Azərbaycan–Böyük Britaniya münasibətləri

Azərbaycan–Böyük Britaniya münasibətləri

Toğrul Zeynalov

YAP Ağdam rayon təşkilatının əməkdaşı 

Azərbaycanın müstəqillik tarixində həyata keçirilən xarici siyasət kursunun əsas xüsusiyyətlərindən biri ölkəmizin milli maraqlarını qorumaqla müxtəlif güc mərkəzləri və nüfuzlu dövlətlərlə qarşılıqlı faydalı münasibətlər qurmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən çoxşaxəli və praqmatik xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, regional təşəbbüslərin müəllifi və mühüm iqtisadi-siyasi aktor kimi mövqeyini möhkəmləndirib. Bu siyasətin növbəti mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasıdır. 2026-cı il noyabrın 12-də Dublində imzalanan sənəd iki ölkə arasında uzun illər ərzində formalaşmış əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsini rəsmiləşdirir. Xüsusilə enerji sektorunda otuz ildən artıq davam edən tərəfdaşlıq, Böyük Britaniyanın Azərbaycanın ən böyük Avropa investoru olması bu münasibətlərin möhkəm iqtisadi əsaslara söykəndiyini göstərir. Yeni Bəyannamə isə Azərbaycan dövlətinin xarici siyasətdə müəyyən etdiyi strateji hədəflərə uyğun olaraq əməkdaşlığın daha geniş istiqamətlərdə inkişafına imkan yaradır.

Sənədin məzmunu Azərbaycanın son illərdə həyata keçirdiyi iqtisadi şaxələndirmə, enerji təhlükəsizliyi, nəqliyyat-logistika və insan kapitalının inkişafı siyasəti ilə uzlaşır. Müdafiə və təhlükəsizlik, ticarət, investisiya, təhsil və innovasiya sahələrini əhatə edən razılaşmalar ölkəmizin gələcək inkişaf prioritetləri baxımından əhəmiyyətlidir. Xüsusilə bərpaolunan enerji və aşağı karbonlu texnologiyalar sahəsində əməkdaşlıq Azərbaycanın yaşıl enerji keçidi strategiyasına, Orta Dəhlizin inkişafına verilən dəstək isə ölkəmizin beynəlxalq nəqliyyat bağlantılarının genişləndirilməsi siyasətinə uyğun gəlir. Bu gün Azərbaycan təkcə enerji resurslarının ixracatçısı deyil, həm də Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat və logistika mərkəzidir. Təhsil, elmi tədqiqatlar, rəqəmsallaşma və süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsi isə ölkəmizin müasir iqtisadiyyat quruculuğu və innovativ inkişaf məqsədlərinə xidmət edir. Bəyannamədə Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətin, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və regionda davamlı sülhün təmin olunmasının vurğulanması da xüsusi siyasi əhəmiyyət daşıyır. Bu yanaşma Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin və sülh gündəliyinin ikitərəfli münasibətlərdə nəzərə alındığını göstərir.

Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bir daha təsdiqləyir ki, Azərbaycan öz xarici siyasətini dəyişən beynəlxalq şəraitə uyğunlaşdırmaqla yanaşı, dövlət müstəqilliyini, suverenliyini və milli maraqlarını əsas prinsip kimi qoruyur. Ölkəmiz heç bir tərəfdaşlıq münasibətini birtərəfli asılılıq üzərində deyil, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq əsasında qurur. Bu baxımdan Böyük Britaniya ilə münasibətlərin yeni mərhələyə yüksəlməsi Azərbaycanın beynəlxalq əlaqələrinin coğrafiyasının genişlənməsi və strateji tərəfdaşlıq şəbəkəsinin möhkəmlənməsi deməkdir.