Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və özünəməxsus milli-mənəvi dəyərlərə malik şəhərlərindən biri olan Ağdam bu gün ölkəmizin azadlıq mübarizəsinin, dövlət iradəsinin və quruculuq əzminin təcəssümüdür. 20 noyabr – Ağdam Şəhəri Günü xalqımızın tarixi yaddaşında xüsusi əhəmiyyət daşıyan, milli qürur və Zəfər duyğularını özündə birləşdirən əlamətdar tarixdir.
2020-ci il noyabrın 20-də Ağdam şəhərinin işğaldan azad olunması Azərbaycanın hərb və diplomatiya tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı. Bu tarixi nailiyyət Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun gücü və xalqımızın milli birliyi nəticəsində mümkün oldu. Ağdamın azadlığı ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində atılan mühüm addımlardan biri olmaqla, dövlətimizin siyasi iradəsinin və beynəlxalq hüquqa əsaslanan mövqeyinin təntənəsi idi.
Ağdamın keçmişi xalqımızın yaddaşında həm zəngin mədəniyyət, həm də ağır sınaqlarla xatırlanır. İşğal illərində şəhərin tarixi siması məhv edilmiş, yaşayış məntəqələri, mədəniyyət ocaqları və dini abidələr dağıdılmışdı. Vaxtilə Qarabağın ən inkişaf etmiş şəhərlərindən biri olan Ağdamın xarabalığa çevrilməsi erməni vandalizminin miqyasını bütün dünyaya nümayiş etdirdi. Lakin xalqımızın doğma torpaqlara qayıdış inamı heç vaxt sarsılmadı.
Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri həmin inamın real nəticələridir. Dövlət başçısının müəyyən etdiyi strateji inkişaf xəttinə uyğun olaraq şəhərin müasir şəhərsalma konsepsiyası əsasında yenidən qurulması, nəqliyyat və kommunikasiya infrastrukturunun yaradılması, sosial obyektlərin inşası və iqtisadi potensialın gücləndirilməsi istiqamətində mühüm işlər görülür.
Ağdamın gələcək inkişafında sənaye, kənd təsərrüfatı, xidmət və digər iqtisadi sahələrin xüsusi yeri vardır. Ağdam Sənaye Parkının fəaliyyəti bölgənin iqtisadi fəallığının artırılmasına, sahibkarlığın genişlənməsinə və yeni məşğulluq imkanlarının yaradılmasına xidmət edir. Bütün bunlar şəhərin yalnız keçmiş şöhrətinin qaytarılmasına deyil, daha müasir və dayanıqlı inkişaf modelinin formalaşdırılmasına yönəlib.
Böyük Qayıdış Proqramı çərçivəsində doğma torpaqlarına qayıdan ağdamlıların yenidən öz yurdlarında məskunlaşması isə bu prosesin ən mühüm mənəvi nəticəsidir. İllərlə həsrətində olduqları evlərinə qayıdan insanların sevincində Azərbaycanın tarixi Zəfərinin əsl mahiyyəti ifadə olunur.
Ağdamın dirçəlişi bir daha sübut edir ki, Azərbaycan dövləti azad edilmiş ərazilərin bərpasını milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Bu şəhərdə görülən işlər gələcək nəsillərə ötürüləcək böyük quruculuq irsinin əsasını təşkil edir.
20 noyabr – Ağdam Şəhəri Günü münasibətilə şəhərin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.
Ağdam bu gün yenidən qurulan bir şəhər olmaqla yanaşı, Azərbaycanın qalib dövlət statusunun, milli həmrəyliyinin və sarsılmaz dövlətçilik iradəsinin rəmzidir. Onun hər bir yenilənən küçəsi, hər bir ucalan binası xalqımızın Zəfər tarixinin davam edən salnaməsidir.
Romella Ağamətova
YAP Qusar rayon təşkilatının fəalı