Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müasir siyasi tarixində milli dövlətçilik və inkişaf yolunun əsasını qoyan tarixi hadisədir.
1992-ci il Azərbaycan üçün dərin siyasi qarşıdurma və idarəetmə böhranı ilə səciyyələnirdi. Qarabağda vəziyyət getdikcə ağırlaşır, sosial-iqtisadi tənəzzül dərinləşirdi. Mövcud iqtidar milli maraqların təmin olunmasında aciz qalır, cəmiyyətin müxtəlif təbəqələri arasında narazılıq artırdı. Belə mürəkkəb şəraitdə müxtəlif bölgələrdən olan ziyalılar, ictimai-siyasi xadimlər və dövlətçilik tərəfdarları ölkəni düşdüyü ağır vəziyyətdən çıxara biləcək yeni siyasi qüvvənin yaradılmasını zəruri hesab edirdilər. Bu məqsədlə 91 nəfər tanınmış ziyalının imzası ilə Ümummilli Lider Heydər Əliyevə müraciət ünvanlandı. Müraciət geniş ictimai dəstək qazandı və yeni siyasi təşkilatın yaradılması istiqamətində mühüm addım oldu.
1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfrans iştirakçıları ölkənin ağır vəziyyətdən çıxarılması, milli dövlətçiliyin qorunması və siyasi sabitliyin təmin edilməsi üçün xalqın etimadını qazanmış, siyasi iradəyə və təşkilatçılıq bacarığına malik liderin rəhbərliyinə ehtiyac olduğunu vurğuladılar. Bu baxımdan Heydər Əliyevin partiyanın sədri seçilməsi tarixi zərurət kimi qiymətləndirildi. Beləliklə, Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçildi. Bu hadisə Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətçiliyin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və sosial-iqtisadi inkişaf istiqamətində mühüm addımlar atmağa başladı. Onun rəhbərliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyası da ölkənin gələcək inkişaf strategiyasının formalaşdırılmasında aparıcı siyasi qüvvə kimi çıxış etdi. Partiya milli həmrəyliyin möhkəmləndirilməsinə, müstəqil dövlət quruculuğunun inkişafına və siyasi sabitliyin təmin olunmasına mühüm töhfələr verdi. Eyni zamanda, demokratik siyasi mədəniyyətin formalaşması, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində yeni siyasi ənənələrin yaranmasına zəmin yaratdı.
Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən yalnız siyasi təşkilat kimi deyil, milli birlik, sabitlik və müstəqil dövlətçilik ideyalarını özündə birləşdirən siyasi hərəkat kimi fəaliyyət göstərmişdir. Qısa müddətdə cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilən partiya Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində mühüm rol oynamışdır. Bu baxımdan YAP-ın yaranması sadəcə siyasi təşkilatlanma deyil, ölkənin gələcəyinə məsuliyyətlə yanaşan insanların tarixi seçiminin və siyasi iradəsinin təzahürü kimi qiymətləndirilməlidir.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə həyata keçirilən islahatlar, eləcə də strateji layihələr Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində müstəsna əhəmiyyət daşıdı. 1994-cü ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi inkişafında və beynəlxalq mövqeyinin güclənməsində yeni mərhələnin əsasını qoydu. 1995-ci ilin noyabrında müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi hüquqi dövlət quruculuğunun təməlini möhkəmləndirdi. 1998-ci ildə ölüm hökmünün ləğv edilməsi insan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm tarixi addım oldu. Həmin dövrdə aqrar islahatların həyata keçirilməsi, iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsi də ölkənin sosial-iqtisadi tərəqqisinə xidmət etdi.
Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi də Heydər Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas istiqamətlərindən biri idi. 2001-ci ilin yanvarında ölkəmizin Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi beynəlxalq əlaqələrin genişlənməsi baxımından mühüm hadisə oldu. Bununla yanaşı, Bakı–Tbilisi–Ceyhan və Bakı–Supsa neft kəmərləri kimi strateji enerji layihələrinin reallaşdırılması Azərbaycanın dünya enerji bazarındakı mövqeyini gücləndirdi. Tarixi İpək Yolunun bərpası, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi, dəmir yollarının və avtomobil magistrallarının inkişafı ölkəmizin beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə mühüm töhfə verdi.
Yeni Azərbaycan Partiyasının hər bir qurultayı ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli hadisə olmuşdur. 2005-ci il martın 26-da keçirilən III qurultay isə partiyanın siyasi tarixində xüsusi yer tutur. Həmin qurultayda Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildi. Onun rəhbərliyi ilə partiyanın fəaliyyəti yeni mərhələyə qədəm qoydu, təşkilati strukturu və ictimai-siyasi fəaliyyəti daha da genişləndi.
Bu gün Yeni Azərbaycan Partiyasının fəaliyyəti milli maraqların qorunması, qanunun aliliyinin təmin edilməsi və dövlətçiliyin möhkəmləndirilməsi prinsiplərinə əsaslanır. Partiyanın strateji hədəfləri sırasında güclü iqtisadiyyatın qurulması, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin və mədəni irsin qorunması, eləcə də işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması mühüm yer tutur. Eyni zamanda, partiya beynəlxalq siyasi əlaqələr çərçivəsində Azərbaycanın milli maraqlarının müdafiəsinə xüsusi diqqət yetirir.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın bütün sahələrdə inkişafına və beynəlxalq mövqeyinin güclənməsinə şərait yaratmışdır. Bu prosesdə Yeni Azərbaycan Partiyası da mühüm siyasi qüvvə kimi çıxış edir. Partiya üzvlərinin əhəmiyyətli hissəsini təşkil edən gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətçilik ənənələrinin qorunmasına və inkişafına öz töhfələrini verirlər.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin sonrakı illərdə uğurla davam etdirilməsi Azərbaycanın hərbi qüdrətinin artmasına və tarixi Zəfərin əldə olunmasına zəmin yaratdı. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünün böyük hissəsini bərpa etdi və Ermənistanın təxminən 30 il davam edən işğalına son qoyulması istiqamətində həlledici uğur qazandı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi bütün ərazisində tam bərpa edildi. Azərbaycan xalqı bu tarixi hadisələrlə öz adını qalib xalq kimi tarixə yazdırdı.
2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII qurultayı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu yeni geosiyasi şəraitdə partiyanın qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışı YAP-ın gələcək fəaliyyətinin prioritetlərini və Azərbaycanın yeni inkişaf mərhələsinə uyğun siyasi hədəflərini bir daha müəyyənləşdirdi.
VIII qurultay bir daha nümayiş etdirdi ki, Yeni Azərbaycan Partiyası sülh, sabitlik, tolerantlıq, multikulturalizm və ümumbəşəri dəyərləri fəaliyyətində əsas tutan, müxtəlif xalqlar arasında dostluq və qardaşlığı, dinlər və mədəniyyətlər arasında dialoqu dəstəkləyən siyasi təşkilatdır. Tarixi ənənələrlə müasir inkişaf çağırışlarını uzlaşdıran partiya Azərbaycanın ictimai-siyasi həyatında mühüm mövqeyə malikdir. YAP bu gün Cənubi Qafqazın ən böyük siyasi təşkilatlarından biri kimi fəaliyyət göstərir. Ölkəmizin əldə etdiyi nailiyyətlərdə partiyanın və onun üzvlərinin də mühüm rolu vardır. Partiya üzvləri dövlət idarəçiliyindən iqtisadiyyata, təhsildən mədəniyyətə qədər müxtəlif sahələrdə ölkəmizin inkişafına töhfə verirlər.
Əminliklə demək olar ki, 1992-ci il noyabrın 21-də əsası qoyulan Yeni Azərbaycan Partiyası ölkəmizin müasir siyasi salnaməsinin ən mühüm səhifələrindən biri kimi daim xatırlanacaqdır. Yarandığı gündən milli dövlətçilik, siyasi sabitlik və xalq həmrəyliyi ideyalarına söykənən partiya Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında və inkişafında mühüm rol oynamışdır. Ötən dövr ərzində YAP ölkəmizin əldə etdiyi nailiyyətlərin və tarixi qələbələrin siyasi iştirakçılarından biri olmuşdur. İnanırıq ki, partiya bundan sonra da Azərbaycanın daha da güclənməsinə, inkişafına və yeni uğurlar qazanmasına xidmət edəcəkdir.
Ayaz Quliyev
YAP Xızı rayon təşkilatının sədri