Prezident İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə ölkəmizin xarici siyasət prioritetlərinin, beynəlxalq əməkdaşlıq strategiyasının və Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf istiqamətlərinin təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı müsahibəsində iki ölkə arasında tarixi dostluq əlaqələrindən, siyasi dialoqun mövcud vəziyyətindən, iqtisadi-ticari əməkdaşlıqdan, enerji, nəqliyyat, humanitar və mədəni sahələrdə qarşılıqlı fəaliyyət imkanlarından ətraflı bəhs edib.
Prezident İlham Əliyev Azərbaycan-Vyetnam münasibətlərinin təxminən 70 illik tarixə malik olduğunu vurğulayaraq, bu dostluğun təməlinin 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə qoyulduğunu qeyd edib. İkitərəfli əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyevin də müstəsna xidmətləri xüsusi vurğulanıb. Belə ki, 1983-cü ildə Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri, Ulu Öndərin təşəbbüsü ilə səfərin səkkiz gün davam etməsi və ölkənin müxtəlif bölgələrini əhatə etməsi əməkdaşlığın genişlənməsinə mühüm təkan verib. Bu tarixi ənənələr bu gün də Azərbaycan ilə Vyetnam arasında dostluq və qarşılıqlı etimad münasibətlərinin əsasını təşkil edir.
Müsahibədə diqqət çəkən əsas məqamlardan biri iki ölkə arasında siyasi münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri zamanı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı olub. Bu sənəd siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha geniş perspektivlərini müəyyənləşdirib. Ölkələrimizin BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi beynəlxalq platformalarda əməkdaşlığı da qarşılıqlı etimadın göstəricisidir. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə göstərdiyi möhkəm və ədalətli mövqeyə görə Vyetnama minnətdarlığını ifadə edib.
İqtisadi-ticari əməkdaşlıq da müsahibənin əsas istiqamətlərindən biri olub. Dövlət başçısının bildirdiyinə görə, 2025-ci ildə Azərbaycan ilə Vyetnam arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, mövcud göstəricilər iki ölkənin real iqtisadi potensialını tam əks etdirmir. Xüsusilə enerji sahəsində SOCAR və Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın genişləndirilməsi mühüm perspektivlər vəd edir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı, işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı istiqamətlərində birgə fəaliyyət üçün imkanlar yaradır.
Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat-logistika infrastrukturu da Vyetnamla iqtisadi əlaqələrin inkişafında mühüm amildir. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcminin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötməsi bu sahədə müsbət dinamikanı nümayiş etdirir. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yükdaşımaların genişləndirilməsi hər iki ölkə üçün yeni iqtisadi imkanlar aça bilər.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri