Azərbaycan xalqının çoxəsrlik tarixində özünəməxsus yeri olan Ağdamın azadlığa qovuşması dövlətimizin gücünü, xalqımızın sarsılmaz iradəsini və milli birliyini nümayiş etdirən mühüm tarixi hadisələrdən biridir. Hər il noyabrın 20-də qeyd olunan Ağdam Şəhəri Günü təkcə şəhərin işğaldan azad edilməsinin ildönümü deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpası, tarixi ədalətin təntənəsi və Qarabağda başlanan yeni inkişaf mərhələsinin rəmzidir.
Bir zamanlar Qarabağın ən böyük və abad yaşayış məntəqələrindən biri kimi tanınan Ağdam zəngin tarixi, mədəni irsi, iqtisadi potensialı və özünəməxsus şəhər mühiti ilə seçilirdi. Lakin 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalan şəhər uzun illər ərzində ağır dağıntılarla üzləşdi. İşğal nəticəsində yaşayış binaları, inzibati müəssisələr, təhsil və səhiyyə ocaqları, mədəniyyət mərkəzləri, dini abidələr və digər sosial obyektlər məhv edildi. Şəhərin infrastrukturunun dağıdılması, tarixi abidələrin və qəbiristanlıqların təhqir olunması Azərbaycan xalqının milli-mədəni irsinə vurulmuş ciddi zərbə idi. Vaxtilə həyatın qaynadığı Ağdamın xarabalığa çevrilməsi Ermənistanın işğalçılıq siyasətinin acı nəticələrini bütün dünyaya göstərirdi.
Azərbaycan xalqı uzun illər doğma torpaqlarının azad olunacağına inamını itirmədi. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət, güclü ordu quruculuğu və beynəlxalq müstəvidə aparılan ardıcıl fəaliyyət bu istiqamətdə mühüm zəmin yaratdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixində yeni bir dövrün əsasını qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında böyük qəhrəmanlıq göstərərək torpaqlarımızın azadlığı uğrunda əzmlə mübarizə apardı. Nəticədə noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, həmin ayın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Bu hadisə xalqımızın illərlə gözlədiyi arzunun gerçəkləşməsi, tarixi ədalətin bərpası baxımından xüsusi əhəmiyyət daşıdı.
Ağdamın azad edilməsindən sonra qarşıda duran əsas vəzifə dağıdılmış şəhərin yenidən qurulması, əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi və bölgənin iqtisadi həyatının bərpası oldu. Prezident İlham Əliyev Ağdamın işğaldan sonrakı vəziyyətini dəyərləndirərkən şəhərin gələcəyinə dair qətiyyətli mövqeyini belə ifadə etmişdir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Dövlət başçısının bu fikirləri işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsinin Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu təsdiqləyirdi.
Bu gün Ağdamda həyata keçirilən quruculuq işləri həmin vədin əməli nəticələrini ortaya qoyur. Şəhərin Baş planına uyğun olaraq müasir yaşayış komplekslərinin, inzibati binaların, təhsil və səhiyyə müəssisələrinin, sosial və kommunal infrastrukturun yaradılması istiqamətində mühüm layihələr reallaşdırılır. Yol-nəqliyyat sisteminin yenilənməsi, elektrik, su və digər kommunikasiya xətlərinin qurulması Ağdamın gələcək inkişafı üçün möhkəm təməl formalaşdırır. Eyni zamanda, sənaye, kənd təsərrüfatı, sahibkarlıq və xidmət sahələrinin inkişafına yönəlmiş tədbirlər bölgənin iqtisadi imkanlarının genişləndirilməsinə xidmət edir.
Ağdamın dirçəldilməsi yalnız yeni binaların inşası ilə məhdudlaşmır. Burada əsas məqsəd insanların rahat və təhlükəsiz yaşayacağı, müasir tələblərə cavab verən, iqtisadi cəhətdən dayanıqlı şəhər mühiti yaratmaqdır. Bu baxımdan Ağdam Sənaye Parkının fəaliyyəti, yeni istehsal müəssisələrinin yaradılması və məşğulluq imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Həyata keçirilən layihələr şəhərin əvvəlki iqtisadi mövqeyinin bərpasına və Qarabağın ümumi inkişafına mühüm töhfə verir.
Ağdamın gələcəyindən danışarkən Azərbaycanın dövlət suverenliyinin tam bərpası ilə nəticələnən 2023-cü ilin sentyabr hadisələrini də xüsusi qeyd etmək lazımdır. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələrinin mövcudluğunu davam etdirməsi, separatçı fəaliyyətlər və hərbi təxribatlar bölgədə təhlükəsizliyə ciddi maneə yaradırdı. Azərbaycanın suveren ərazilərində qanunsuz silahlı fəaliyyətin davam etdirilməsi dövlətin konstitusiya quruluşunun bərpasını zəruri edirdi.
2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz erməni silahlı birləşmələrinin mövqelərinə ciddi zərbələr endirildi. Təxminən 24 saat davam edən əməliyyat qarşı tərəfin təslim olması və silahı yerə qoyması ilə başa çatdı. Bununla da bölgədə qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi və Azərbaycanın suveren idarəçiliyinin tam bərpası üçün şərait yarandı. Bu əməliyyat dövlətimizin təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq istiqamətində atılmış mühüm addım kimi tarixə düşdü.
Həmin tarixi prosesin davamı olaraq 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması və xalqa müraciət etməsi xüsusi siyasi və mənəvi əhəmiyyət daşıdı. Dövlət başçısının bu addımı Azərbaycanın bütün ərazilərində dövlət suverenliyinin təmin olunmasının rəmzinə çevrildi. Xankəndidə üçrəngli bayrağımızın dalğalanması xalqımızda böyük qürur hissi yaratmaqla yanaşı, ölkəmizin müstəqillik və dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını ifadə etdi.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa siyasəti yalnız daxili inkişaf baxımından deyil, bütövlükdə Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir. Ölkəmiz bölgədə yeni iqtisadi və nəqliyyat əlaqələrinin qurulmasına, əməkdaşlıq imkanlarının genişləndirilməsinə və sabitliyin təmin olunmasına töhfə verməyə çalışır. Qarabağ və Şərqi Zəngəzurda yaradılan müasir infrastruktur bu ərazilərin gələcəkdə regionun mühüm iqtisadi və logistika mərkəzlərindən birinə çevrilməsi üçün geniş imkanlar açır.
Digər mühüm istiqamət isə işğal dövründə dağıdılmış tarixi və mədəni irsimizin qorunması, baş vermiş hadisələrin gələcək nəsillərə çatdırılmasıdır. Ağdamda yaradılan Zəfər Muzeyi və açıq səma altında İşğal Muzeyi bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Bu məkanlar xalqımızın üzləşdiyi faciələri, işğalın ağır nəticələrini, mübarizə əzmini və Vətən müharibəsində əldə olunan tarixi Qələbəni əks etdirən mühüm yaddaş məkanlarıdır. Onların fəaliyyəti həm milli tariximizin öyrənilməsinə, həm də gələcək nəsillərdə vətənpərvərlik ruhunun gücləndirilməsinə xidmət edir.
Ağdam Şəhəri Günü xalqımızın keçmişini xatırlamaqla yanaşı, bu gün əldə etdiyi nailiyyətləri və gələcəyə yönəlmiş hədəfləri dəyərləndirmək üçün də mühüm fürsətdir. Vaxtilə işğalın ağır nəticələri ilə üzləşmiş şəhərin bu gün müasir layihələr əsasında yenidən qurulması Azərbaycanın gücünü və quruculuq potensialını nümayiş etdirir. Doğma yurdlarına qayıdan sakinlərin burada yeni həyat qurması, uşaqların məktəblərdə təhsil alması, iqtisadi və sosial həyatın canlanması Ağdamın gələcəyinə olan inamı daha da artırır.
Əminliklə söyləmək olar ki, Ağdam yaxın illərdə öz tarixi simasını müasir şəhərsalma ənənələri ilə birləşdirərək Azərbaycanın inkişaf etmiş yaşayış və iqtisadi mərkəzlərindən birinə çevriləcək. Bu gün şəhərdə görülən hər bir iş, salınan hər bir küçə, tikilən hər bir bina Böyük Qayıdışın və milli dirçəlişimizin növbəti uğurlu səhifəsidir. Ağdam artıq keçmişin dağıntıları ilə deyil, gələcəyə yönələn inkişafı, quruculuğu və həyatın yenidən canlanması ilə diqqət çəkir.
İlkin Bağırov
YAP Babək rayon təşkilatının əməkdaşı