Biləsuvar rayonunda YAP-ın təsis edilməsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

 

Noyabr ayının 20-də Biləsuvar rayonunda Yeni Azərbaycan Partiyasının təsis olunmasının  34-cü ildönümünə ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə Rayon mərkəzində Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Çay süfrəsi arxasında davam edən tədbirdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli, ərazi partiya təşkilat sədrləri və və rayon ictimayyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin və dünyasını dəyişmiş partiya üzvlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan söhbət açıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən dövr ərzində ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi ilə yaradılan partiyanın ötən 34 il ərzində böyük inkişaf yolu keçməklə Azərbaycanın siyasi həyatında aparıcı qüvvəyə çevrildiyini qeyd edən Kamil Qurbanlı bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atıldığını vurğuladı. Natiq YAP-ın təkcə siyasi təşkilat deyil, həm də xalqın iradəsini, dövlətçilik ideyalarını və gələcəyə olan inamını təcəssüm etdirən güclü ictimai-siyasi qüvvə olduğunu bildirdi. Partiyanın VIII Qurultayından söz açaraq, bu Qurultayın tarixi əhəmiyyəti və cənab Prezidentin Qurultaydakı nitqindən irəli gələn məsələlərin həllindən ötrü hər bir partiya üzvünün üzərinə düşən məsuliyyətdən danışdı.

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azər Cəfərli Yeni Azərbaycan Partiyasının 34 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyətinin Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən etdiyini bildirib. O,vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artmışdır.

Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, partiya fəalları Rüstəm Əliyev, Bəhruz Əliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanımızın dünəninə, bu gününə və gələcəyinə xidmət edən bir partiya olduğundan, partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək, öz siyasi həmfikirlərini təbrik ediblər və onlara uğurlar arzulayıblar.

Sonra YAP Biləsuvar rayon təşkilatı qarşısındakı xidmətlərinə görə 2026-cı ildə yubiley yaşı tamam olmuş ərazi partiya təşkilat sədrlərinə fəxri fərman və hədiyyələr təqdim edilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və iştirakçlarla xatirə şəkli çəkilib.