməsi, universitetlər arasında əməkdaşlıq memorandumlarının imzalanması və təhsil qrantları proqramlarının genişləndirilməsi gələcək nəsillər arasında əlaqələrin möhkəmlənməsinə şərait yaradır. Xüsusilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması iki xalqın ortaq tarixi yaddaşına verilən yüksək ehtiramın ifadəsidir.
Mədəniyyət sahəsində qarşılıqlı fəaliyyət də Azərbaycan–Vyetnam münasibətlərinin zəngin məzmununu tamamlayır. Azərbaycanda keçirilən Vyetnam Günləri, 2026-cı ildə festivalın Bakı ilə yanaşı Qəbələdə də təşkil olunması, vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” adlı şeirlər toplusunun Azərbaycan dilində nəşri xalqlarımızın mədəni dünyasının qarşılıqlı tanıdılması baxımından mühüm addımlardır. Bu əlaqələrin tarixi isə daha qədim yaradıcılıq ənənələrinə söykənir. Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 1955-ci ildə “Vyetnam süitası”nı yaratması, rejissor Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda fəaliyyəti və yerli kino sənətinin inkişafına verdiyi töhfələr mədəniyyətlərarası əlaqələrin tarixi əsaslarını təşkil edir. Bu faktlar göstərir ki, Azərbaycan ilə Vyetnam arasında dostluq yalnız rəsmi sənədlərdə deyil, incəsənət və yaradıcılıq tarixində də özünəməxsus iz qoyub.
İki ölkə arasındakı münasibətlərin səmimiliyini nümayiş etdirən məqamlardan biri də çətin günlərdə qarşılıqlı dəstəkdir. Azərbaycanın 2024-cü ildə Vyetnamda baş vermiş “Yaqi” tayfununun, eləcə də 2025-ci ildə genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün maliyyə yardımı göstərməsi humanitar həmrəyliyin konkret təzahürüdür. Belə addımlar dövlətlər arasında münasibətlərin yalnız qarşılıqlı maraqlara deyil, həm də mənəvi məsuliyyət və insani dəyərlərə əsaslandığını təsdiqləyir.
Prezident İlham Əliyevin müsahibəsində ifadə olunan əsas mesajlardan biri Azərbaycan və Vyetnamın malik olduğu iqtisadi və coğrafi üstünlüklərin bir-birini tamamlamasıdır. Vyetnam Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən dövlətlərindən biri, Azərbaycan isə Cənubi Qafqazın mühüm logistika və energetika mərkəzidir. Bu iki potensialın bir araya gətirilməsi yeni bazarlara çıxış, investisiya imkanlarının genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından böyük perspektivlər vəd edir. Qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq həm iqtisadi göstəricilərin yüksəlməsinə, həm də hər iki ölkənin beynəlxalq iqtisadi əlaqələr sistemində mövqelərinin möhkəmlənməsinə xidmət edə bilər.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi Azərbaycan–Vyetnam münasibətlərinin keçmişinə ehtiram, bu günün reallıqlarına əsaslanan qiymətləndirmə və gələcəyə yönəlmiş strateji baxışın vəhdətidir. Təxminən yetmiş ilə yaxın tarixə malik dostluq münasibətləri artıq yeni siyasi, iqtisadi və humanitar məzmun qazanır. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu prosesin mühüm siyasi-hüquqi əsasını formalaşdırır, qarşılıqlı səfərlər və konkret layihələr isə əməkdaşlığın praktiki nəticələrini ortaya qoyur.
Azərbaycanın xarici siyasətində dost ölkələrlə münasibətlərin qarşılıqlı hörmət, bərabərhüquqluluq və ortaq maraqlar əsasında inkişaf etdirilməsi mühüm yer tutur. Vyetnamla əlaqələrin yeni mərhələyə yüksəlməsi də bu siyasətin ardıcıl və məqsədyönlü xarakter daşıdığını göstərir. Əminliklə demək olar ki, tarixi dostluqdan qaynaqlanan bu tərəfdaşlıq qarşıdakı illərdə daha geniş sahələri əhatə edəcək, yeni iqtisadi və humanitar təşəbbüslərlə zənginləşəcək, Azərbaycan və Vyetnam xalqlarının rifahına xidmət edən uzunmüddətli əməkdaşlıq modelinə çevriləcək.
Nazimə Şamıyeva
YAP Füzuli rayon təşkilatının sədri