İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini
Azərbaycan ilə Vyetnam arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu münasibətlərin dərinləşməsində mühüm rola malikdir. Prezident cənab İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. Dövlətimizin başçısı müsahibəsində bildirib: "Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı da ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. Tikinti və infrastrukturun inkişafı, həmçinin Günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirən “ROX Group” bunun bariz nümunəsidir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ROX Group” ilə müvafiq sənədlər imzalanıb. Tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında bu daşımaların həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artıb və 8 min tondan çox olub. Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək olar. Bu, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində rolunu gücləndirməklə yanaşı, əlavə iqtisadi dəyər və əməkdaşlıq üçün yeni imkanlar yaradılmasına və ikitərəfli əlaqələrin genişlənməsinə sanballı töhfə verəcək. Ölkələrimiz ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sektorlarında - bir sözlə, demək olar ki, bütün aparıcı sahələrdə genişmiqyaslı birgə təşəbbüsləri uğurla həyata keçirmək üçün kifayət qədər resurslara malikdir. Əminəm ki, planauyğun birgə iş ən qısa müddətdə əhəmiyyətli praktik nəticələr əldə etməyə imkan verəcək." Qeyd edək ki, Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın çox ciddi siyasi sənəd olduğunu vurğulayan ölkəmizin başçısı onun əlaqələrin daha yüksək pilləyə yüksələcəyinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.
Müsahibədə Azərbaycan-Vyetnam münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoymasında 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfərinin xüsusi əhəmiyyəti vurğulanıb. Səfər çərçivəsində aparılan danışıqların nəticəsi olaraq Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması əlaqələrin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsini təmin edib. Sənəd energetika, investisiya, müdafiə, kibertəhlükəsizlik və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradıb.