Bakıdan Hanoya uzanan dostluq və iqtisadi tərəfdaşlıq körpüsü

Bakıdan Hanoya uzanan dostluq və iqtisadi tərəfdaşlıq körpüsü

 

 

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin iqtisadi imkanlarının genişləndirilməsi, yeni bazarlara çıxışının təmin olunması və etibarlı tərəfdaşlarla əlaqələrinin möhkəmləndirilməsi xüsusi aktuallıq kəsb edir. Bu baxımdan Azərbaycan ilə Cənub-Şərqi Asiyanın mühüm ölkələrindən olan Vyetnam arasında münasibətlərin inkişafı hər iki dövlət üçün yeni perspektivlər vəd edir. Prezident İlham Əliyevin Vyetnama səfəri tarixi dostluq əlaqələrinin müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi baxımından əlamətdar hadisədir.

Coğrafi baxımdan bir-birindən uzaqda yerləşmələrinə baxmayaraq, Azərbaycan və Vyetnamı uzun illər ərzində formalaşmış dostluq ənənələri birləşdirir. Tarixən müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıq xalqlarımız arasında qarşılıqlı rəğbətin yaranmasına səbəb olub. Bu gün həmin münasibətlər yeni siyasi və iqtisadi reallıqlar fonunda daha geniş məzmun qazanır.

Dövlət başçısının Vyetnam Xəbər Agentliyinə müsahibəsində diqqət çəkən əsas məsələlərdən biri iqtisadi münasibətlərin gələcək inkişaf imkanlarıdır. Ölkələr arasında illik ticarət dövriyyəsinin 150 milyon dolları keçməsi qarşılıqlı iqtisadi maraqların artdığını göstərir. Lakin Azərbaycanın və Vyetnamın malik olduğu istehsal, ixrac və investisiya imkanları ticarət əlaqələrinin daha yüksək səviyyəyə çatdırılması üçün geniş perspektivlər açır.

Əməkdaşlığın gələcəyini müəyyənləşdirən mühüm amillərdən biri Azərbaycanın beynəlxalq nəqliyyat sistemində tutduğu mövqedir. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən ölkəmiz Asiya ilə Avropa arasında iqtisadi əlaqələrin inkişafında mühüm tranzit imkanlarına malikdir. Cari ilin yanvar-sentyabr aylarında Vyetnamla əlaqəli tranzit yükdaşımalarının 8 min tonu ötməsi Azərbaycanın logistika potensialından istifadəyə marağın artdığını nümayiş etdirir. Beynəlxalq nəqliyyat dəhlizlərindən daha səmərəli istifadə Vyetnamın Avropa bazarlarına çıxış imkanlarını genişləndirə, Azərbaycanın isə tranzit ölkə kimi mövqeyini gücləndirə bilər.

İqtisadi tərəfdaşlığın digər mühüm istiqaməti qarşılıqlı investisiyaların təşviqidir. Vyetnamın işgüzar dairələrinin Azərbaycanın qeyri-neft sektoruna göstərdiyi maraq bu sahədə yeni imkanların mövcudluğunu təsdiqləyir. Xüsusilə, alternativ enerji mənbələrinin inkişafı, müasir infrastrukturun yaradılması və tikinti sektorunda birgə layihələrin reallaşdırılması iqtisadi münasibətlərin daha geniş istiqamətləri əhatə etməsinə zəmin yaradır.

Ənənəvi neft-qaz əməkdaşlığı da öz aktuallığını qoruyur. Vaxtilə iki ölkə arasında iqtisadi və texniki əlaqələrin formalaşmasında mühüm rol oynayan neft sənayesi hazırda yeni əməkdaşlıq mexanizmləri ilə zənginləşir. SOCAR və “PetroVietnam” arasında əldə edilmiş razılaşmalar enerji resurslarının işlənilməsi, peşəkar təcrübə mübadiləsi və insan kapitalının inkişafı baxımından əhəmiyyətlidir. Bununla yanaşı, yaşıl enerji sahəsində yeni təşəbbüslər tərəfdaşlığın müasir çağırışlara uyğunlaşdırılmasına imkan verir.

Prezident İlham Əliyevlə Vyetnam Prezidenti To Lam arasında keçirilən görüş ikitərəfli əlaqələrin siyasi əsaslarının möhkəmləndirilməsi baxımından da diqqətəlayiqdir. Vyetnam tərəfinin Azərbaycanın inkişafına, beynəlxalq nüfuzuna və regional mövqeyinə verdiyi qiymət ölkələr arasında qarşılıqlı etimadın göstəricisidir. Tarixi dostluq münasibətlərinin yüksək səviyyədə qorunması isə gələcək əməkdaşlığın davamlılığı üçün mühüm amildir.

Bu gün Azərbaycan və Vyetnam qarşısında duran əsas vəzifə strateji tərəfdaşlığın yaratdığı imkanlardan maksimum istifadə etməkdir. Sənaye, energetika, kənd təsərrüfatı, investisiya, ticarət və nəqliyyat sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi münasibətlərin praktiki nəticələrini daha da gücləndirə bilər.

Prezident İlham Əliyevin Vyetnama səfəri Azərbaycanın Asiya istiqamətində əməkdaşlıq siyasətinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bakı ilə Hanoy arasında möhkəmlənən tərəfdaşlıq tarixi dostluğun üzərində qurulan və gələcəyə hesablanan qarşılıqlı faydalı əməkdaşlıq modelidir.

 

İsa Məmmədov

YAP Babək rayon təşkilatının sədri