Azərbaycanın çoxvektorlu xarici siyasətində Cənub-Şərqi Asiya istiqaməti, xüsusilə də Vyetnamla münasibətlər təkcə diplomatik protokol qaydaları ilə deyil, onilliklərin sınağından çıxmış səmimi dostluq ənənələri ilə səciyyələnir. Prezident İlham Əliyevin noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasındakı əlaqələrin hansı dərin köklərə dayandığını və bu tarixi irsin bu gün necə konkret iqtisadi-strateji layihələrə çevrildiyini aydın göstərir.
Hələ 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri ilə əsası qoyulan və 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin Vyetnama tarixi səfəri ilə möhkəmlənən münasibətlər bu gün tamamilə yeni geosiyasi müstəvidə inkişaf edir. Xüsusilə ötən il Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətlərimizi ən yüksək siyasi səviyyəyə qaldırdı. Azərbaycan Vyetnamın beynəlxalq platformalarda, o cümlədən 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi ədalətli dəstəyi daim yüksək qiymətləndirir. Öz növbəsində, ölkəmizin “Yaqi” fırtınası və daşqınlar zamanı dost Vyetnam xalqının yanında olması bu tərəfdaşlığın sarsılmaz mənəvi dayağını təsdiqləyir.
Yüksək siyasi etimad isə təbii olaraq iqtisadi əməkdaşlığa güclü təkan verir. Dövlət başçısının müsahibəsində diqqət çəkdiyi kimi, iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon dolları ötməsi qarşılıqlı iqtisadi maraqların real göstəricisidir. Bununla belə, mövcud potensial bu rəqəmlərin daha da artmasına imkan yaradır. Energetika sektorunda SOCAR ilə “PetroVietnam” arasındakı səmərəli tərəfdaşlıqla yanaşı, “ROX Group”un Azərbaycanda investisiya və yaşıl enerji layihələrinə göstərdiyi maraq iqtisadi əlaqələrin şaxələndiyini nümayiş etdirir.
Müasir dövrdə ikitərəfli əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri də nəqliyyat-logistika sahəsidir. Cari ilin yanvar–sentyabr aylarında ölkələrimiz arasında tranzit daşımalarının təxminən altı dəfə artaraq 8 min tonu keçməsi bu sahədəki müsbət dinamikanın əyani sübutudur. Azərbaycanın yaratdığı müasir nəqliyyat infrastrukturu, xüsusilə Orta Dəhliz və “Şimal-Cənub” beynəlxalq marşrutları Vyetnam məhsullarının Avropa bazarlarına və əks istiqamətdə yüklərin operativ daşınması üçün əlverişli imkanlar açır. Bu logistik inteqrasiya Azərbaycanın Avrasiyanın mühüm tranzit qovşağı kimi mövqeyini möhkəmləndirməklə bərabər, hər iki ölkəyə əlavə iqtisadi dividendlər qazandırır.
Bütün bu nailiyyətlər fonunda Prezident İlham Əliyevin noyabrın 19–21-də Vyetnama rəsmi səfəri ikitərəfli münasibətlərin gələcək gündəliyini müəyyənləşdirən mühüm siyasi hadisə kimi yadda qaldı. Dövlət başçısının səfər ərəfəsində ifadə etdiyi “Dost Vyetnama səfərim əminəm ki, Azərbaycan və Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində daha bir mühüm addım olacaq” fikri aparılan yüksək səviyyəli danışıqlar və imzalanan sənədlərlə öz real təsdiqini tapdı.
Uzaq məsafələrə baxmayaraq, ortaq dəyərlər və qarşılıqlı hörmət üzərində qurulan Azərbaycan–Vyetnam tərəfdaşlığı bu gün həm Cənubi Qafqaz, həm də Cənub-Şərqi Asiya regionları arasında etibarlı əməkdaşlıq körpüsü rolunu oynayır. Tarixi yaddaşdan güc alan bu dostluq siyasi iradə və konkret iqtisadi layihələrlə zənginləşərək hər iki xalqın rifahına və davamlı tərəqqisinə xidmət edir.
Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri